Tuesday, January 6, 2009

Özgəlik Dərdi

Özgəlik Dərdi
Kəsilmişəm, sağalıb-toxtayan yaram deyil,
Gileyli könlümə bu çeşmə iltiyam deyil.
Sizin gözəlləriniz xoş gülür, şirin danışır,
Kəmal-hüsndə öz sevgili sonam deyil.
Könül sevinməsə, məclis nədir, şərab nədir,
Bu badələr mənə yaddır, bu cam o cam deyil.
Yaxınlaşan səsi hər an üfüqdə çalğıların,
Sinəmdə bəslədiyim şanlı bir muğam deyil.
Ocaq sönür, qara tufan yetir, toran qovuşur,
Dayansa kim belə sərt imtihanda, xam deyil.
Dolaylarında həyatın çaşıb düşüncələrim,
Yanılmışam, qara qarğışdı bu, kəlam deyil.
Tükəndi səbr-qərarım, deşildi qayğılarım,
İnam yaman günə tablaşmasa, inam deyil.
Tehran, Yanvar 1995


İntizar

Doğunca şanlı yəqin ulduzum, gumanda məhv oldum,
Üzüldüm ox kimi yaydan, gedib dumanda məhv oldum.
Dolaşdı sinəmə bir bəlli iştiyaq zəmzəməsi,
Sevinc nəğməsi tək nazilib, kamanda məhv oldum.
Sənin qucağına şıltaq düşüncələrlə çatmışdım,
O dil-dodağa bir addım qalan zamanda məhv oldum.
Qədəh kimin ayağın nazik idi, incə, bel-budağın,
Yazın ziyafəti qoynunda başlayanda məhv oldum.
Nə söndü məndə təmənna, nə gözlərində qəmzə sənin,
Bilən bilir, necə dözdüm, son imtihanda məhv oldum.
Düşəndə kərvanımın səmti sevginin ipək yoluna,
Dağıldı çöllərə ətləs yüküm, talanda məhv oldum.
Bu eşqdən mənə ancaq nəsib olan o körpüydü,
O yanda qaldı baharım-bağım, bu yanda məhv oldum.
Bu canı mən qorumaq niyyətində olmadım heç vaxt,
Həyata vardım o saət ki, sən baxanda məhv oldum.
Tehran, Mart 1995

Ötən Zəmanə

Sevinc dalğası, çırpınma, yarı dinləsin könlüm,
Ömür bağındakı bir gül’üzarı dinləsin könlüm.
Çiçəklər açdı, şanım, şövkətim, səadətim doğdu,
Yürütmə şaxtanı, qoy növbaharı dinləsin könlüm.
Qaranlığın sinəsindən coşur düşüncə-duyğularım,
Tələsmə şanlı günəş, qoy nigarı dinləsin könlüm.
Şəhər-şəhər səni mən izlədim nağıl diyarında,
Qazağı, Gürcünü, Türkü, Tatarı dinləsin könlüm.
Dirəşmişəm qara tufanlarilə, yarmışam dumanı,
Ötən zəmanədə bir cuybarı dinləsin könlüm.
Köçürlər indi yaşıl yurda dəstə-dəstə durnalarım,
O incə bel-budağı, şaxsarı dinləsin könlüm.
Həyatın izdihamından gətirmişəm bir incə qəzəl,
Götür piyaləni, çeşmi-xumarı dinləsin könlüm.
Tehran, Mart 1995


Qayğıların Başdan Aşan Və’dəsi

Bundan əvvəl, gözəlim, mən dəli-divanə idim,
Çəkdilər zəncirə hər yarilə əğyar məni,
İllər ötdükcə kəmalatilə biganə idim,
İncə bel, sərv boyun eylədi hüşyar məni.

Yağı tək ellərə-oymaqlara ün salmışdım,
Ildırımlar kimi zulmətdən aman almışdım,
Vurulan gündən özümdən əl üzüb qalmışdım,
Qoydu ceyran duruşun gör necə naçar məni.

Gah quduz sel kimi göy düzlərə dağdan enirəm,
Gah düşüb çovğuna qorxunc gədiklər dönürəm,
Vaxt olur, şaxtada yorğun bir ocaq tək sönürəm,
Qoy sınaqdan sınağa çəkdirə ilqar məni.

Durma, gəl, qayğıların başdan aşan və’dəsidir,
Könlünün könlümə artıq dolaşan və’dəsidir,
Eşq ocağında bu canın alışan və’dəsidir,
İçərimdən həvəsin közləri dağlar məni.
Tehran, Aprel 1995


Vəsvəsə

Daraşıb könlümə bir arzu ki, peymanə başlasın,
Mutlu bir rəqsə səninlə yenə məstanə başlasın.
Gəl otur, söhbət açaq istəyimizdən, zəmanədən,
Gecə qoynunda xumar gözlərin əfsanə başlasın.
Incə bir mahnı nə xoşdur ki, mənim türfə sevgilim,
Durub öz aşiqinə nazlana- nazlanə başlasın.
Qara zülfün, gözəlim, qoyma dağılsın yanağına,
Gəlməyə bəlkə bu baş bir daha samanə başlasın.
Ay kimi sən də bulud pərdələrində əyanə çıx,
Yenə könlüm o təmaşanı şirin canə başlasın.
Qorxuram böylə baxışlarla pozulsun dəyanətim,
Həvəsin közləri daşlanmağa hər yanə başlasın.
Az qalır taqəti- səbri tükənə indi şairin,
Ötüşən dəhrdə kam almağı rindanə başlasın.
Tehran, Aprel 1995


Vals

Daraşdı könlümə bir nazənin nigar, gör nə gülür,
Yaman bu ölkəni dartır diyar-diyar, gör nə gülür.
Süzüb gəlir, yol açır, sankı bir maraldı, bağda gəzir,
Onun yerişləri məndən də biqərar, gör nə gülür.
Saçında sevgilimin sovrulur sevinc dalğalarım,
Olubdu gözləri son badədən xumar, gör nə gülür.
O yan baxışları süzdükcə min xəyal rəqsə durur,
Gəl eylə könlümü qarət, olub nəzar, gör nə gülür.
Dumanlı gözləri könlümlə arzudan nağıl danışır,
Canımda qoydu nə taqət, nə iqtidar, gör nə gülür.
Səsimdə titrədi bir bəlli iştiyaq zəmzəməsi,
Bilir, sevənləri durmuş qatar-qatar, gör nə gülür.
Dodaqlarında günəşdən, üzündə yaz nişanəsi var,
Qucaqda sankı gətirmişdi növbahar, gör nə gülür.
Yetər zəmanəsi, Rəfrəf, bu rəqsi bir də başlayasan,
O şux yerişlərə olmuş baxan xumar, gör nə gülür.
Tehran, Aprel 1995



Fizuli Haqqında

O çağların səsi sarsılmadan müdam ucalır,
Axar sularca təravətli bir muğam ucalır.
Dərinliyində durub tarixin, nə xoş danışır,
Üzündə sevgi gülərkən, əlində cam ucalır.
Səsində sankı bütün kainat vird oxuyur,
Sükut qafiləsindən qəfil kəlam ucalır.
Sözündə bir çağırış ləhni var münacatə,
Bu hansı sehrli səsdir, nədən müdam ucalır?
Əlində lövhə, mələklər köçür zəmanəmizə,
Qaranlığın sinəsindən nə izdiham ucalır.
Fələkdə fırtına var sankı, daim ulduz axır,
Buludlu göydə baxırsan, məhi-təmam ucalır.
Düşəndən o dəli sevdayə afiyət ummaz,
Dodaqlarında bütün aləmə səlam ucalır.
Elin dilində qəzəl yazdı, lövhələr düzdü,
Odur ki, şöhrəti hər gün edir dəvam, ucalır.
Tehran, May 1995


İzdiham

Bütün aləmdə ziyafət qurulub, ellər atlanır,
Gözəlin seyrinə, sevdasına məhfillər atlanır.
Gündoğandan yenə bu yurda çatır ellərin səsi,
Səhər olcaq yan alır yüz gəmi, sahillər atlanır.
Dörd tərəfdən bu yaşıllıqlara bir dəstə qız gəlir,
Meh əsir kövşənimizdən, sarı sünbüllər atlanır.
Ulu dağlardan ozanlar baş alıb, əldə saz gəlir,
Sənin eşqində qəzəl söyləməyə dillər atlanır.
Sən çıxırsan dəli ceyran kimi könlümdə seyrana,
Sənə “mehman,” – deyə yollardakı mənzillər atlanır.
Bir həqiqət kimi çılğın danışır şux baxışların,
Haqda məhv olmağa sinəmdəki batillər atlanır.
Bu sevinc az qala bir od kimi yaxmışdı Rəfrəfi,
Onu söndürməyə neysan qovuşur, sellər atlanır.
Tehran, İyun 1995


Ağıla Qarşı Çıxanlara Müraciət

Qulaq as zulmətə, dövranda nə fitrətdir bu?
Sovuşub mö’cuzələr, sizdə nə heyrətdir bu?
Gəlir övham səsi taq ilə eyvanından,
Dönüb əfsanəyə, bir köhnə imarətdir bu.
Çürümüş pəncərələrdən qara zülmət görünür,
Aləmin seyrinə artıq nə bəsirətdir bu?
Sanma, aydınlığa məş’əldi qaranlıq yolda,
Ya ki, mə’na çözəcək bir ulu fikrətdir bu.
Əql kərvanı çatır Ülkərə, Kərvanqırana,
Hər zaman yoldakı çaşqınlara ibrətdir bu.
Çox uzaqlarda deyil fikrimizin afiyəti,
O yaşıl düzlərə çatmağa bəşarətdir bu.
Durma gəl, Rəfrəfi bas bağrına, könlün al ələ,
Çox zamandır, o xumar gözlərə həsrətdir bu.
Tehran, İyul 1995


Gözlərin

Səni bir ömür boyu gözlədim, yetə çarə ta qıla gözlərin,
Mənə mutlu ömr ola, ya səadətə bir nişan ola gözlərin.
Mən o şux baxışlara aldanıb, budanıb-talanmağa gəlmişəm,
Bu zəmanə bəlkə ötüb-keçə, mənə meylini sala gözlərin.
O sevimli canına kim qıyıb, sənə badə kim bu qədər verib,
Dağılıb yanağına tellərin, kim edib xumar ala gözlərin?
Yaz olur, çiçəklər açır-solur, mənim incə duyğularım coşur,
Geyinir nə donlara yurdumuz, düşür indi min hala gözlərin.
Bizim ellərin köçü başlanır, qalacaq zəmanədə izlərim,
Məni saldı dağlara-daşlara, özü gəlmədən yola gözlərin.
Yaralar sağalsa da, sevgilim, məni arzular buraxan deyil,
Bu sayaq ki, könlümü dindirir, umaram ki, can ala gözlərin.
Günəşin çaparları dəstə-dəstə çatır bu şanlı güneylərə,
Obaları göy vətənim kimin təki bəxtiyar ola gözlərin.
Tehran, İyul 1995


Qəflət

Günəş aləmlərə altın sovuran vaxt uyudum,
Mutlu bir eşqin ocağı qızaran vaxt uyudum.
Yaz gəlib-keçdi, gülün söhbətini dinləmədim,
Gülşənin qol-budağın şaxta qıran vaxt uyudum.
Bir cəmaət qayalar çapmağa qurşanmışdı,
Qalalar tikməyə palçıq yoğuran vaxt uyudum.
Ellər atlandı, bütün aləmi üsyan bürüdü,
Qoç iyidlər dirəşib, cəbhə yaran vaxt uyudum.
Qara tel, al yanağın, incə belin, sərv boyun,
Bir səadət kimi qarşımda duran vaxt uyudum.
Bir zamanlar mənə qıymışdın amansız yaralar,
Gözlərin ülfətə, ünsə çağıran vaxt uyudum.
Sən ki, bir Rəfrəfi illər boyu dindirməzdin,
Sarılıb könlümə, yüz sorğu soran vaxt uyudum.
Tehran, İyul 1995


Ozanlı Körpü

Səni duyğularda soraqlaşıb,baharilə ulduza çatmışam,
Usanıb, canımdan əl üzmüşəm, o sevimli cana can atmışam.
Qalıram şəmatətə xalq içində səninlə dil qonuşan zaman,
Ala gözlərin məni dinləsin deyə yüz işarə yaratmışam.
Nə gözəl zəmanəyə düşdü sevgimizin uğurlu qəbiləsi,
Obalar sevincimə səs verir, səsimi haraylara qatmışam.
Gah olub yatanları, bir qəpik pula bu həyatı satanları,
Dəli bir çığırtıya çevrilib, qara qəflətindən oyatmışam.
Qayaları boz Savalan kimin başımın dumanları sıxlaşır,
Sinəm üstə fırtınalar gəzir, nə dərin fikirlərə batmışam.
Ucalanda dəhrə günəş sabah, yenə bəxtiyar olacaq könül,
Mən ozanlı körpünü görmüşəm, mən ışıq bulağına çatmışam.
Yenə sahilim duman oldu, gəl, yenə halətim yaman oldu, gəl,
Ürəyimdə Rəfrəfi səndən ötrü zəmanələrdə yaşatmışam.
Tehran, Avqust 1995


Nisgil

Bütün zəmanədə səndən nişan dilərdi könül,
Sevin desən, sevinər, gül desən, gülərdi könül.
Nə şaxtalar kiridib, çəkdi imtihana məni,
Yazın nəfəsləri gəldikdə dirçələrdi könül.
Diyar-diyar ziyafət quranda çöldə günəş,
Bulaq başında dodaqlarını dilərdi könül.
Yadındamı, nə özümdə, nə də sözümdəydim?
Zaman-zaman dəli sevdayə çevrilərdi könül?
Işıq sönüncə, bu aləm düşüncə uyqulara,
Səninlə yastığa baş qoysa, dincələrdi könül.
Yağışlı bir gecə qoynunda dinləyib sözünü,
Xumar gözündən axan yaşları silərdi könül.
Qəzəllərimdə gəzən bir gözəl qəzalə idin,
Dalınca yaylağa, oylağa çox gələrdi könül.
Tehran, Avqust 1995


İncə Məxluq

Bahar olcaq çəmənlikdə durmuşdu,
Duruş nazik, yeriş nazik, tel nazik.
Cəvan könlümdə yanğınlar düşmüşdü,
Yanaqlar bir təravətli gül nazik.
Dərib yığmışdı bir əlçim nilufər,
Budaq nazik, bilək nazik, əl nazik.
Başım sevdalı, könlüm qurşanmışdı,
Boyun nazik, bədən nazik, qol nazik.
Canımdan bir həvəs baş qaldırmışdı,
Qucaq nazik, böyür nazik, bel nazik.
Gülüb dilləndi, xoş dövran başlandı,
Gülüş nazik, dodaq nazik, dil nazik.
Aşıqlar incəlikdən söhbət söylər,
Nə hekmətlər bilərmişlər qıl nazik.
Tehran, dekabr 1995


Gözüyoldalıq

Nə xoş gülər üzü aləmdə bəxtiyar olanın,
Sənin kimin başı sevdalı bir nigar olanın.
Gözüm yolunda, qulağım səsindədir hər an,
Düşüb qalanları eşqində bir diyar olanın.
Yaman günündə yetər hansı dostu, canyananı,
Mənim kimin el içində bie’tibar olanın.
Çıxanda seyrə nə bilsin, kiminlə var nəzəri,
Yol üstə gözləyən aşıq qatar-qatar olanın.
Nəfəslərində könül bağının baharı gülər,
Yanaqlarında qızıl gül, qucaqda nar olanın.
Bir əncümən yenə sərxoş qalıb şirin dilinə,
Yetince badə dodaqlarına xumar olanın.
Tökülsə qanı rəvadır, cəvan ikən, Rəfrəf,
Sənin kimin həvəsindən qabar-qabar olanın.
Tehran, Avqust 1995

No comments:

 
Site Meter Site Meter