Wednesday, January 7, 2009

Xatirə

Xatirə
Yadındamı, yanğınlara çatmışdıq?
Sən söylədin: “Nə gözəldir bu həyat!”?
Sondunda da qarşımızdan aydın sular keçirdi,
Biz dayanıb, qısa bir an yaşadıq?

Yadındamı, üfüqlərdə tərlanları hayladıq?
Sonunda da eşqimizi kainata payladıq?
Mən çağırdım, ormanlardan ağ sonalar səsləndi?

Yadındamı, ormanların içində,
Unudulmuş şəhərləri bulmuşduq?
Aslan ilə qaflan gəlib, önümüzdə diz çökdü?
Yadındamı, ellər gəlib eşqimizi qutladı?

Söyləmişdim, gözlərinin görüşünə dönəcəyəm,
Yadındamı, əllərin-əllərimdə yağmurları atladıq?
Sevgi dolu axşamları haqladıq?
Şərab ilə mahnılara qovuşduq?

Yadındamı, dərdlər məni sarsıdarkən,
Gözlərindən ilham alıb toxtadım?
Yadındamı, nə mutluyduq səfərimizin sonunda?

Anladım ki, mən bir çılğın inadmışam,
Sənsə aydın həqiqət.
Tehran, Noyabr 1997


Törəniş

Bulud kimi dənizlərdən törədim,
Sinəm dəli yağmurlarla doluydu,
Üz tutmuşdum qarşı yatan dağlara,
Gürşad olub yamaclara yağmağa,
Rüzgar məni boz çöllərə azdırdı,
Gözdən itdi dağım-dayağım mənim,
Üfüqlərdə yayıldıqca seyrəldim,
Sonsuz yaşıl düzlərdə,
Gözdən itdim, izim-tozum qalmadı.
Tehran, Dekabr 1997


Ömür-gün

Sal qayalar durar ikən axıb zəmanə keçdi,
Gecələrdə uyumadım, gündüzlərə sığmadım.

Aydın sular görününcə ilhamlarım başlanırdı,
Dərələrdə səfil gəzən kölgələr,
İçərimdən dilə gələn qəzəllər,
Qovuşaraq mahnılara dönürdü.

Baş-başa qalmışdım ilhamlarımla,
Başımdan aşıb qayğılarım daşırdı,
Sevdalarda isinmədim, baxışlarda məhv oldum.

Gah bir həsrət sarsıdırdı könlümü,
Gah bir sevinc ürəyimə qonurdu,
Atdımlarım yaramadı, yağmurlara gecikdim.

Gah bir şıltaq hevəs, gah,
Bir qutsuz qarğış idim,
Mən bir kəskin söz olmuşdum,
Haraylarda səslənməyə,
Alqışlarda ucalmadım, dövranlarda qocaldım.

Haydı dostlar, pay bölüşmə zəmanıdır,
Mutluluqlar sizin olsun,
Göz yaşları mənə yetər.
Tehran, Dekabr 1997


Pay

Yaranmışdım böyük eşqlər üçün,
Mənə böyük nifrətləri verdilər.

Sanmışdım ki, ürəyində şairin,
Ya bir qətrə sevgi ya
Dəryalarca kədər gərək,
Zəmanələr ötər ikən sınaqlara tuş gəldim,
Bir qətrəni çox gördülər,
Qismət mənə dərya düşdü.
Tehran, Dekabr 1997


İstiqbal

Körpə ikən aydın sular sənin beşiyin oldu,
Axar ikən göy dərələr, ormanları yaşadın,
Bəslədilər, boya çatdın, nisgilləri unutdun,
Dumanların ötəsində bir səltənət yaratdın.

Günəş soyundan olan bir ağ atı gətirdilər önünə,
Unutduğun şəhərlərə üz tutdun,
Öz kökünü aradın,
Küçələri insan dolu şəhərlərə ulaşdın.

Bütün insan qəbiləsi yolunu gözləyirdi,
Döhüllərin səsi sənin gəlişini hayladı,
Hər yer sənə mutlu baxan gözlər ilən doluydu,
Sevincdən hay qoparan səslər səni çağırırdı,
Üfüqlərdən çiçəklər sovrulurdu.

Hər yer sənə badə sunan əllər ilən,
Hər yer səni qucmaq üçün
Uzadılmış qollar ilən doluydu.
Sağa-sola yan aldılar, yol verdilər,
"Keçid verin, – söylədilər – uğurludur gülüşləri,
Uğurludur baxışları,
Uğurludur ağ atının yerişləri.".

Hər yer səni öpüşlərlə qarşılayan
Dodaqlarla doluydu.
"Keçid verin, – söylədilər – uzaq yolun yolçusudur.".
Gəlişini bayram tutan dohüllərdən hay qopdu,
Rəqs edərək alabəzək qızlar önündən keçdi,
"Açıq olsun yolun," – deyə su səpdilər,
Sonsuzluğa qovuşmağa yol verdilər.
"Haydı iyid, – söylədilər – tanrı səni,
Yaman gözdən qorusun,
Sən ellərin tarixində sönməz bir ışıq oldun,
Günəş sənə bu tükənməz yollar boyu yoldaş olsun,
Haydı iyid, – söylədilər – tanrı səni,
Yaman gözdən qorusun.".
Tehran, Avqust 1998


Yaşadıram

Çox olur ki, üzülürəm, əl açıram hər yetənə,
Yabançıdan yollarımın unudulmuş izlərini soruşuram,
Baxıram ki, nə yabançı, nə yol, nə iz,
Nə bu varlıq, nə mən, nə biz,
Hansı isə doğru deyil,
Sən deyirsən: "inanmıram,
Bütün bunlar mö'cüzədir",
Mən özümdə o sən deyən mö'cüzəni yaşadıram.
Tehran, Avqust 1998


Ulduzlara Dönüş

Ötərikən budaqlardan,
Yağmurları atladıq,
Daha sonra önümüzdə mavi dəniz açıldı,
Yelkənlərə çırpınaraq üfüqlərə qovuşduq,
Günəş məni ibadətə çağırdı,
Kainatın böşluğunda mən haraya çevrildim,
Sən soruşdun: "Biz haraya çatmışıq?",
Söylədim ki, bu sahələr mənim üçün yad olsa da,
Mən bu cəvan ulduzlarda məhv olmağa gəlmişəm.
Tehran, Noyabr 1998


Nə Üçün?

Buludlar toplaşıb, yağmur çilədi,
Bu ulu dağların qoynunda yatan,
Bulaqlar qaynaşıb, aydınlıq oldu,
Bu çaşqın zamanda söylə, ey günəş,
Söylə nə üçün gülümsəmədin?

Sən susan o mə’sum dəqiqələrdə,
Addımlar sarsıldı,
Səslər səngidi,
İnsanlar toplusu çıxdı yol üstə,
Üfüqdən, dedilər, başlanır izi,
Səni görməyə halay qurdular,
Başabaş yol üste çiçək düzdülər,
Çəkdilər minlərcə dəfə adını,
Talesiz həyatın keçdi dövranı,
Günəş, nə üçün gülümsəmədin?
Tehran, May 2003

No comments:

 
Site Meter Site Meter