Tuesday, January 6, 2009

Acılar

Acılar
Ömr bir qurbətdi, zülmət yolları kərvan dolu,
Vur-döyüş, qalxan-qılıc fəryad ilə dövran dolu.
Dizlərim qançır, zaman çılğın, tükənmiş taqətim,
Yağılar qarşımda səf çəkmişdilər meydan dolu.
Ulduz axmışdı, bütün afaqı tutmuşdu qəhər,
Mən dayanmışdım o tufanlarda, gözlər qan dolu.
Mən də bu dağlar kimi qoynumda tarix bəslədim,
Sinəsi hər sıldırım, hər sal daşın dəstan dolu.
Çox dolandım izdiham içrə, səfil, qürbətləri,
Gündüz ikən gözlərim yorğun, sözüm həzyan dolu.
Getdi yar-yoldaşım əldən, canyananım qalmadı,
Odlu bir çox imtihanlar ilə bu dövran dolu.
Hansı bir tutqun könüldən xoş qəzəllər dillənər?
Sorma Rəfrəf, nisgilimdən, yazmışam divan dolu.
Tehran, Mart 1998



Heydər Babanı Dillərə Salan Şairə Alqış

(Şəhryar Haqqında)
Qayalar durar ikən öz yerində ömür-günüm sel olub gedir,
Dolanır fələk, tələsən zəmanədə aylarım il olub gedir.
Gərək insanın qala bir izi boşalıb-dolan qoca dünyada,
Kimi bu zəmanədə məhv olub, kimi şanlı bir el olub gedir.
Yaşasın görüm duru sevgi ilə həqiqəti yazan əlləri,
Hamı sən gətirdiyin o təriqətə indi mayil olub gedir.
Hamı səf çəkib, sənin “Ildırım” dediyin o ayəti seyr edir,
Bərəkət yağışları damla-damla zəmanədə sel olub gedir.
Işığında bu əməyin ucaldı şərəflə şövkətimiz bizim,
Bir elin qaranlıq içində məş’əli bu gözəl dil olub gedir.
Üzüləndə köhnə yəqinimiz bizə sən səadəti payladın,
Hamı qol qoyub, hamı and içib, bu yəqinə qail olub gedir.
Yenə Rəfrəfin sinəsində odlu sevinc dalğası çırpınır,
Çəkilir duman, kədərim üfüqlərə sovrulub, yel olub gedir.
Tehran, Aprel 1998


Amandır yet

Əsən tufanda varlıq tar-mar olmuş, amandır yet,
Mənə yoldaş nə bir özgə, nə yar olmuş, amandır yet.
Özün məş’əl gətir, çoxdan bu məşriqlər günəşsizdir,
Qaranlıq qarşıda hündür divar olmuş, amandır yet.
Bir oddan başqa, söylə, ömrdən hansı nəsibim var?
Sükut içrə dözən könlüm yanar olmuş, amandır yet.
Sinəmdə çırpınan bu hissi bir tədbir ilən toxtat,
Mənə divan tutan bu qayğılar olmuş, amandır yet.
Düşüb tufana bir yarpaq kimin gəzdim bu dövranı,
Soyuq qürbət zamansız bir diyar olmuş, amandır yet.
Necə bu izdiham içrə mənim yorğun səsim dinsin?
Qopan haylar üfüqdə bir hasar olmuş, amandır yet.
Nə bir alqış dilim söylər, nə bir sevda duyar könlüm,
Ömür son bilməyən bir intizar olmuş, amandır yet.
Deməzlər Rəfrəf incikdir həyatın macərasından,
Öz əhdin cümlə insanlar danar olmuş, amandır yet.
Tehran, May 1998


Nə Üçün Ağladın?

Ey sevənləri bir qatar olan, nə üçün ağladın?
İncilər gözündən damar olan, nə üçün ağladın?
Dərdə kim salıb ağ sinəndəki incə könlünü?
Qəlbi qüssədən ey yanar olan, nə üçün ağladın?
Ey könül könüldən dönən bu çaşqın zəmanədə,
Eşq mülkünə şəhryar olan, nə üçün ağladın?
Səltənət sənin, istəsən yarat, yoxsa məhv elə,
Yoxdan ey bu aləmdə var olan, nə üçün ağladın?
Könlü mübtəla, yol boyunca durmuş sevənləri,
Bir gülüşdən ey bəxtiyar olan, nə üçün ağladın?
Söhbətində ey kəlmə söyləmək mümkün olmayan,
Ey xumar gözün sözqanar olan, nə üçün ağladın?
Ey cəvan səsi mahnılar ilən səsləşən gözəl,
Munisi kəman ilə tar olan, nə üçün ağladın?
Yeddi bir dəyirmanda yox mənim bir ovuc unum,
Ey mənə bu dövranda yar olan, nə üçün ağladın?
Tehran, Avqust 1998



Öygü

Od yarıldı, od içindən yəni dövranı yaratdın,
Sevgi duymaqdan ötür fitrət ilən canı yaratdın.
Qor töküb, aləmi yandırmağa parlaq günəş oldun,
Eşqi, göz yaşını, canlardakı sevdanı yaratdın.
Sən həqiqətləri pozdun, yeni mizanları qurdun,
Əqli çaşdırmağa sehr ilə müəmmanı yaratdın.
Böylə adət yox idi, sən bu yaman dəbləri qoydun,
Şux baxan gözləri, dövrandakı yəğmanı yaratdın.
Çırpınan hər könülün istəyi, amalı sən oldun,
Tökülən yetmiş iki millət ara qanı yaratdın.
Qocaman dağları, dağlardan aşan xoş xəbəri,
Elçini, əldəki məktub ilə tuğranı yaratdın.
Rəfrəfin gör necə dildən-dilə ad-sanı düşübdür,
Sən o zülmətlər içindən bu təcəllanı yaratdın.
Tehran, Noyabr 1998



Yalan

Bu əhd ilə dövran ilə afaq yalandır,
Bu həndəsə, bu həcmlə bu taq yalandır.
Atların ayaq səsləri ilə çığırışlar,
Əllərdəki qalxan ilə mizraq yalandır.
Bu sərgi, bu düzgü, bu qurultay, bu heyrət,
Bu şanlı ziafətlə bu misaq yalandır.
Ayət sizə göylərdəki ulduzla günəşdir,
Tarix yaşadan yoxsa bu torpaq yalandır?
Əfsanədi bu sevgi, bu gözlərdəki yaşlar,
Bu andla ilqar ilə üşşaq yalandır.
Tək doğru əgər var isə aldanmağımızdır,
Bu köhnə rəvayətlə bu övraq yalandır.
Rəfrəf, nə üçün hər gözəlin fe`linə uydun?
Bu sevgi, bu həsrət, bu alışmaq yalandır.
Tehran, Mart 1999


Qayıdış

Haydı bu qapları açın, əldə çiraq gəlmişəm,
Şairəm, öz elimdən ilham alaraq gəlmişəm.
Könldəki sevincimi sizlərə paylayım deyə,
əski zəmanədən bura dildə soraq gəlmişəm.
Məndəki iştiyaq bir yanqın olur yavaş- yavaş,
Qətrələrim tükənmədə, dilim quraq gəlmişəm.
Məsləkim eşqdir mənim, qanımı hər zaman tökün,
Əldə varımdır nə qılıc, nə bir yaraq gəlmişəm.
Dumanlı dağları aşan o gözlənilməz xəbərəm,
Mürgüləyən çöllərə mən səs salaraq gəlmişəm.
Ayaqlarım qançır olub, taqəti yox dizlərimin,
Yolda nə mənzil etmişəm, nə bir duraq gəlmişəm.
Əldəki məş`əlləriniz zəmanələrdə sönməsin,
Qaranlıq olsun deyə sizlərdən iraq gəlmişəm.
Tehran, Mart 1999



Göy Üzü Qəzəli

Şaxır ıldırım, göy üzü yanar olacaq qədər,
Dözürəm, içimdəki od mahar olacaq qədər.
Bir ömür zəmanədə mən həqiqəti səslədim,
Çağıran səsim uca bir haray olacaq qədər.
Səni bu gecə, yeri var, şərab ilə bəsləyəm,
Ala gözlərin yorulub xumar olacaq qədər.
Sənə eşqi anladacağıma yaramaz dilim,
O hekayətə bu səhifə dar olacaq qədər.
Dayanıb, bir anın içində könlünü dinlədim,
Tələsən zəmanədə bəxtiyar olacaq qədər.
Alışan üfüqdəki bu günəş kimi doğrusan,
Mənə bu qəribə zamanda yar olacaq qədər.
Qoca Rəfrəfin başabaş qəzəlləri incidir,
Adı hər zaman bu cahanda var olacaq qədər.
Tehran, Aprel 1999


Gözəlin Eyitimi

Bir neçə tərsa qızı gördüm sənə saz öyrədirlər,
Şur içində titrəşən sövt ilə avaz öyrədirlər.
Ceyranın sonsuz yaşıllıqlarda seyran etdiyindən,
Bəhs edərkən, səndəki şux gözlərə naz öyrədirlər.
Andı, göz yaşlarını, ilqarı bir ayət sanırlar,
Bir səni bu macəralərdə həvəsbaz öyrədirlər.
Göylərin sonsuzluğunda yüksəlişdən bəhs edirlər,
Gənc bir tərlanə mavilərdə pərvaz öyrədirlər.
"İnsaf eylə, xoş söz ilə cümlə insanları dindir,
Bu gözəllik bir kəsə aləmdə qalmaz" - öyrədirlər.
Al bu məşəl, bu cəsarət, bu sənin parlaq kitabın,
Dil düşünməz tiflə peyqəmbərlər e`caz öyrədirlər.
Dinlə, Rəfrəf, könlün ilham ilə dolmuşkən, mələklər,
Kəlmə- kəlmə ayə təfsir eyləyib, raz öyrədirlər.
Tehran, Dekabr 1999


Unut

Sovuşur faciələr, köhnə zamanları unut,
Yeni dövran qurulur, əski planları unut.
Hipotezlər daha insanlara yol göstərmir,
Gəlir iman çağırışları, gumanları unut.
Qayğılanma, olan olduysa, keçənlər keçdi,
Tökülən torpağa haqsız yerə qanları unut.
Mən göz aydınlığını bir kərə anlatmışdım,
Bütün afaqı günəş tutdu, dumanları unut.
Bilirəm, məsləkin aləmdə sənin eşq idi,
O gözəl məsləkə sorğuyla baxanları unut.
Onu bil, sən yaşadan fəlsəfələr sarsılacaq,
Bir qanan sevgili bul, cümlə cahanları unut.
Rəfrəf, öz canını incitmə, bir az toxtaq bul,
Yeni dövranı düşün, yaxşı- yamanları unut.
Tehran, Sentyabr 2000



Yeni Dövran

Könlüm etsə bu gecə aləmi seyran azdır,
Nə qədər badə süzüb, gəzdirə canan, azdır.
Odlu misralarımın şö`lə saçan və`dəsidir,
Şe`r yazsam bu gecə bir dolu divan azdır.
Sən zamanları dəyişdin, yeni mizan qurdun,
Versəm o himmətə İran ilə Turan azdır.
Bax, nə xoşdur duruşun mənzərələr qoynunda,
Söyləsəm bu yerə cənnət, sənə ceyran azdır.
Sallanış səndə, zamanları ötən boy səndə,
Uca bu hekməti şərh etməyə Loqman azdır.
O səadətlə gülən gözləri şahid çəkirəm,
Eyləsən var- yoxumu min dönə talan, azdır.
Tehran, Dekabr 1999


Deməzlər

Hər börkünü yan qoymuşa salar deməzlər,
Hər kim qılıc oynatsa, cahandar deməzlər.
Hər cilvələnən yosmanı ceyran tanımazlar,
Hər qaş- göz atan lö`bətə tərrar deməzlər.
Hər şux baxan aramı könüllərdən alanmaz,
Hər yol kəsənin vəsfini əyyar deməzlər.
Dirhəm gətirənlərdə Züleyxanı tanırlar,
Hər Yusif olan qürbətə bazar deməzlər.
Dövran sovuşur, fe`linə bir kimsə uyan yox,
And içmə ki, hər boş sözə ilqar deməzlər.
Bu vadiyə vird ilə, təvaf ilə girilməz,
Hər zairi təşrifə səzavar deməzlər.
Get, durma, sınaqlar sənə olduqca çətindir,
Sevdayə düşən hər gözələ yar deməzlər.
Rəfrəf, sən özün ölçünü miqdarı tanırsan,
Ellər yamana yaxşı, yoxa var deməzlər.
Tehran, Dekabr 1999



Könül, Vaz Keç

Könül, vaz keç məlamətdən, ki bir şövkət talan oldu,
Keçənlərdən gileylənmə, keçən keçdi, olan oldu.
Nə aydın badələr qaldı, nə ünsiyyət könüllərdə,
Zamansız bu üfüqlərdə həqiqət bir guman oldu.
Sən axdın cilvəsiz bir duyğu tək parlaq bu dövrandan,
Sönən bu taleə göydə axan ulduz nişan oldu.
Unut vəhşi o yağmurlar tökən çılğın zamanları,
Ki biganə buludlardan bütün varlıq duman oldu.
O sevdadən qalan ancaq uçuq taq ilə eyvandır,
Salan məskən o mənzillərdə əqrəblə ilan oldu.
Nə Qarun ilə Hatəm var, nə dinar ilə dirhəm var,
Nə Ərtunqa, nə Rüstəm var, nə İran, nə Turan oldu.
Mənim küfrüm sizin imanınızdan çox münəvvərdir,
O dövran bitdi, o köhnə təriqətlər yalan oldu.
Bu nə işdir, yenə Rəfrəf qalıb ceyran həvasında?
O şairdir, yəqin könlün, bu sevdayə salan oldu.
Tehran, Aprel 2002


Min Bir Çiçək

Sən orda ki varsan, dəli ceyranı deməzlər,
Göllərdə sona, zirvədə tərlanı deməzlər.
Min bir günəş ilə alışan səltənətin var,
Layiq sənə İran ilə Turani deməzlər.
Tök qanımı bir ləhzədə, dövran sənin olsun,
Bir ləhzə əgər doğrusa, dövranı deməzlər.
İstər məni rüsvay elə, istərsə də qurtar,
Eşq orda ki var, ölçünü- mizanı deməzlər.
Kim suçlu durur eşq sınağında bilinməz,
Yusifdə bu hüsn isə Züleyxanı deməzlər.
Cananı bu aləmdə işarətlə sevərlər,
Layiq ona hekmət dolu divanı deməzlər.
Min bir çiçək ilə səni ansam, yaraşandır,
Bu şövkət olan yerdə gülüstanı deməzlər.
Yanqında qorunmaqdan ötür əldə qaşım var,
Bu mö`cüzə var isə Süleymanı deməzlər.
Rəfrəf, səni bir çoxları sönmüş tanıyarlar,
Sevda dolu qəlbindəki volqanı deməzlər.
Tehran, Janvar 2003

No comments:

 
Site Meter Site Meter