Wednesday, January 7, 2009

Yaranış

Yaranış
Əskidən hüsnlə Yusiflə Züleyxa yaratdılar,
Həm bu aləmdə gözəl, həm də təmaşa yaratdılar.
Aşiqin qəlbinə dağ çəkməyə hicranı qıydılar,
Sarsılan canları qızdırmağa sevda yaratdılar.
Sevginin odlu sınaqlarını Məcnuna yazdılar,
Eşqi əfsanəyə döndərməyə Leyla yaratdılar.
Aydın olsun deyə ömrün yolu məslək törətdilər,
Ağlı çaşdırmağa min türdə müəmma yaratdılar.
İçərimdən bütün afaqə çatan bir haray qopur,
Məndə gör kim, bu cəmaət necə qövğa yaratdılar.
Kime dövlət verilib, kimsəyə bir od nəsib olub,
Onda məhv olmağı bu varlığa mə’na yaratdılar.
Rəfrəfin qalmağı bu aləmə heyran əbəs deyil,
Onu tərlanlara, ceyranlara şeyda yaratdılar.
Tehran, Aprel 1975


Çağırış

Gəl eylə könlümü qarət, talan zamanı yetib,
Sevimli gözlərinin can alan zamanı yetib.
Sovuldu dövləti artıq o sərt şaxtaların,
Yanınca eşqə canım qovrulan zamanı yetib.
Günəş qəbiləsi tək sevgimiz haray qoparır,
Qədəmlərində yazın yer salan zamanı yetib.
Həvəs kimin qovuşubsan, dumanlı gözlərimin,
Sevinc dalğalarından dolan zamanı yetib.
Yaman günün, qara baxtın uzun deyil ömrü,
Güvəndiyim sabahın doğrulan zamanı yetib.
Gəl, ey sənəm, dodağından mənə şərab dadız,
Elin bu adətə heyran qalan zamanı yetib.
Başında min hava, sinəndə var nə çox diləyin,
Çal indi sazını Rəfrəf, çalan zamanı yetib.
Tehran, Yanvar 1976


Könlümdəki İştiyaq

Dillən, ey sevdayə düşmüş canların yəğması sən,
Ey bütün yəğmayə düşmüş dillərin sevdası sən.
Eşqə düşmüş hansı şair səndən ilham almadı?
Hansı bır könlün deyilmiydin şirin rö’yası sən.
İmtihanlarında eşqin şöhrət aldın, sınmadın,
Dillərə dəstan olan Məcnunların Leylası sən.
Yazdığım hər şe’rdən ey dillənən bir iştiyaq,
Odlu sinəmdən gələn misraların mə’nası sən.
Sən yaman günlərdə toxtaq bu amansız könlümə,
Ey qaranlıqlarda yorğun gözlərin laylası sən.
Sərxoş olmuş cümlə aləm bu tükənməz badədən,
Ey cavan əllərdəki sağərlərin səhbası sən.
Ey bütün afaqə səs salmış amansız bir haray,
Əldəki hər elçinin məktubilə tuğrası sən.
Söylə qalmış hansı iman, hansı din bu dəhrdə?
Hüsnünə heyran olan hər zahidin fətvası sən.
Harda qalmış şövkətim, ulduzla dövranım hanı?
Rəfrəfin bir göz görüb, əl çatmayan dünyası sən.
Tehran, Fevral 1976


Həqiqətin Səsi,

Həqiqətin ucalarkən, səsi zamanda çırpınacaq,
Bir Ildırım dili tək zülmətin yolunda çırpınacaq.
Düşüncələr dəli tufanların əlində sarsılacaq,
Duman yağışlar içində, günəş dumanda çırpınacaq.
Bugünkü söz qulağından yayınsa, bir də gözlə sabah,
Önündə bir qara qarğış kimin duranda çırpınacaq.
Gəlincə vaxtı, bu dünyada bir də vurğular qopacaq,
Bir el şərəfli həyat istəyincə qanda çırpınacaq.
Zəfər səninki, bu dövran səninkidir, şərif insan,
Sənin dumanda yəqin ulduzun doğanda çırpınacaq.
El öz muradına bir gün çatınca bəxtiyar olacaq,
Sevinc sinədə,sinəm son imtihanda çırpınacaq.
Gəl indi Rəfrəfi salma, amandı, bir də sevdayə,
Durunca qəsdə xumar gözlərin, talanda çırpınacaq.
Tehran, Noyabr 1975


Qəflət

Yazda bir gül açmış idi, dərmədim, dövran sovuşdu,
Dövlətim keçdi, vüsalım çatmadı, canan sovuşdu.
Bir murad al, – söylədim – bu pay sənin, fürsət sənindir,
Bu cavanlıq belkə bitdi ya şirin bu can sovuşdu.
Fitnələr salmışdı çılğın gözlərilən hər baxarkən,
Gör nə qövğalar başımdan ötdü-keçdi, qan sovuşdu.
Qaldı nə yoldaş, nə yol, baxdım ki, meydanlar boşaldı,
Gör nə sakitləşdi dəhr ilə diyar, insan sovuşdu.
Sübhətək dincəlmədim, ulduz sönərkən uyqulandım,
Qəflətim çox sürdü, yüklər bağlanıb, kərvan sovuşdu.
Doğdu bir yanlış günəş, sandım ki, dövranım yetişdi,
Güldü baxtım, ruzigarım çatdı, bu hicran sovuşdu.
Titrəşən könlümdə bu səs bəlkə ilhamın səsiydi,
Bir göyərçin sankı dilləndi ya bir tərlan sovuşdu.
Tehran, Dekabr 1975


Aldanış

Dərin zülmətdə, sönmüş bir ocağı mən yanar saydım,
Bir ulduz parlayarkən şanlı bir dövranı var saydım.
Nə əqlilən günəş buldum, nə irfan bir çıraq oldu,
Yanaşdım hər müəmmayə, keçilməz bir divar saydım.
Qaranlıqlarda gördüm hər ışıq, bel bağladım, çaşdım,
Üfüqdən bir haray başlandı, mən çılğın capar saydım.
Bilirdim, gür yağışlar yağdı, gürşad düsdü yollarda,
Amansız sellər atlanmışdı, mən aydın sular saydım.
Düşüb, hər yurdu sevdalar sorağıyla dolanmışdım,
Səfil, qürbətdə gəzdim, özgə torpağı diyar saydım.
Canım qurşandı, baş qaldırdı yanlış bir dilək məndən,
Əl üzdüm ilqarımdan, başqa bir cananı yar saydım.
Bilirdim, eşq bir sonsuz alışmaqdır, nədamətdir,
Bu vurğun könlü bir şeyda baxışdan bəxtiyar saydım.
Tehran, Dekabr 1975


Qınaq

Necə hay verib, çağırım sizi, dodağım yumuq, dilim olmadan?
Sinələrdə zəhmli bir tufan qoparan sazım, telim olmadan?
Bu nə qayğıdır, daraşır mənə, bu nə qüssədir, məni sarsıdır?
Hanı şövkətim, şərəfim, şanım, səsə səs verən elim olmadan?
Budanıb qolum, yarılıb sinəm, qaçıram səfil dərələr boyu,
Necə bu yamaclara dırmaşım, təpərim, dizim, əlim olmadan?
Məni gör nə odlara qovrulub, adaq olmuşam nə sınaqlara,
Bu çətin yolunda həyatımın duyacaqlı sevgilim olmadan.
Məni bu qaranlıq içində vəhşi boranlar ilə buraxdınız,
Necə bu soyuqlara qatlaşım, obalarca mənzilim olmadan?
Yaramazdı qurğusu aləmin, yaramazdı fikrəti insanın,
Sizə hansı sirrimi söyləyim, kəsilib dilim-dilim olmadan?
Səsi ıldırım kimi Rəfrəfin, göy üzündə hər yana daşlanır,
Zinələr kimin nə axım zəmanədə, arxadan selim olmadan?
Tehran, Aprel 1976


Bəxtiyarlıq Qəzəli

Qızıl gülün sözü dillərdədir, bahar olacaq,
Başımda min hava, könlüm yenə düçar olacaq.
Dilində mahnı, bu kimdir, yaşıl çəməndə gəzir,
Nə xoş yerişləri var, sevdigim nigar olacaq.
Yarın təbiəti nazik, xəyalı kövrəkdir,
İçince bircə çanaq, gözləri xumar olacaq.
Gözəllərin sözü aləm durunca bitməyəcək,
Çətin yolunda həyatın vəfalı yar olacaq.
Günəş kimin canımın iştiyaqı sönməyəcək,
Düşüb mədarına bir sevginin yanar olacaq.
Düşüncələr qovuşub, şanlı bir qəzəl doğacaq,
Ağ at belində çatanlar qatar-qatar olacaq.
Yaman günün, qara baxtın uzun deyil ömrü,
Bu imtihanlara kim dözsə, bəxtiyar olacaq.
Bir az da taqətin olsun, uzaq deyil mənzil,
Dumanların ötəsində yaşıl diyar olacaq.
Sevincdən nə yaman halə gör düşür Rəfrəf,
Cavan çağında həvəsdən qabar-qabar olacaq.
Tehran, Aprel 1976

No comments:

 
Site Meter Site Meter