Tuesday, January 6, 2009

Fürsət

Fürsət
Nə çıxıb qarşıma, xoş günləri xatırladısan?
Sən o xoş günlərimin bir unudulmaz dadısan.
İndi fürsətdi, dayan, bir də baxım qamətinə,
Sən bu dustaq könülün ərşə çatan fəryadısan.
Tehran, İyul 1998


Şəhryardan İlham

Baxan olsaydı gözün yaşına, qan axmazdı,
Qılıc öz qurşağına insan olan taxmazdı,
Sonsuz olsaydı qaranlıq gecənin səltənəti,
Qor töküb, bu qoca dünyanı günəş yaxmazdı.
Tehran, İyul 1998



Tapşırıq

Dünya xəzan isə, sən baharsan, gözəlim,
Bu dəhrdə sən, nə yaxşı, varsan, gözəlim.
Ancaq yolun üstə gözləyənlər çoxdur,
Dur, getmə hayan gəldi, azarsan, gözəlim.
Tehran, İyul 1998



Günəş

Açıl, ey sabahlara nur saçan, obalarda şöhrət alan günəş,
Alışan şəfəqləri ölkə-ölkə diyar-diyar qalan günəş.
Mənə qayğılar daraşan zaman yolum üstə məş'əl açıb dayan,
Əriyib-gedən gecələr sonunda zəmanədə ucalan günəş.
Tehran, Avqust 1998



Ay Oğlan

Gah bir işıqsan qaralan günümdə,
Gah bir andın kölgəsisən dönümdə,
Qınaq kimi dayanırsan önümdə,
Gözlərin nə mehribandır, ay oğlan!

Söz gəlincə mənə ceyran dediyin,
Öz dərdinə məni dərman dediyin,
Sevgi dağında bir tərlan dediyin,
Hardan bilim doğrudandır, ay oğlan!

Vaxt olub ki, əl canımdan üzmüşəm,
Tikanlı söz, şəmatətə dözmüşəm,
Səfil, sevgi diyarını gəzmişəm,
Gözləmişəm çox zamandır, ay oğlan!

Sözüm çoxdur, üz döndərim hayana?
Hansı dilim var gətirim bəyana,
Bir himə bəndəm, götür imtihana,
Kim ağıllı, kim nadandır, ay oğlan?
Tehran, Yanvar 1995


Mağazada Danışıq

Mən:
Dizlərim qançırdır, köynəyim yırtıq,
Yamandır məndəki hal, qadan alım.
Çox yorğunam, gözlətmə bundan artıq,
Mənim hesabımı sal, qadan alım.

Satıcı:
Dost yolunda dövlət nədir, mal nədir?
Sən varikən şərbət nədir, bal nədir?
Söylə görüm, durum nədir, hal nədir?
Bir az da yanımda qal, qadan alım.

Mən:
Yar yolunda qovrulmuşam, yanmışam,
Çox olub ki, varlığımı danmışam,
Hər gələni mən arxadaş sanmışam,
Saqqalım olubdur çal, qadan alım.

Ulduzlarım bir-bir sönüb çəkildi,
Kimsə mənə yoldaş olan deyildi,
El unutdu, yar məni özgə bildi,
Aç indi mənə bir fal, qadan alım.

Satıcı:
Qardaş yetər yaman gündə fəryada,
Əl açmayın hər özgəyə, hər yada,
Hekmətli söz gülə bənzər mə’nada,
Onda olmaz qabaq-dal, qadan alım.
Tehran, May 1997


Söylə, Kimsən?

Ey şirin canı sevdayə düşmüş,
Könlü naçar olan, söylə, kimsən?
Al yanaqları səhbayə düşmüş,
Gözdən əyyar olan, söylə, kimsən?

Heç mələk doğmamışdır bəşərdən,
Sən yarandın o parlaq səhərdən.
Canda məskən salan sirrlərdən,
Ey xəbərdar olan, söylə, kimsən?

Hər şəmatət iti bir ox ikən,
Bu qədər qayğılarım çox ikən,
Hansı bir hüsn məndə yox ikən,
Ey mənə yar olan, söylə, kimsən?

Haq səni xoş cəmala yetirdi,
Taleim şanlı dövran gətirdi,
Candakı qayğıları bitirdi,
Yoxdan, ey var olan, söylə, kimsən?
Tehran, May 1998

Ayrılış

Deyirlər, qaçhaqaç düşüb dövrana,
İzdihamlar içində itmə əbəs,
Bir kərə məhv olmuş könüldən yana,
Sevimli canını incitmə əbəs.

Ulduz tək doğruyam, yalan deyiləm,
Parlayan yəqinəm, guman deyiləm,
Mən sənin fe'linə uyan deyiləm,
Durma, get, bəxtini gözlətmə əbəs.

Ömrümün unudulmuş yazları tək,
Könlümün tükənmiş avazları tək,
Cəvan bir talein ulduzları tək,
Gözümün qabağında bitmə əbəs.

O şeyda gözlərin gərəkməz dola,
Qıymaram, sevən bir könül qan ola,
Eşq bir sınaqdır, bu yaman yola,
Mən gedib yanmışam, sən getmə əbəs.
Tehran, Noyabr 1998

No comments:

 
Site Meter Site Meter