Tuesday, January 6, 2009

Bahar Duyğusu

Bahar duyğusu
Günəş doğunca bu yurdun baharı doğrulacaq,
Nə bir kədər, nə də hər hansı bir guman olacaq.
Boranlı şaxtaların mülkü tar-mar olacaq,
Nə ondan ad, nə də hər hansı bir nişan qalacaq.
Elin ziyafəti sahil boyunca çağlayacaq,
Sənəmlər eşqinə peymanələr padar dolacaq.
Çəmən gözəlləri hər canı mübtəla qoyacaq,
Mənim kənarımı istəkli bir canan alacaq.
Dodaqlarında qəzəl, dildə mahnı qız-gəlinin,
Gül üzlərində gülüş, əllərində cam olacaq.
Bulaq kimin duru bir iştiyaq məndə coşur,
Sevinc dalğası çırpınma can səfa bulacaq.
Sinəndə var nə qədər odlu söz danış, Rəfrəf,
Yarıb zamanları, şimşək kimin haray salacaq.
Tehran, May 1976


Böyük Çillə

Çığırır sinədə bir səs ki, sığışmaz haraylara,
Elə bil, yırtıcı quşlar yol açıbdır bu taylara.
Dəli tufanlar aşıb dağları, yortur bizim yerə,
Yenə çovğunlu küləklər əsəcəkdir quzaylara.
Gecənin zəhmli heykəlləri hündürdən ağnayır,
Alınıbdır qalalar, od daraşıbdır saraylara.
Nə buludlar ki, şəmatət kimi kəsmişdi yolları,
Könülün qayğılı saətləri gəlməzdi saylara.
İşaran pəncərələrdən ucalır ellərin səsi,
Ola bilsin ki, yatanlar da oyansın bu haylara.
Qabarır arzusu qəlbimdə dumansız güneylərin,
Yenə boylandı xəyalım o təravətli yaylara.
Bilirəm yaz gələcək, şanlı sabahlar bizimkidir,
Həvəsim yox gözəgəlməz bu həqarətli paylara.
Tehran, Oktyabr 1978


Sabahım

Sevinc dalğası sinəmdə çırpınır avaz boyuca,
Günəş doğub, ulu bir mahnı çağlayır Araz boyuca,
Səhər mehində açıb zülfünü nigar yaz boyuca,
Qucaqda sən gətiribsən bahar, mənsə gül, sabahım.

Nə xoşdur oylağı- yaylağı şanlı yurdumuzun,
Yanağı qızlarının almadan nışanlı yurdumuzun,
Ağızda hekməti, qoynunda saz ozanlı yurdumuzun,
Səhər söküldü, yamaclarda parlayır yaşıl sabahım.

Diyar- diyar ziafət qurub günəş, duman çəkilir,
Ərişdi dövləti artıq bənövşənin, tikan çəkilir,
Qovuşdu bizlərə yorğun yəqinimiz, guman çəkilir,
Səninlə başlayır insanlığa, həyata yol, sabahım.

Əyilməsin qara günlərdə eşqimiz, inamlarımız,
Elin səadəti güldükdə parlasın salamlarımız,
Işıqlı pəncərələrdən haraylasın muğamlarımız,
Oyatmısan dəli könlümdə şanlı bir qəzəl, sabahım.

Nə gür ocağı yanır hər tərəfdə bəxtiyarlığımın,
Müdam şöhrəti qoy düşsün aləmə yaşarlığımın,
Elin dilində nə xoş dillənir sədası varlığımın,
Bu incəlikdə, məlahətdə görmədim, gözəl sabahım.

Dumanlı sinəsi yelkənlərin açıb coşanda Xəzər,
O sıldırımlara zəhm ilə çırpınıb daşanda Xəzər,
Sərin nəfəsləri sahilləri soraqlaşanda Xəzər,
Ağ at belində gəlib xoş xəbər kimin sevil, sabahım.
Tehran, Sentyabr 1979



Axşam Duyğusu

Üfüqdə zülmət indi bir divar olur yavaş-yavaş,
İçimdə əski bir ocaq yanar olur yavaş-yavaş.
Süzəndə hər xəyalə, qurşadır həvəs imanımı,
İçincə mutlu gözləri xumar olur yavaş-yavaş.
Mən incə bel-budağa, al yanağa sevdalanmışam,
Dönür zəmanə, yad mənimlə yar olur yavaş-yavaş.
Mən eşqin imtihanına qanımla qoymuşam qədəm,
Sevincim indi, bax, damar-damar olur yavaş-yavaş.
Dodaqlarından indi odlu busələr zəmanıdır,
Könül murad alınca bəxtiyar olur yavaş-yavaş.
Axan sular yanında, bax, bənövşə məskən eyləmiş,
Çiçəkli cənnət indi bu diyar olur yavaş-yavaş.
Gileyli qalma, Rəfrəf, indi ki, səadətin gülür,
Sənin sevənlərin qatar-qatar olur yavaş-yavaş.
Tehran, Fevral 1979


Mutluluq Çağı

Sona çatdı qayğılı bir zəmanə, şən insanın çağı başlanır,
Qulaq as, üfüqdə zəfər döhüllərinin çalınmağı başlanır.
Çəkilir duman, açılır nəfəs yolu, dirçəlir qara baxtımız,
Ana yurda xoş havalar köçür, yaz olunca yaylağı başlanır.
Duru çeşmələrdən axan sular, qovuşunca gür selə çevrilir,
Qayalar yarıb yügürən sözün buralarda qaynağı başlanır.
Yenə al-yaşıl bəzənib gəlir baharın uğurlu gəlinləri,
Barışıqlı gözlərinin mənimlə çəməndə misağı başlanır.
Ağ atın belində uzaq güneylərə doğru duyğularım çapır,
Sovuşur maralların oylağı, dəli ceyranın dağı başlanır.
Yaşadıqca bir yaramaz həyatı qocaldı ellərimiz bizim,
Gəl otur varaqla bu tarixi, necə gör, talanmağı başlanır.
Yenə Rəfrəfin sinəsində odlu sevinc dalğası çırpınır,
Saz əlində seyr edir indi sahili, mutluluq çağı başlanır.
Tehran, Mart 1979



İstiqbal

Nə sallanışları var, can kimin gəlir, baş alıb,
Yaşıl güneylərə ceyran kimin gəlir, baş alıb.
Gəlir, baxışları könlümlə yüz nağıl danışır,
Bu xəstə canıma canan kimin gəlir, baş alıb.
Baharlı gözləri baxdıqca sevgidən söz açır,
Dumanlı könlümə neysan kimin gəlir, baş alıb.
Işıq səfinəsi yelkənlərin açıb yan alır,
Ötüb dənizləri, mehman kimin gəlir, baş alıb.
Qucaqda doğru məhəbbət, üzündə yaz gətirir,
Yağışlı göllərə tərlan kimin gəlir baş alıb.
Səhər kimin yayılır qəlbimin qaranlığına,
Əzəlki dərdimə dərman kimin gəlir, baş alıb.
Saçında dalğalanır Rəfrəfin ömür diləyi,
Uzun hörükləri üsyan kimin gəlir, baş alıb.
Tehran, Sentyabr 1983

Azğınlıq

Cəzası yanmağımış eşq odunda, canyananlığımın,
Ömür bahasına tapdım vüsalını, bir anlığımın.
O tayların dəli tufanlarında mən bir azğındım,
Danışmaram səbəbindən səninlə heç, buyanlığımın.
Sönük sinəmdə qabarmışdı əski bir günəş diləyim,
Yaşıl yamaclara düşmüşdü kölgəsi, boranlığımın.
Qaranlığımda boğulmuşdu sevginin döyüntüləri,
Işıq sabahlara vardım əlindəkən, yamanlığımın.
Axar sular yol açıb indi könlümün aranlarına,
Dərinliyində doğur şanlı bir səhər, qaranlığımın.
Dumanlı könlümə çökmüşdu bəlli bir kədər soyuğu,
Sınırlarında nə şənlikdi, başlanır, toranlığımın?
Ağ at belində müdam elçilər gəlib çatır, Rəfrəf,
Üfüqlərində əcəb izdihamdı, gündoğanlığımın.
Tehran, İyul 1988


Usanc

Daraşıb sinəmə bir qayğı ki, ünvan yaramaz:
Yazı-yaylağı gözəl aləmə insan yaramaz.
Vurulan gündən o şux gözlərə çaşdım yolumu,
Belə azğın düşənin küfrünə iman yaramaz.
Gözəlin meyli məramilə uyuşmaz nə üçün,
Arayıb çözməyə bu hekməti Loqman yaramaz.
Gecənin yurdunu qarğış kimi yalqız gəzirəm,
Darılan könlümü toxtatmağa canan yaramaz.
Qaralan baxtıma yorğun bu fələkdən nə umum?
Axan ulduzlarının seyrinə mizan yaramaz.
Qoca dünyaya həqiqət yaraşıqdır, ancaq,
Bu çevik köhləni qoşdurmağa meydan yaramaz.
Sən də, Rəfrəf, səhər-axşam bizə divan tutma,
Gəl otur, badəni süz, ver, hələ dövran yaramaz.
Tehran, Sentyabr 1991


Həyat Yolu

Bir gülün eşqində alışdıqca xəzanlar yaşadım,
Elləri-oymaqları gəzdikcə ozanlar yaşadım.
Könlümü çaldıqca xumar gözlərin aldım qadasın,
Şan-şan olan sinəmin üstündə nişanlar yaşadım.
Bir məni çılğın baxışın çəkmədi sevda yoluna,
Hər səni əğyar ilə gördükdə gumanlar yaşadım.
Düşdüm inamlar izinə, qarşıma tufan yürüdü,
Dağları-ormanları gəzdikcə dumanlar yaşadım.
Mən bir ocaq sevgimizin şövqünə yandırmışıdım,
Od yaxıb öz canıma, dəhşətli zamanlar yaşadım.
Alqış o xoş günlərə kim, sevgili cananımdın,
Zülfünü verdikcə yelə mən nə talanlar yaşadım.
Şe’rimə çökmüşdü kədər onda ki, bənd oldu könül,
Bir gözəlin eşqinə aləmdə divanlar yaşadım.
Tehran, Noyabr 1994


İzdiham

Ey gecə-gündüz ay üzü yüz dəli könlə məram,
Köynəyi titrək, sözü çılpaq, səsi xoş, əldə cam.
Sallanışın, yollanışın, qol götürüb, süzdüyün,
Şux yerişin məclisə bir gör nə salıb izdiham.
Şaxtada qurdum bir ocaq, sən gələsən mahnı tək,
Mən dadızam badə sənə, sən mənə şürbi-müdam.
Aləm o gündən ki, düşüb hüsnə, bulub e’tibar,
Bir gözəlin, bəs nə üçün, əhdinə yoxdur inam.
Odları yaxdım canıma, sən deyəsən can mənə,
Mən də bu sevdada xam oldum, gözəlim, sen də xam.
Haydı, götür şanlı günəş yurduna bu Rəfrəfi,
Eşqin ışıq çeşmələrindən ona ver iltiyam.
Tehran, Dekabr 1994


Şöhrət Düşkünlərinə Müraciət

Nədir bu qəflətin ünvanı, ağlı heyranlar?
Bağında gül-çiçək ikən, xəzan olan canlar.
Ocağınız niyə söndü, talandı mahnılarız?
Hayanda tərlanınız qaldı, noldu ceyranlar?
Nə xoş düşür sizə dustaqlığın qotazlı donu,
Yalançı şöhrətə, var-dövlətə satılqanlar.
Nə sizdə haq sözə hörmət, nə canyananlığınız,
Nədir bu tutduğunuz yol, zavallı insanlar?
Bu izdihamda dayaq kimdi, arxa kimdi bizə?
Sınaq məqamına gəldikdə kimdi düşmanlar?
Nədən zəmanəyə qor düşdü, ellər atlandı?
İyidlərin səsi qovzandı, coşdu meydanlar?
Düşüb qaranlığa tarixdə, gəzmə böylə səfil,
Gəlib-gedincə bu aləmdə şanlı dövranlar.
Özünlə bəsdir ögeylik, barış zəmanı yetib,
Köçürlər indi bizim doğma yurda kərvanlar.
Bu söz könül bulağından, yəqin, gəlir, Rəfrəf,
Ürək qanıyla yazılmışdı şanlı divanlar.
Tehran, Dekabr, 1994

No comments:

 
Site Meter Site Meter