Sunday, February 1, 2009

Şe'r Deyilən Zərurət



Böyük Müdrik Şəxsiyyətlər Şe'r Haqqında Nə Düşünürlər?


Varlıq ancaq gözəllikdir, onun isə tək mükəmməl ifadəsi şe'rdədir. (Stefan Malarm)

Şe'r arzuların gizli sirridir.
(Viktor Huqo)


Yaz geri dönüb, torpaq bir şe'r bacaran uşağa bənzəyir (Rayner Mariya Rilke)


İnsan ya dəlidir, yaxud da şe'r yazır. (Horas)

Həqiqi şe'r odur ki, dərk olunmadan öncə söz anlatmağa başlaya.
(T.S. Eliyot)

Həyatın həqiqətinə şe'r tarixdən daha yaxındır.
(Əflatun)

Rəssamlıq susan şe'rdir, şe'r isə dilə gəlmiş rəssamlıq əsəridir.
(Ralf Valdo Emerson)

Sevgi olan yerdə hamı şair olar.
(Əflatun)

Şair və qəhrəman eyn kökdəndir, şairin təsvir etdiyini qəhrəman həyata keçirir.
(Alfons dü Lamartin)

Şairin işi bu varlığı tanıtdırmaqdır.
(Mark van Doren)

Şairin cəsarəti ondadır ki, cünun qapısını yarı açıq saxlar.
(Kristofer Morli)

Şe'r elə bir dildir ki, şair onun vasitəsi ilə öz heyrətini kəşf edər.
(Kristofer Fray)

Şe'r ən azı bir gözəllikdir, ən çoxu isə bir vəhy.
(Robert Fitscerald)

Şe'r o ünsürdür ki, tərcümədə itər.
(Robert Frost)

Şe'r həqiqətin bütününü dilə gətirmək istəyir, fəlsəfə isə təkcə bir hissəsini.
(Henri Deyvid Toro)

Şe'r həyatı yaxalamağın bir yoludur.
(Robert Frost)

Şe'r duğu ilə başlar, düşüncə ilə bitər.
(Robert Frost)

Şe'r təbiətin hiyeroqlif dilinin rəmzini kəşf etməkdir.
(Deyvid Heyr)

Şe'r kölgəni rəqsə çağıran bir səsdir.
(Karl Sandburq)

Şe'r yazmaq ona bənzər ki, dərəyə bir gül atasan və onun cingiltisini gözləyəsən.
(Don Markis)

Şe'r hansısa partiyanın məramnaməsi deyil.
(Alen Ginzberq)

Şe'r, yazanlarınkı deyil, ehtiyacı olanlarınkıdır.
(Tanımadığımız bir mütəfəkkir)

Şe'rdə nə isə bir bərbəriyyət, genişlik və çılğınlıq olmalıdır.
(Denis Didero)

Şe'rin özəyi istək və yanğıdır.
(Uilyam Həzlit)

Qadının yanağını gülə bənzədən birinci şəxs, yəqin ki, bir şairmiş, ikincisi isə, yəqin ki, bir abdalmış.
(Salvador Dali)

Qüdrət bizi məğrur edəndə, şe'r məhdudiyyətlərimizi xatırladar, qüdrət bizim düşüncə dünyamızı daraldanda, şe'r həyatın genişliyini xatırladar, qüdrət bizi kifsədəndə şe'r bizi durultmağa çalışar.
(John F. Kennedy)

Şe'r odur ki, insana kəskin həqiqəti söyləsin, yoxsa oxumağına dəyməz.
(Volter)

Necə ki, hər bir yeni elmi kəşf təbiətdə gizli şəkildə mövcud olan və təbiətin sırasına uyğun gələn bir şeyi təmsil edər, hər yeni şe'r də kəlmələrin sırasında gizli şəkildə mövcud olan bir həqiqətin təmsilçisidir.
(Nortrop Fray)

Hər sağlam insan iki gün yeməksiz yaşaya bilər, ancaq şe'rsiz xeyir. (Şarl Bodeler)


Homer “Müharətlə yalan danışmağı” və yalan danışmağı bir incəsənətə çevirməyi bütün şairlərə öyrəti. (Aristotle)


Hər kəsin içərisində cavan ölmüş bir şair var. (Stefan Kanfer)

Nəsr cismin və zehnin qalibinə düşər, ancaq şe'rin öz höviyyəti var. (Virginia Wolff)







Virginia Wolff

Wednesday, January 7, 2009

Yanar Düzlər

Yanar Düzlər
Könlümlə dirəşir,
Sonsuzluqdan başlanan bir amansız çovğun,
Işıq saçır gözlərimə,
Alışqan dağlar, yanar düzlər.

Keçərmişlər bu dağlardan, bu düzlərdən,
Sevincək qızlar, şən çağlarda,
İyidlər boranlarda.
Yağarmışlar amansız yağışlar son baharda,
Ağlarmışlar coşqun bulaqlar, daş ürəkdən.

Səndə bu odlar sevinc doğurur,
Mənimsə ürəyimdə sökülür ürkülər, qorxular,
Yurd yanğınından, obasızlıqdan.

İtkin oymaqlar tövşüyür, dartınır,
Yollar qorxunc, könlüm çaşqın.
Yanar yurd nədir gözəlim, heç anırsan?

Dodaqlarım arayır mehriban yanaqlarını,
Saçların doğrudur, sevgi doğrudur.
Bax, dağın döşü yaman közərir!
Ildırımlar daşlanır, çiçəklər sovrulur,
Mələk ürkür, ulduz köçür.

Gəl, səs-səsə verib, çağıraq,
Daşqın suları, dəlisov yağışları.
Tehran, İyul 1993



Təbrizlə Görüş

Gəzmişdim səndən uzaqlarda,
Gənc çağlarımın tarla-tarla düzlərində, nə səfil!
İndi isə, başımda min bir-iki fırtına,
Alışır ürəkdə,
Yeni bir görüşdən çağlayan duyğu dalğaları.
Duydum ki, istək də, sevgi də, qayğı da,
Görüşündəki günəş-günəş sözlərin,
Sinəndəki salxım-salxım sevincindir.

Bir baxışla başa saldın çaşqın başımı,
Keçmişlər nə isə, fırtınalar nə isə,
Yaşatmışsan qoynunda,
O qocaman yurdumu,
Andım ki, doğrusan.
Təbriz, Avqust 1993 (Şəmsi- Mərizxanası, gecə yarısı)



Savalan

Boylanarkən sonsuzluğuna, dumanlı qatların,
Nə zəhmlidir, duruşun sənin,
Qurşaqlarında, yurdumuzun!

Sazaq burularkən çiyinlərindən, tutqun baxırsan,
Ürəyimə döyüntülər hündürdən salan zaman.

Durum, sevgilimlə gəlim qoynuna,
Yaylağında yayılsın sazımın səsi,
Parlasın şənlik ulduzları, qızlarının ay qabağında,
Dalğalansın sevgimiz, ocaq yanarkən,
Ayaq çalıb, qol açanda cananım, can alan zaman.

Dərinliyində gəzər əskidən əsir düşən çənlər,
Dərdimi söndürməz qoynundakı min duman,
Qartal qanadlanır yolaqlarından,
Nə dirəşirsən güneylərdə?
Yaddaşından baş qaldırır qan qadası,
Qorxunc çuxurlardan buludlara dalan zaman.

Yaramazdı, gətirdiyim o bir qucaq od şələsi,
Sıldırımlar çığrışır,
Çevik çapar at qoşdurur köksündə,
Zirvələrdən enib, İskəndər gəlir,
Qaraltıdan canlanır Qızılbaşlar,
Qoynunda qovuşur, xəyalımdakı itkin ordular,
Duyğularda pıçıldaşır əski səs dalğaları,
Nə zəhmlidir duruşun sənin,
Qurşaqlarında, yurdumuzun!

Sarılmışdım ətəyinə o çiskinli axşamda,
Yağış çiləyirdi gündoğandan günbatana,
Buz körpüdən qaynar dənizə kimi.
Sən də yaşarmışdın,
Qoynunda gürşad düşürdü, sinən tozanlıq idi,
Aşırımlarda alaçarpov yağırdı,
Söz deşirdi ürəyimi,
Səsim çatmadı, dilim yaramadı.
Tehran, Noyabr 1993


Ulduz Yolu

Uzanaraq məşriqin günəşli qılıncı gözlərimə,
Dağların sazağı sökülür birdən,
Xəyalım enir yaşıl düzlərə.
Sazaqdan bir titrək mahnı ayrılır,
Qoşulur xəyalımdakı düşüncələrə,
Qalxıram o dumanlı qatlara.

Əsrin o körpə çağlarından,
Bir ulduz daşlanır qaranlığıma,
Diksinir könlümdəki yorğun mələklər,
Xəyalım qoşulur axan ulduza,
Çırpınır ürəkdə dözümsüzlüyüm,
Boylanıram o varılmaz, çənli-toranlı qatlara.

Kainatdan köçür tələsik,
Saçaq-saçaq ışıq dalğaları, ipək taqələr.
Bir baxışla qıydığın, ömür boyu duyduğum,
Sevginin o sərt sancıları,
Sökülür bir çaxım ıldırım kimi,
Nur çiləyir yatmışlara, ayıqlara,
Bax, nə çırpınır qayalıqlara!

Bahar sevinci sarıldıqda könlümün budaqlarına,
Sıxıram sinəmə bir salxım ulduz,
Bir əlimdə günəşli qılınc,
Ürəyimdən dillənir titrək mahnı telləri.
Sıxlaşan buludlara yol çəkir gözüm,
Dirəşib yol açıram uzaqlardakı tufanlı qatlara.
Tehran, Mart 1994


Qızılözən

Yaşarmış, övhamlı meşələrdə,
Açılır dumanlı səhər,
Sürünüb gəlir uzaqlardan,
Zinə sular, körpə düşüncələr.

Səni ağlarmışlar səhər-axşam,
Soyuq bulaqlar, daş ürəkdən,
Uzaq yurdlara çatacaqsan, bilirəm.

O tay-bu tay qızlarının saçlarında,
Ağ gül, qırmızı gül, bir də sarı gül,
Dodaqlarda güləcəksən, bilirəm.

Ötüb-gəldin qaranlıqları,
Könül verdiyim Qızılözən.
Axşamlı meşələrdən,
Çiskinli-dumanlı döngələrdən,
Gözlərində sözün var.

Yaranmışdın damar-damar ıldırımdan.
Daşınarkən yazdan yaza,
Qonar oldun qızıl güllərin al yanağına.

Sürünərkən aranlarda,
İzlərin daşa döndü,
Özlüyündən dönmədin.

Gecə keçib, ay dolanıb, el yatıb,
Yurdumuzun damarından axır,
Coşqun sular, gür düşüncələr.
Açılacaq tezlikcə bir günəşli səhər,
Yurdumuzdan köçəcəksən, bilirəm.

O tay-bu tay oymaqların oyanır,
Sahillərində qızların sevinci gülür,
Gür sellərin baş alıb, günəşdən gəlir,
Sonsuzluğa süzəcəksən, bilirəm.

Yada sal keçmiş, dumanlı illəri,
O çağlardan gətirdiyin qucaq-qucaq gümüş idi,
Buludların illər boyu ağladığı neysanlar.

Ətəyində gətiribsən xatirələr, döngələrdən, buruqlardan,
Günəşli düzlərdən, kölgəli yurdlardan,
Aranlara varacaqsan, bilirəm.

Dalğalarında baş alıb gedir duyğu-düşüncələrim,
Dirəşib yol açırsan genişliklərə,
Oymaqları yarıb, yügürürsən,
Kükrəyib çırpınırsan qayalıqlara.

Dartınıb-çığıranda dözümsüzlüyüm,
Biçilib-doğrananda kövrək duyğularım,
Söz boğanda tutqun boğazımı,
Gür sellərin sahillərə daşar olsun.

Fırtınalardan keçdin,
Tarix sənə yol verir,
Günəş çimir genişliyində,
Min gəmi açıbdır dumana yelkənini,
Sonsuz dənizlərdə,
Yazlı yurd xatirələrin yaşar olsun.
Tehran, Aprel 1994


Qaranlıq Yol

Qaranlıqdan yol verdilər,
Yalqız, bu çöldən köçməyimə,
Oyuqlardan keçməyimə.

Qayalardan bir səs gəlir, dizlərim susur:
"Səni yola çağırmışlar!".

Baxıram ayın gözlərindəki soyuq düşüncələrə,
Qulağıma şırıltı gəlir,
Bulaqlar ürək dayağıdır.
İzlərimi tapmayacaqlar,
Sözlərimdən qara tikanlar bitəcək,
Dizlərimi tapmayacaqlar.

Çağırıram, səsim yaramır,
Qayalar səsləşir:
"Səni yola çağırmışlar...!".
Tehran, May 1994


Uyqu

Neçə mənzil aşıb, sərxoş gəlmişəm,
Nə bilim, çatıram hansı yurda mən.
Gərək ki, ötdüyüm qaranlıqlarda,
İtirdim bir çox dostu, canyananı.
Kimisi dindirirdi məni uyğu tək,
Kimisi mənə badə sunurdu.

Belindən köhlənimin gahdan aşırdım,
Dedilər, irəlidə hələ körpülər var,
Qulağım sevindi axar sulara, şırıltılara,
Bulağın sözündə sədaqət vardı.

Dirçəlmişdi yenidən sönük bir sevda,
Şəmatət kimi, kəskin sorğu tək,
Zəmanın didərək pərdələrini.

Bu axşam günəş ərkən batmışdı?
Yoxsa mən aranları haçan keçmişəm?
Haradır? Çatıram hansı yurda mən?
Köhlənim, yəhərim, yüyənim hanı?
Tehran, May 1995

Vüsal

Vüsal
Dolanmışam ay işığında,
Dönüm- döngələri, dalğın küçələri,
Sevə- sevə xumar gözlərini,
Vüsal çətin, könlüm naçar.

Aydın sular, şən duyğular,
Pərdə düşdü çılpaqlığına, sevgimizin,
Qorumaq üçün ötən səadətimizi.

Yağı kimi bel- budağını, dil- dodağını,
Talamağa gəlmişdim,
Fikrim azğın, hissim şıltaq.

Gür bulaqlar çən- dumanın sinəsindən,
Qaynamağa başladı,
Pəncərədən sızıb- gələn körpə nurlar,
Səadətə çevrildi,
Göz aydınlıq gətirdi.

Nə duyğular baş qaldırdı sinəmdən,
Budaqlarda cəvan salxımlar kimi,
Çağırırdım ipəklərin yoluna,
Işıq tarlasına,
Üzün yola, könlün himbir.

Qarşımızda başlanırdı,
Yaşıl, yağmurlu aran,
Bulaqların bahar dolu sevinci,
Sevgimizin amansız dalğaları.
Tehran, mart 1995


Ildırım

Güney buludlardan daşlanıb,
Nə çapırsan, yağı kimi,
Sinəsində tutqun göylərin?

Az qalır, qırılıb tökülsün,
Könlümün kövrək budaqlarından,
Salxımları, köhnə duyğu-düşüncələrin.

Aranlara şıdırğı yağan damcılar ışıqlansın deyə,
Bir daha kükrədin, bir daha şaxıdın,
Şəmatət kimi!

Sevginin sancıları tək,
Amansız söküldün.

Quduz sellər atlanacaq,
Alışıb-yanacaq çürük inamlarımız,
Qızğın ocağında sənin.

Bulaq kimi dalmışam,
Gecənin qoynunda, aydın duyğu-düşüncələrə.
Sübhə kimi göydə yanar çırağım ol,
Arxam, gücüm, dayağım ol.
Tehran, May 1995


Ozan Səsi

Ulduz kimi qaranlıqda parladın,
Dünyamıza salxım-salxım şən ulduzlar səpildi.
Yahalmadım, yanılmadım,
Sən doğruydun, boğazldakı qəhər kimi.

Sahil boyu sayrışırdı çıraqlar,
Gözlərimiz mutluluq yaşayırdı,
Vüqarlı bir ozan səsi kainata ucaldı,
Vaxt oldu ki, göz yaşlarım,
Ulduz kimi yuvarlandı.

“Qoy yaşasın bu ışıqlar” – söyləyərək gördüm ki,
Ürkək səslər dilə gəldi,
İçərimdən bir cəmaət ulduzları hayladı,
Mən bir çılğın haray oldum,
Kainata yayıldım.
Tehran, Oktyabr 1995


Şanlı Dilim

Bizdə ziyafət qurulub, bax, ucalır mahnı səsi,
Xoş görünür dövranımız, qoy yaşasın şanlı dilim.
Qünçədodaq, incəyanaq qız-gəlinin,
Xoş sözünün zinətisən,
Rəğbətisən könüllərin.
Sən günəşin yollarının sakit axan çaylarısan,
Yaylağı, oylağı, dağı durnalı-tərlanlı dilim.

Canıma bir od daraşıb, varlığıma düşdü talan,
Onda ki, bənd oldu könül,
Eşqə düşən bir mən özüm yox,
Bütün aləm sənə birdən-birə heyran qaldı.

Başı sevdalı, gəzir sahili minlər şair,
Dəli ceyran sorağı ilə,
Beli nazik, gözü çılğın, ucaboy,
Eşvəli canan sorağı ilə.

Sarılıb könlümə bir duyğu ki, yoxdur adı,
Ancaq baxıram,
Hərə bir hekməti,
Ya odlu bir eşqin nağılın nəzmə çəkir,
Açılır qarşıda qat-qat,
Nə geniş pəncərələr, günəşin sahilinə.

Nə şəmatətlərə qaldım, nə yarıldım,
Necə doğrandı bu çılğın könlüm.
Bu dəb ancaq nə gözəldir ki,
Aşıq yanmasa, qovrulmasa,
Çatmaz ışığın çeşməsinə,
Sinəsindən yarılıb, oxlara tüş gəlməsə,
Sevdasına varmaz.

Danışarkən uca dillən, qayalardan uca,
Dağdan uca, ulduzdan uca,
Hamı bilsin, nə gözəlsən,
"Eşq ocağında yanıb-qovrulan insan"-lı dilim,
"Sinə çığrışla dolu, gözləri tufanlı" dilim.
Tehran, Aprel 1996


Ürəkkeçmə

Özlüyümdən üzülmüşdüm,
Kainat qırılıb-tökülən zaman,
Qalmışdım qanlı budaqlarda,
Damarlarım kəsik-kəsik.
Tehran, Oktyabr 1996


Pay Bölüşmə

Budaqlardan başlanmışdı yazlarım,
Gəl paylaşaq bu həyatın varlığını:
Budaq mənim, çiçəklənən yazlar sənin.

Gözlərindən ilham aldı diləklərim,
Təmənnalar baş qaldırdı könlümdən,
Taleimiz, sankı, uğurlu çıxdı,
Üfüqlərdə barışdı ulduzumuz,
Gəl paylaşaq bu talei: üfüq mənim, dilək mənim,
Barışlı ulduzlar sənin.

Mən bir qəzəl, mən bir haray,
Könüllərdə səs salmağa bir həqiqət,
Qəzəl mənim, qəzəllərdə dilə gələn sevda mənim,
Sahil boyunca səsləşən sevdalı avazlar sənin.
Tehran, Sentyabr 1996


Yuxusuzluq

Yatağımda çabaladım,
Hey qıvrıldım, hey açıldım,
Gah qoşuldum rö’yaların kərvanına,
Şəhər-şəhər üfüqlərdə gəzindim,
Zaman keçdi, ulduz söndü,
Uyumadı gözlərim,
Sinəm üstdən baş qaldıran təmənnalar qoymadı.

Qaranlıqda yavaş-yavaş,
Mürgüləyən bir qalaya dönürdüm,
Pəncərəmdə gah bir ulduz, gah bir ocaq, közərirdi-sönürdü,
Uyqularım zinə sular kimi axıb gəlirdi,
Rö’yalarım göllənirdi,
Uyğularda2 bəslədiyim o sevdalar, silkələnib, töküldü,
Rö’yalarım baş tutmadı,
Ildırımlar, gurultular,
Üfüqlərdən baş qaldıran o qövğalar qoymadı.

Qalam düşdü düşmənlərə,
Ucalıqdan divarlarım ağnadı,
Rö’yaların mürgüləyən quzuları-qoyunları,
Boz çöllərə dağıldı,
Başım üstdən qaraltılar sovuşdu,
Zaman keçdi, ulduz söndü,
Uyumadı gözlərim,
İçərimdən cığırışan müəmmalar qoymadı.
Tehran, Yanvar 1977

Xatirə

Xatirə
Yadındamı, yanğınlara çatmışdıq?
Sən söylədin: “Nə gözəldir bu həyat!”?
Sondunda da qarşımızdan aydın sular keçirdi,
Biz dayanıb, qısa bir an yaşadıq?

Yadındamı, üfüqlərdə tərlanları hayladıq?
Sonunda da eşqimizi kainata payladıq?
Mən çağırdım, ormanlardan ağ sonalar səsləndi?

Yadındamı, ormanların içində,
Unudulmuş şəhərləri bulmuşduq?
Aslan ilə qaflan gəlib, önümüzdə diz çökdü?
Yadındamı, ellər gəlib eşqimizi qutladı?

Söyləmişdim, gözlərinin görüşünə dönəcəyəm,
Yadındamı, əllərin-əllərimdə yağmurları atladıq?
Sevgi dolu axşamları haqladıq?
Şərab ilə mahnılara qovuşduq?

Yadındamı, dərdlər məni sarsıdarkən,
Gözlərindən ilham alıb toxtadım?
Yadındamı, nə mutluyduq səfərimizin sonunda?

Anladım ki, mən bir çılğın inadmışam,
Sənsə aydın həqiqət.
Tehran, Noyabr 1997


Törəniş

Bulud kimi dənizlərdən törədim,
Sinəm dəli yağmurlarla doluydu,
Üz tutmuşdum qarşı yatan dağlara,
Gürşad olub yamaclara yağmağa,
Rüzgar məni boz çöllərə azdırdı,
Gözdən itdi dağım-dayağım mənim,
Üfüqlərdə yayıldıqca seyrəldim,
Sonsuz yaşıl düzlərdə,
Gözdən itdim, izim-tozum qalmadı.
Tehran, Dekabr 1997


Ömür-gün

Sal qayalar durar ikən axıb zəmanə keçdi,
Gecələrdə uyumadım, gündüzlərə sığmadım.

Aydın sular görününcə ilhamlarım başlanırdı,
Dərələrdə səfil gəzən kölgələr,
İçərimdən dilə gələn qəzəllər,
Qovuşaraq mahnılara dönürdü.

Baş-başa qalmışdım ilhamlarımla,
Başımdan aşıb qayğılarım daşırdı,
Sevdalarda isinmədim, baxışlarda məhv oldum.

Gah bir həsrət sarsıdırdı könlümü,
Gah bir sevinc ürəyimə qonurdu,
Atdımlarım yaramadı, yağmurlara gecikdim.

Gah bir şıltaq hevəs, gah,
Bir qutsuz qarğış idim,
Mən bir kəskin söz olmuşdum,
Haraylarda səslənməyə,
Alqışlarda ucalmadım, dövranlarda qocaldım.

Haydı dostlar, pay bölüşmə zəmanıdır,
Mutluluqlar sizin olsun,
Göz yaşları mənə yetər.
Tehran, Dekabr 1997


Pay

Yaranmışdım böyük eşqlər üçün,
Mənə böyük nifrətləri verdilər.

Sanmışdım ki, ürəyində şairin,
Ya bir qətrə sevgi ya
Dəryalarca kədər gərək,
Zəmanələr ötər ikən sınaqlara tuş gəldim,
Bir qətrəni çox gördülər,
Qismət mənə dərya düşdü.
Tehran, Dekabr 1997


İstiqbal

Körpə ikən aydın sular sənin beşiyin oldu,
Axar ikən göy dərələr, ormanları yaşadın,
Bəslədilər, boya çatdın, nisgilləri unutdun,
Dumanların ötəsində bir səltənət yaratdın.

Günəş soyundan olan bir ağ atı gətirdilər önünə,
Unutduğun şəhərlərə üz tutdun,
Öz kökünü aradın,
Küçələri insan dolu şəhərlərə ulaşdın.

Bütün insan qəbiləsi yolunu gözləyirdi,
Döhüllərin səsi sənin gəlişini hayladı,
Hər yer sənə mutlu baxan gözlər ilən doluydu,
Sevincdən hay qoparan səslər səni çağırırdı,
Üfüqlərdən çiçəklər sovrulurdu.

Hər yer sənə badə sunan əllər ilən,
Hər yer səni qucmaq üçün
Uzadılmış qollar ilən doluydu.
Sağa-sola yan aldılar, yol verdilər,
"Keçid verin, – söylədilər – uğurludur gülüşləri,
Uğurludur baxışları,
Uğurludur ağ atının yerişləri.".

Hər yer səni öpüşlərlə qarşılayan
Dodaqlarla doluydu.
"Keçid verin, – söylədilər – uzaq yolun yolçusudur.".
Gəlişini bayram tutan dohüllərdən hay qopdu,
Rəqs edərək alabəzək qızlar önündən keçdi,
"Açıq olsun yolun," – deyə su səpdilər,
Sonsuzluğa qovuşmağa yol verdilər.
"Haydı iyid, – söylədilər – tanrı səni,
Yaman gözdən qorusun,
Sən ellərin tarixində sönməz bir ışıq oldun,
Günəş sənə bu tükənməz yollar boyu yoldaş olsun,
Haydı iyid, – söylədilər – tanrı səni,
Yaman gözdən qorusun.".
Tehran, Avqust 1998


Yaşadıram

Çox olur ki, üzülürəm, əl açıram hər yetənə,
Yabançıdan yollarımın unudulmuş izlərini soruşuram,
Baxıram ki, nə yabançı, nə yol, nə iz,
Nə bu varlıq, nə mən, nə biz,
Hansı isə doğru deyil,
Sən deyirsən: "inanmıram,
Bütün bunlar mö'cüzədir",
Mən özümdə o sən deyən mö'cüzəni yaşadıram.
Tehran, Avqust 1998


Ulduzlara Dönüş

Ötərikən budaqlardan,
Yağmurları atladıq,
Daha sonra önümüzdə mavi dəniz açıldı,
Yelkənlərə çırpınaraq üfüqlərə qovuşduq,
Günəş məni ibadətə çağırdı,
Kainatın böşluğunda mən haraya çevrildim,
Sən soruşdun: "Biz haraya çatmışıq?",
Söylədim ki, bu sahələr mənim üçün yad olsa da,
Mən bu cəvan ulduzlarda məhv olmağa gəlmişəm.
Tehran, Noyabr 1998


Nə Üçün?

Buludlar toplaşıb, yağmur çilədi,
Bu ulu dağların qoynunda yatan,
Bulaqlar qaynaşıb, aydınlıq oldu,
Bu çaşqın zamanda söylə, ey günəş,
Söylə nə üçün gülümsəmədin?

Sən susan o mə’sum dəqiqələrdə,
Addımlar sarsıldı,
Səslər səngidi,
İnsanlar toplusu çıxdı yol üstə,
Üfüqdən, dedilər, başlanır izi,
Səni görməyə halay qurdular,
Başabaş yol üste çiçək düzdülər,
Çəkdilər minlərcə dəfə adını,
Talesiz həyatın keçdi dövranı,
Günəş, nə üçün gülümsəmədin?
Tehran, May 2003

Sevinc

Sevinc
İnanıram səadətin adına,
Qərib bir səs zülmətlərdən dillənir,
And içərək kimsə çəkir adımı,
Mənim yorğun dizlərimə hey gəlir,
Yolum üstdən sıldırımlar çəkilir,
Qayaların sinəsindən şırıltılar başlanır,
Uzun sürən zülmət mənə yol verir,
İşıqlara doğru yola çıxıram,
İnanıram səadətin adına.

Dan ışığı sökülərkən,
Sevgilimin əllərindən tutaraq,
Söyüdlərin sahəsini ötürük,
Yaşıllıqlar sürüşərək birbəbir,
Arxamıza çəkilir.

Qarşımızda çiçəklərin səltənəti başlanır,
Ötən quşlar ayət olur bizlərə,
Körpülərin hissi bizi çulğayır,
Parıltılar başlananda çatırıq,
İnsan dolu səadətli çağlara.

Nə yaxşı ki, diləklərin yeddi boya bayrağı,
Mürgüləyən zəmanəni doldurdu,
Kərvanların cingiltisi kainati bürüdü,
Mənim yəqin ulduzlarım parladı,
Yeni dövran muştuluqlar gətirdi.

"Gözüm aydın" deyən qızlar gülümsəyir yol üstə,
Çox gözəlmiş bizim adət, bizim dəb,
Aman bilmir, zaman bilmir sevincim,
İki sünbül bir əlimdə saxlayıb,
Bərəkətin bayrağını çəkirəm,
Günəş bizə səs verəcək yenə mutlu çağlarda.

Qoy şairin duyğuları təravətli səhər tək,
Meşələrdə sürünsün,
Gündüzlərin yeddi boya cizgisi,
Üfüqlərdə görünsün.

Çağırıram gələcəyin rəmzini:
Axar suya dayanmasın elimiz,
Hər bir sözə inanmasın elimiz.
Tehran, Aprel 2003


Mahnı

Bir zamanlar şe`rlərin gülşənində,
Yarpaqların yaddaşında yaşamağa alışmışdım.
Qollarımda cəsarətin damarları gərilməkdə,
İçərimdən kainati çılğın səslər çağırmaqda.

Qəzavətlər həqarəti paylaşmağa çağırarkən,
Tərəddüdlər içərimdə izdihama çevrilirdi,
Şe`rlərim səngimişdi, ayətlərim tükənmişdi,
Mən şəfaət diləyirdim.

Üfüqlərdən qılıcların cingiltisi başladı,
Divardaki qan damlası ürkütmədi könlümü,
Söylədilər, bu yerlərdə tükənəcək dizlərinin taqəti,
Tufanlarda addımların sarsılacaq,
Baxışların ürkəcək,
Axar sular yollarını azacaq,
Fələklərdən üsyan səsi ucalarkən,
Sülalələr köçəcək,
Dörd tərəfdən möv`izələr yağacaq,
Misraların səpələnib, yağmurlara qovuşacaq,
Qalacaqsan qasırğalar caynağında,
Dodaqların çatlamış,
Şəfaətlər yaramaz,
Cəsarətlər tükənmiş,
Bircə an da dayanmağa iznin yox,
Geri dönüb baxmağın da yasaqdır.

Faciələr sona çatdı,
Qılıcların cingiltisi dayandı,
Aldanışlar xəzəl kimi tökülmüşdü yerlərə,
Şübhələrin səltənəti devrilmişdi,
Yəqinlərin təravətli havaları küçələrdə əsirdi,
Ayaq səsi dillənirdi döngələrdən,
Çağırırdım, cavan səslər bir mahnıya çevrilirdi:
Ayət sənsən, günəş sənsən, dövran sən.
Tehran, May 2000



Dəmir Pərdə

Ay dedim, Dəmirdən pərdə çəkdilər,
Günəşin aydınlıq qəbiləsini,
Qürbətdən qürbətə sürgün saldılar.
Baxıram bu yalqız torpaqlara mən,
Əl boyda yaşıllıq gözə görünmür,
Necə oldu, söyləyin, insan toplusu?
Necə oldu, göllərdə çimən sonalar?
Üfüqdə yol çəkən durnalar hanı?
Nə üçün susubdur dodaqlarınız?
Nə üçün şairlər yadırğadılar?
Ulduzlar boyanıb qan boyasına,
Danışmaq ən böyük günah sayılır,
Könüllər nə üçün sözdən çəkinir?
Kinələr nə qədər qorxunc görünür,
Çox dəhşət görünür görkəmləriniz,
Aləmi nifrətin tozu bürüyüb,
Kinəyə çevrilmiş məhəbbətə bax,
Amandır, qoymayın qarsalanım mən,
Ya mənə nə isə bir vird öyrədin,
Ya məni bulağa- suya çatdırın,
Tələsin, yanıram nifrət odundan,
O sərin suların təravətindən,
Üstümə bir neçə damla çiləyin,
Üz tutub öz cavan tanrılarınıza,
Bu çılğın könlümə toxtaq diləyin.
Tehran, Sentyabr 2000



Sevgi

Söyləməyin, sevgi bütün gözəlliyin daşqın axan bulağıdır,
Söyləməyin, sevgi yalnız özümüzdən keçməkdir,
Söyləməyin, sevgi bizə sərvət ilə dövlətdir,
Söyləməyin, sevgi yalnız ibadətdir, ya bir çılpaq anddır,
Söyləməyin, sevgi yalnız məlamətdir, göz yaşıdır, əzabdır,
Söyləməyin, sevgi ışıq dünyasıdır bir qaranlıq çevrədə,
İnanmıram bu yaramaz sözlərə,
İnanmıram sevgi nəsə bir alışqan ocaq olsun,
İnanmıram parlaq günəş olduğuna sevginin,
Tanrıların yenilməzdir səltənəti, qüdrəti,
İnanmıram sonsuz ola səltənəti sevginin,
Deyirdilər sevən könül qocalmaz,
Deyirdilər bu həyati başa vurmaq çox çətindir sevgisiz,
Deyirdilər yağmurları atlamaqdan başlanır,
Üfüqlərdən baş qaldıran günəşlərə qovuşmaq,
Yaşıllıqlar qucağında məskən salıb yaşamaq,
Demişdiniz, eşq odur ki,
Kainatın doğumundan bir rəvayət danışalar sevənlər,
Sevənlərin ərməğanı şaqqanaqdır, qaqqıltıdır, gülüşdür,
Badələrin pərdəsində oğrun- oğrun görüşdür,
Bütün bunlar aldanışdır, əfsanədir, ilğımdır,
Demişdiniz, sevgi ancaq çağırışdır, haraydır,
Demişdiniz, sevgi ancaq cəvan, mutlu çağlarda,
Bulaqların təravətli kölgəsində unudulmaz görüşdür,
Bəlkə də siz haqlıydınız,
Mənim isə inamlarım başqadır,
Qoyun sizə mən sevginin nə olduğun anladım:
Bir- birinin gözlərinə baxmaqdansa,
Sevgi ancaq mavi göyün altında,
Birgə durub, üfüqlərə baxmaqdır,
Sevgi ancaq zamansız bir əbədiyyət qoynunda,
Kainati seyr edərək qalmaqdır.
Tehran, Aprel 2001


İncimədim, Dilənmədim

Haqlı olmaq təhlükədir,
Orda ki, haqsızdır divan,
Şanlı olmaq faciədir, orda ki, yoxsuldur zaman,
Gözəl olmaq böyük suçdur,
Gülümsəmək cinayətdir,
Mahnı səsi uğursuzluq nişanıdır,
O yerdə ki, qarğış tutub hər yanı,
O yerdə ki, boğazlara qəhər ilişib qalıb.

Sabahların parıltısı, könüllərin çağrışı,
Buralarda suç sayılır,
Suç sayılır yaşamaq, könül vermək, özləmək,
Suç sayılır göz yaşları,
Suç sayılır sevgilini gözləmək.

Qamçı ilə varlığımı taladınız, incimədim,
Qılıncla sinəm üstə qanlı cizgi cizdiniz,
İncimədim, dilənmədim,
İndi isə düşüncələr böcək kimi üz- gözümə dırmaşır,
Kinə dolu bu könülü toxtatmağa aracım yox,
Sevincimi körpə ikən qarət edən əllər mənə uzanır,
Zaman dustaq, könül dustaq, söz dustaq.
Tehran, Avqust 2001


Bəsdir

Bəsdir, dedim, iki səfil kölgə kimi sürünmək,
Bəsdir, dedim, bu aldanış, bu yalan,
Bəsdir, dedim,
Bu yaramaz gündüzlərin gedişi,
Bu talein buralarda adı yox,
Bu əməyin bərəkəti, dadı yox.

Seyr et necə,
Bu qocaman yurd içində,
Günəşlərin son izləri,
Mavi kölgə sərgisinə çevrilir,
Mən bu gümüş duyğularda çimərkən,
Taleimi güdürəm,
Könlüm çaşqın, dizim qançır, əlim kəsik, hamı yad.

Haray salsam, mürgüləyən bu kölgələr ürkəcək,
Çağırarsam,
Yalanların salxımları silkələnib düşəcək,
Geri dönsəm,
Yorğun günəş dənizində duyğularım batacaq,
Bəsdir, dedim, bu aldanış, bu yalan,
Bəsdir, dedim, bu yaramaz gündüzlərin gedişi,
Bəsdir, dedim, ölüm kimi,
Bu yuvanın üzərində dolaşmaq,
Bəsdir, dedim, bu şəmatət, bu qınaq,
Bəsdir, inan, bu gediş.
Tehran, Avqust 2001


Bir An Da Axmaqdan Dayanmadı Çay

Bir an da axmaqdan dayamadı çay,
İçində çimərkən bol xəzinələr,
Buludlar bircə an guruldamadan,
Şaxmadan ıldırım şəlalələri.

Bircə an sönmədi yanğı günəşim,
Həyatın qaranlıq cığırlarında.

Ötüşən dalğalar misalı mən də,
Silkinib, özümdən ötüb keçirəm,
Bu incik könül heç toxtaq tanımır,
Talan bir, talanmış qəbilə birdir.

Vur- döyüş tükənib, susub atəşlər,
İçərim özümə qənim kəsilib,
Duyğular mənə gör nə divan tutur,
Gör necə doğrayır qol- budağımı,
Qılıc bir, doğranmış səadət birdir,
Duman bir, dumanlı zəmanə birdir.
Tehran, Fevral 2002

Tem və Variyasiyon

Tem və Variyasiyon
Ələsgərəm, hər elmdən halıyam,
Dedim, sən təbibsən, mən yaralıyam,
Dedi nişanlıyam, özgə malıyam,
Sındı- qol qanadım, yanıma düşdü.
- Aşıq Ələsgər

Çərşənbənin mutlu səhər çağlarında,
Yaş duyğular içərimdən dilə gələn zəmanələr içində,
Aydın bulaq kölgəsində gözlərinə tuş gəldim.

Səfil, düşdüm bir sevginin parıltılı izinə,
Könül evim bir baxışdan hər an viran olarkən.

Haçan, dedin, gələcəksən bizim yaşıl yerlərə,
Dilim tutar- turmaz dedim:
Qızıl güllər açan çağda,
Bahar bizim obalara qonaq gələn zamanda.
Ələsgərin soyundanam, söylədim mən,
Bir arifəm, bu dəhrdə hər elmdən halıyam,
Sən, ey gözəl, bir təbibsən,
Mənsə sonsuz faciələr xəstəsi,
Dəymə mənə, yaralıyam, yaralı.

Bəlkə dedim,
Mən bu sevda yollarına əbəs yerə gəlmişəm,
Bu nə işdir,
Adını da söyləməyim yasaqdır,
Bu nə işdir,
Gözlərinin yaşını da silməyə yaramazam?
Lə`nət olsun bu sükutun adına,
Siz hamınız şahid olun talein bidanına.

Yabançılar başımıza toplaşdı,
Alqış sənin ulusuna dedilər,
Dinlədilər, dinlədilər,
Bütün varlıq dinləyərkən,
Sənsə heç nə söyləmədin.
Gözlərini düşünərkən anladım ki,
Sən də əski badələrdən içibsən,
Sən də bu od pərdəsindən alışaraq keçibsən,
Sən də bütün sınaqların içindən,
Qovrulmağı seçibsən.

Başım üstən qaraltılar sovuşdu,
Birdən- birə dörd tərəfdən pıçıltılar başlandı,
Ulduzların ötəsindən çılğın səslər dilə gəldi,
Sinəm üstən təmənnalar səsləndi,
Axar sular, şırıltılar həqiqəti çağırdı:
" nişanlıdır! – söylədilər, – başqasının malıdır,
O bir könlün toxtağıdır, zülmətlərin qoynunda,
O bir ümid çiçəyidir,
Bir aşiqin bahar qoxan baxcasında,
O bir aydın şəlalədir, ömrün yaşıl çağlarında,
O bir sevinc mahnışıdır ziafətlər içində,
Qayət odur, ayət odur,
Sənsə mutsuz bir düşüncə" – dedilər.

Bircə anda sındı qolum- qanadım,
İki ölmüş göyərçin tək,
Düşdü iki yanıma.
Tehran, Sentyabr 2001


Yanqın

Dumanların sahəsində,
Bulaqların göz yaşına dayandım,
Mən gumanlar sahəsində,
Yəqinlərin çağrışını dinləmədim,
Bütün canlar axtarışdan yorulmuş,
İstəkləri tükənmiş,
Damarları soyumuş.

Kainati buraxmışkən tanrılar,
Heykəllərin baxışları uzaqlarda,
Dumanların ötəsində,
Çaşqınlığa uğramış,
Divar üstə qan damlası,
Sona çatmış faciənin anıtı,
Mənsə çılğın bir könülü toxtatmağı bacarmadan,
Yanqınların qarşısından,
And içərək keçirəm.
Tehran, Fevral 2002


Gülüş

Nə xaldan danışıram, nə dodaqdan,
Nə ceyrandan söz açıram, nə çəməndən,
Nə bulaqdan, nə yağmurdan,
Nə baxışdan bəhs edirəm,
Nə könüldən, nə istəkdən,
Bu tələsən zəmanədə,
Təkcə sənin,
Məğrur- məğrur gülməyini,
Dəftərimə yazıram.
Tehran, Aprel 2002


Ayıq Ol

Könül sənə bir məsləhət verirəm,
Gözəllərə vurulanda ayıq ol,
Taleində sənin uğur görürəm,
Axar sular durulanda ayıq ol.

Səslənirsən dəmirəmi, daşamı?
Həyat necə çatacaqdır başamı?
Yaman günün uzun sürməz yaşamı,
Haq divani qurulanda ayıq ol.

Gah sevinib, gahdan həzinləyirsən,
Nə məsləhət, nə bürhan dinləyirsən,
Bilmək olmur, nə iş düzənləyirsən,
Dərin hekmət sorulanda ayıq ol.

Rəfrəf, səni xoş zamanlar gözləyir,
Həyat boyu canyananlar gözləyir,
Həm yaxşılar, həm yamanlar gözləyir,
Əldən düşüb yorulanda ayıq ol.
Tehran, Avqust 2002


Əllərim,

Deyirdin, çiçəklər əbədi yaşar,
Bəs mənim tufanda solan əllərim?
Bu sevinc hər zaman qaynayıb- daşar,
Göz yaşlarilə dolan əllərim?

Yəqinim ucaldı, ötdü zamandan,
Bir daha sarsılmaz şaxta- borandan,
Torpağa tökülmüş mə`sum o qandan,
Öz cəsarətini bulan əllərim.

Hanı bəs o çılğın sevinclərim?
Nə üçün çulğadı məni bu qürbət?
Bu iqlim nə qədər soyuq görünür!
Yanlış fəlsəfələr azdırır məni,
Hanı bəs o parlaq yəqin ulduzum?

İndisə çatıbdır son imtihanlar,
Sınaqdan keçəcək yaxşı- yamanlar,
Mö`cüzə başlanır, ötür gumanlar,
Yüksəlir münacat qılan əllərim.
Tehran, Dekabr 2002


Lejyonlar

Qan- qan deyən lejyonlar yürüyür,
Aman Tanrım,
Nifrətlərin qan qoxuyan rənginə bax gözlərdə,
Gəmilərin sədaqəti satılmış,
Dənizlərin səlabəti tükənmiş,
Rüzgarların əsintisi yalançı.

Qalabalıq başlanır,
Lejyonlar yola çıxır amansız,
Üzübəri axıb- gələn al geyimli ordular,
Ah, bu qanlı neyzələr!
Aman Tanrım,
Qayaları söküb- tökən nifrətə bax gözlərdə!

Salxım- salxım dan yelləri əsdiyində,
Mən evimə dönəcəyəm,
Bitməyəcək bu dilək,
Sönməyəcək bu məş`əl.
Tehran, Noyabr 2002


Hansına İnanım?
Öz yalqızlığıma inanım,
Yoxsa sənin gözlərinə?
Bu gərgin sükutamı,
Yoxsa sənin sözlərinə?
Tehran, Noyabr 2002

Romans


Romans

Günəş doğur, günəş batır,
Ömür keçir, gün keçir,
İllər ötür tələsik.

Yaz ardından yaz gəlir,
Payız ötür, qış olur,
İllər ötür tələsik.

Heç bilmirəm nə zaman,
Sənin mə`sum gözlərin,
Gözəlləşdi bu qədər,
Bütün ellər içində,
Alqışlara tuş gəldin.

Heç bilmirəm nə zaman,
Boya çatdı bu istək,
Gözlərinə vuruldum.
Heç bilmirəm nə zaman,
Gumanları atladıq,
Günəş dolu sahillərə, inamlara qovuşduq.
Heç bilmirəm nə zaman,
Arzularım başladı,
Bir yanan nəfəs kimi,
Düşdüm sevda oduna,
Sabahları səslədim,
Həqiqəti özlədim,
Əllərinə tuş gəldim.

Vaxt oldu ki, axtardım,
Sənin şux gözlərini,
Gecələrdə alışan,
Ulduzlar cərgəsində.

Eşqə düşmüş bu könül,
Sənə vurulan zaman,
Zülmətlərin içindən,
Işıq seli başladı.

Heç bilmirəm nə zaman,
Səslədilər adımı,
Mənə buta verdilər,
Mavi boya içində,
Məni şair sandılar.

Heç bilmirəm nə zaman,
Əbədiyyət başladı,
Təkcə onu bilirəm,
Ömür keçir, gün keçir,
İllər ötür tələsik,
Mən düşürəm hər zaman,
Sınaqlardan sınağa,
Həyati düşünərkən.

Qoy bu istək, bu dilək,
Tükənməsin, sönməsin,
İnsan öz ilqarından,
Sapınmasın, dönməsin.
Tehran, Dekabr 2003


Dinlə Məni,

Dinlə qoca kainatı, sevgilim,
Dinlə cavan ulduzların ritmini,
Dinlə parlaq gündüzlərin səsini,
Dinlə sonsuz bu həyatın,
Mə`nasını oluşduran gecələrin rəmzini,
Dinlə axan çayları,
Göy üzünə baş qaldıran dağları.

Dinlə susan meş`ələri,
Dinlə cavan ulduzların ritmini,
Dinlə yeni yaratdığım,
Bu əfsanə dilini,
Dinlə necə saniyələr birləşərək,
Şölənlərə çevrilir,
Dinlə necə zəmanəmiz ziafətə dönüşür,
Dinlə mənim dilimdəki ayələrin sehrini,
Dinlə sonsuz üfüqlərdə,
Bu amansız yağmurları, sevgilim.

Yoxsul ikən dövranları keçirdim,
Dizim qancir, könlüm incik, əlim boş,
Qan qadası kainati tuturdu,
Atdımlarım sarsılırdı yollarda.

İndi isə başım üstə min bir günəş alışır,
Mutlu ikən zamanları ötürəm,
Dinlə cavan mahnıları, sevgilim,
Dinlə necə düşüncələr,
Birləşərək inamlara çevrilir,
Dinlə necə ulduzların ziyafəti başlanır,
Dinlə necə gumanların səltənəti sovuşur,
Dinlə mənim dilimdəki ayələrin sehrini,
Dinlə məni, sevgilim.
Bakı, Janvar 2004



The Mind of Man

Along the red river I was sailing,
As in the mind of man the sun rose,
My impatience kept whispering,
And the murmurs streamed to a loud roar,
Beats calling from the end of each corridor.

Word clusters hovered in the hasty rainfalls,
From the gaps in the rocks sprang thoughtful angels,
My eyes noticed suddenly,
Glaring windows torn by the restless verses,
Hasting starwards,
As in the valley the voices met,
And in the fluids hesitated my puberty.
Tehran, Sentyabr 1995

"The Mind of Man": Tərcümə
İnsan Zehni,
Qızıl çay boyunca gəmimi sürərkən,
İnsan zehnində doğurdu günəş,
Amansızlıq məni buraxmırdı.

Zümzümələr haraylara çevrildi,
Hər keçidin sonundan,
Çırpıntılar eşidildi.

Salxımları sözlərin,
tələsən yağmurlarda ləngimişdi, sönmüşdü,
Qayadakı çatlaqlardan,
Fikrə dalmış məlakələr daşlandı,

Dərə içrə səslər qovuşan yerdə,
Misralarım gözlərimin önündə,
Parıldayan o camları çatladaraq,
Dörd bir yana səpildi,
Ulduzlara üz tutdu,
Boya çatdım yaş duyğular içində.
Tehran, Sentyabr 1995
 
Site Meter Site Meter