Tuesday, January 6, 2009

Günəşlə Görüş

Günəşlə Görüş
(Xurşid Banu Natəvan Haqqında)
Hissim yanılarkən səhərin gür sazağından,
Bülbül söz açar laləli-reyhanlı bağından.
Qəlbimdə ışıq dalğası çağlar səhər-axşam,
Yollarda alışdırdığın ilham çırağından.
Könlümdə yaşar yazdığın istəkli qəzəllər,
Bir elçidi yortur zamanın əski çağından.
Sərvin duruşundan sənə boy bəslədi xilqət,
Ulduzlar asılmışdı cavan söz budağından.
Bir əldə günəş durnalı, göy düzlərə endin,
yurdun qara sellər törədən qarlı dağından.
Yazdan-yaza neysan kimi boz çöllərə yağdın,
Bir an da yayınmazdın o sonsuz marağından.
Varlıq yaramazmış sənə əl çatmasa idi,
Rəfrəf cana doymuşdu amansız sorağından.
Tehran, Avqust 1995


Sevirəm

Alıb qərarımı ceyran baxışların, yaman sevirəm,
Tamarzı könlümü sinsitmə, bağrım oldu qan, sevirəm.
Sənin biçimli boyun, al yanaqların səadətdir,
Ötən zəmanədə qarşımda bircə an dayan, sevirəm.
Gör olmuşam necə yalqız çağımda dil-dodağından,
Yağışlı bir gecə qoynunda busələr uman, sevirəm.
Budaqlarımda yetişmişdir indi odlu salxımlar,
Közərmişəm, məni yağmurla eylə imtihan, sevirəm.
Nə çığrışırdı qaranlıqda eşqimin qəbilələri,
Sən indi doğru günəşsən, mən olmuşam guman, sevirəm.
Gör olmuşam necə şan-şan dözüncə el şəmatətinə,
Bütün həyatımı bu yolda vermişəm talan, sevirəm.
Şəhər-şəhər səni gəzdirmişəm nağıl diyarında,
Sən istər uyğusan, istərsə canlı duyğysan, sevirəm.
Tehran, Sentyabr 1995


Çiçəkli Dövran

Günəş ucaldı, həyatın çiçəkli dövranıdır,
Çəmənlərin nə gözəllər bu gün xuramanıdır.
Qaranlıq indi bizim dünyalardan ötmüşdür,
Çıraqlı sahilə çatmaqda sevgi kərvanıdır.
Mən ilk-əzəl səni gördükdə söylədim əcəba,
Mələkmidir görəsən, ya bu yurdun insanıdır?
Sənin kəmalına bir tək mən olmadım şeyda,
Görən kimin hamı söylər: “Bu bir elin şanıdır.
Gözəl ki, öz cana doymuş sevənlərin tanımaz,
Çıxanda seyrə nə bilsin, kimin şirin canıdır.
Kimin muradı bu aləmdə eşqdir, ancaq,
Kimin güvənci də yalnız qılıncı-qalxanıdır.
Sənin sorağına Rəfrəf vücuda qoydu qədəm,
Sevimli gözlərinin, çox zamandı, heyranıdır.
Tehran, Oktyabr 1995


Gördünmü?

Zəmanə tək dəli könlüm qocaldı, gördünmü?
Həyatımız necə bir dar macaldı, gördünmü?
Nə xoş gülürdü baharı cəvan səadətimin,
Gözüm səbəd dolu narında qaldı, gördünmü?
Sənin cəmalına bir tək mən olmadım şeyda,
Bir el mənim kimi çaşdı, yahaldı, gördünmü?
Üzüldü taqətim eşqin son imtihanında,
Vəfasız olmağı yarın nə haldı, gördünmü?
Bir ıldırım məni rö’yalarımda qamçıladı,
Fələk gözümdən amansız od aldı, gördünmü?
Şəmatətin acısından yanıb kül oldu könül,
Yazıq canım aralıqlarda qaldı, gördünmü?
Həqiqətin dili doğrandı, ərşə çıxdı yalan,
Bütün həyat gözümdə qaraldı, gördünmü?
Qərib zəmanədi, faxir geyim şərəf yaradır,
Fəzilət ölçüsü dövlətdi-maldı, gördünmü?
Bax indi sinəsi şan-şandı Rəfrəfin qəmdən,
Zəhər dadır bizə varlıq, ya baldı, gördünmü?
Tehran, Oktyabr 1995


Vicdan Səsi

Nədir bu qəflətin ünvanı? Dur, sualı soran mənəm,
Günəş doğur, yuxu bağında qol-budağı qıran mənəm.
Bir ıldırım kimi zülmətdə kişnəyib, səni səslədim,
Yetişmişəm, qara camlar dalında qamçı vuran mənəm.
Sinəmdən indi nə dəhşətli dalğalar baş alıb gəlir,
Nə yatmısan, acı qarğış kimin önündə duran mənəm.
Şəmatətəm, qınağam, sən ağıllı, mən dəliqanlıyam,
Qaranlığın sinəsindən söyüş kimin çığıran mənəm.
Bulud kimin dəli tufan içində dağları keçmişəm,
Yağış mənəm, alaçarpov mənəm, haray qoparan mənəm.
Işıq saçan yanar odlar, qaraltılar yolumuzdadır,
Nə çaşmısan, səni bu imtihanlara çağıran mənəm.
Tanışla özgəni gör kim, bu yolda düşmən olub mənə,
Qılınc-qalxan ilən hər döyüşdə cəbhə yaran mənəm.
Dayandı vəhşi yağışlar, mən indi daşqın axan çayam,
Günəş diyarına çılğın düşüncələr aparan mənəm.
Tehran, Oktyabr 1995


İkitirəlik

Dil-ağızla gəldi ki, dindirib, qadalarımı ala, almadı,
Məni bilmirəm, nədən istəmişdi, yanar oda sala, salmadı.
Mənə qıydı çox çətin imtihanlar, üzülmədim, dilə gəlmədım,
Özü qurşanırdı yanımda dilqananım kimin qala, qalmadı.
Günəşin qəbiləsi hər köçəndə nə qayğılar daraşır mənə,
Yetişirdi çarə bu dərdə sevgili gözləri qıla, qılmadı.
Dedilər ki, afiyətin sənin bu alovların ötəsindədir,
Alışırdı can, kül olub könül, kədərim tamam ola, olmadı.
Közərəndə eşqin ocağı ulduza çatdı mahnı səsim mənim,
Yüz aşıq sazıyla düzüldü bu ulu nəğməni çala, çalmadı.
Bir öpüş xəyalı baxışlarında ışardı, mən başa düşmədim,
Yenə durdu, çılğın olunca, boynuma qolların sala, salmadı.
Sona çatdı şaxtalarım, ərişdi yaşıl günüm, baharım mənim,
Könül az qalırdı, düşüb məlalə, bu qüssədən sola, solmadı.
Tehran, Yanvar 1996


İzdiham

Qaçhaqaç başlandı, hər kim bir yana can athaatda,
Başını bir çox fəna sevdalar ilən qathaqatda.
Gör nə səs-küy qovzanıb yanlış zamanda çarşılardan,
Qurşanıb boş sözlərə xalq öz imanın sathasatda.
Bir qəzəl dilləndi baxdım, var nə fürsət, nə məcalım,
Çıxdım artıq yollara çılğın tufanlar tuthatutda,
Sinə şan-şan, düşmüşəm qövğayə, yoxdur canyananım,
Taqətim kövrək, zaman dar, qanlı düşmən çathaçatda.
Yol kəsənlər çıxdı qarşımdan, zavalım gəldi, çatdı,
Yırtılıb yelkənlərim, sonsuz dənizdə bathabatda.
Yoxsa mən bir qarğışam, ya çağrışam, ya bir səfil səs?
Şəhvətin uğrunda insanlıq daşın siz athaatda.
Söylə, Rəfrəf arxalansın hansı yara bu zamanda,
Gündüz ikən bir cəmaət uyqularda yathayatda.
Tehran, Fevral 1996


Me`rac

Ildırımdan keçərək, “harda məkanım?” – deyə sordum,
“Nə olar, qoy alışıb, sovrula canım,” – deyə sordum.
Hər tərəfdən axışıb gəldi qınaqlar, çığırışlar,
“Çıxacaq bir gün üzə yaxşı-yamanım,” – deyə sordum.
Duyğu misraları başlandı dərin zülmət içində,
Qaldırıb məş`əlimi, “haydı divanım!” – deyə sordum.
“Qayğılardan çəkilib sinəmə dağ, yoxsa varımdır,
Eşqdən başqa mənim hansı nişanım?” – deyə sordum.
Dilədım gözlərini, bəlkə ovunsun dəli könlüm,
“Hanı bəs dilqananım, canı yananım?” – deyə sordum.
Eşqin ulduzları sayrışdı qaranlıqda, çağırdım,
“Gedir ancaq sizə bu yolda gumanım,” – deyə sordum.
Sovrulur indi üfüqdən nə ışıqlar, nə çiçəklər,
“Gözüm aydın, sovuşur bəlkə dumanım?” – deyə sordum.
Tehran, Mart 1996



Faciə

Dünya-aləm çalxanıb, məhv oldu, saman qalmadı,
Axdı ulduzlar, fələk devrildi, mizan qalmadı.
Əsrlərdən əsrə insan öz muradın gözlədi,
Aylar-illər gör nə çılğın keçdi, dövran qalmadı.
İndi bu meydanda nə Rüstəm, nə Ərtunqa durur,
Batdı Dara ilə İskəndər, Süleyman qalmadı.
Gün doğandan başlanıbdır körpülərdə izdiham,
Köhnə bu mənzildə, kərvan köçdü, mehman qalmadı.
Sanma, bu dəhşətdə yalnız çöllərin heyvanıdır,
Öylə qorxunc imtihanlar düşdü, insan qalmadı.
Eşqi bu məxluq beş Dirhəmdən alçaq tutdular,
Bu əbəs sevdayə qol qoymağa ünvan qalmadı.
Şairin az qaldı, közlər sinəsindən daşlana,
Körpə misralar yanıb sovruldu, divan qalmadı.
Tehran, Mart 1996


Tapşırıq

Mənə at verib, dedilər: “tələs, daha qalmamış durağın sənin,
Bu sənin qılınc ilə qalxanın, bu da başlığın, yarağın sənin.
Bu qaranlığın ötəsində şanlı səhərlərin izi başlanır,
Yanacaq zəmanələrin boyunca günəş kimin çırağın sənin.
Sınağın sənin budu başlanır, uca söylə sinədə hər nə var,
Aşacaq sınırları bu haray, qalacaq səsin, sorağın sənin.
Ürəyində eşqin ocağı gür yanacaq, muradını boşlama,
Nə çatar sənin sona rəğbətin, nə də bir sönər marağın sənin.
Bu yolun sonunda, yol üstə bir dəliqanlı sevgili gözləyir,
Həvəsin nədən belə çırpınır, bu yaxın, o da ırağın sənin.
Dilə gəl həqiqəti hər zaman, inamın amandı kəsilməsin,
Ulu bir kitab olacaq tufanda səfil gedən varağın sənin”.
Tehran, Mart 1996


İndidən

Yenə duyğu pərdələrim yazın havasında yellənir indidən,
Sənə yazdığım o sevimli mahnı sazımda dillənir indidən.
Nə gözəl zəmanəyə çatmışıq, açılır bənövşələrin sənin,
Baharın sənin yetişib, dağın, aranın gözəllənir indidən.
Obalar buludları səsləyir, bizi göylərin çağırır səsi,
Həvəsin yağışları başlanıb, damarımda sellənir indidən.
Sanıram, gəlib yola gözlərin, sən özün də eşqə düçarsan,
Alışan həvəslərin izləri dodağında bəllənir indidən.
Çox olur ki, bu dəli könlümün nə qalır qərarı nə taqəti,
Səhərin nəfəsləri başlamaz ayılıb, səfillənir indidən.
Sovuşub qaranlığımız bizim, günəşin ziyafəti başlanır,
Sözünün budaqları Rəfrəfin açılıb gözəllənir indidən.
Tehran, Mart 1996


Yolagəlməz Başım

Səhər çəməndə gözüm nazlı bir qəzalə düşür,
Zaman qaçaq, dəli könlüm nə dar məcalə düşür.
Nadan baxışları əfsanələr kimin danışır,
Bacarmıram, yolagəlməz başım zəlalə düşür.
Əlim kəsik, ayağım xəstə, dizlərim qançır,
O dil-dodağilə əhdim yenə məhalə düşür.
Bu bir sınaqdı, kim eşqin mətaıni qazanır,
Kiminsə taleinə ayrılıq həvalə düşür.
Nə ad, nə san, nə iman qayğısında qalmışdır,
Görüncə hüsnünü zahid, nə boş xəyalə düşür.
Amandı, şəhvətə yol verməsin murad əhli,
Bütün gözəlliyi bu aləmin zəvalə düşür.
Qoy indi bir daha Rəfrəf, acıq deyim, başa düş,
Bütün yaşatdığın o fəlsəfə sualə düşür.
Tehran, Aprel 1996


Üzülmə, Qayğılı İnsan

Səfil bir ulduz üfüqdən axıb şimalə düşür,
Bulud gəlir, dolanır, kainatə halə düşür.
Qəfil nə haydı qopub çarşıdan bu yanlış vaxt,
Bu köhnə mədrəsə birdən nə qil-qalə düşür.
Əlim kəsik, ayağım xəstə, dizlərim qançır,
Yolum çaşır, sənə çatmaq yenə məhalə düşür.
Üzülmə qayğılı insan, yum indi gözlərini,
Sənin həvalı başın bəlkə e’tidalə düşür.
Amandı, şəhvətə yol verməsin murad əhli,
Bütün gözəlliyi bu aləmin zəvalə düşür.
Məqamı gəldi, zaman çatdı, başlanır köçümüz,
Bu son görüş nə üçün böylə dar məcalə düşür.
Qoy indi, bir daha Rəfrəf, acıq deyim, dinlə,
Sənin yaşatdığın o fəlsəfə sualə düşür.
Tehran, Aprel 1996

No comments:

 
Site Meter Site Meter