Wednesday, January 7, 2009

Sevinc

Sevinc
İnanıram səadətin adına,
Qərib bir səs zülmətlərdən dillənir,
And içərək kimsə çəkir adımı,
Mənim yorğun dizlərimə hey gəlir,
Yolum üstdən sıldırımlar çəkilir,
Qayaların sinəsindən şırıltılar başlanır,
Uzun sürən zülmət mənə yol verir,
İşıqlara doğru yola çıxıram,
İnanıram səadətin adına.

Dan ışığı sökülərkən,
Sevgilimin əllərindən tutaraq,
Söyüdlərin sahəsini ötürük,
Yaşıllıqlar sürüşərək birbəbir,
Arxamıza çəkilir.

Qarşımızda çiçəklərin səltənəti başlanır,
Ötən quşlar ayət olur bizlərə,
Körpülərin hissi bizi çulğayır,
Parıltılar başlananda çatırıq,
İnsan dolu səadətli çağlara.

Nə yaxşı ki, diləklərin yeddi boya bayrağı,
Mürgüləyən zəmanəni doldurdu,
Kərvanların cingiltisi kainati bürüdü,
Mənim yəqin ulduzlarım parladı,
Yeni dövran muştuluqlar gətirdi.

"Gözüm aydın" deyən qızlar gülümsəyir yol üstə,
Çox gözəlmiş bizim adət, bizim dəb,
Aman bilmir, zaman bilmir sevincim,
İki sünbül bir əlimdə saxlayıb,
Bərəkətin bayrağını çəkirəm,
Günəş bizə səs verəcək yenə mutlu çağlarda.

Qoy şairin duyğuları təravətli səhər tək,
Meşələrdə sürünsün,
Gündüzlərin yeddi boya cizgisi,
Üfüqlərdə görünsün.

Çağırıram gələcəyin rəmzini:
Axar suya dayanmasın elimiz,
Hər bir sözə inanmasın elimiz.
Tehran, Aprel 2003


Mahnı

Bir zamanlar şe`rlərin gülşənində,
Yarpaqların yaddaşında yaşamağa alışmışdım.
Qollarımda cəsarətin damarları gərilməkdə,
İçərimdən kainati çılğın səslər çağırmaqda.

Qəzavətlər həqarəti paylaşmağa çağırarkən,
Tərəddüdlər içərimdə izdihama çevrilirdi,
Şe`rlərim səngimişdi, ayətlərim tükənmişdi,
Mən şəfaət diləyirdim.

Üfüqlərdən qılıcların cingiltisi başladı,
Divardaki qan damlası ürkütmədi könlümü,
Söylədilər, bu yerlərdə tükənəcək dizlərinin taqəti,
Tufanlarda addımların sarsılacaq,
Baxışların ürkəcək,
Axar sular yollarını azacaq,
Fələklərdən üsyan səsi ucalarkən,
Sülalələr köçəcək,
Dörd tərəfdən möv`izələr yağacaq,
Misraların səpələnib, yağmurlara qovuşacaq,
Qalacaqsan qasırğalar caynağında,
Dodaqların çatlamış,
Şəfaətlər yaramaz,
Cəsarətlər tükənmiş,
Bircə an da dayanmağa iznin yox,
Geri dönüb baxmağın da yasaqdır.

Faciələr sona çatdı,
Qılıcların cingiltisi dayandı,
Aldanışlar xəzəl kimi tökülmüşdü yerlərə,
Şübhələrin səltənəti devrilmişdi,
Yəqinlərin təravətli havaları küçələrdə əsirdi,
Ayaq səsi dillənirdi döngələrdən,
Çağırırdım, cavan səslər bir mahnıya çevrilirdi:
Ayət sənsən, günəş sənsən, dövran sən.
Tehran, May 2000



Dəmir Pərdə

Ay dedim, Dəmirdən pərdə çəkdilər,
Günəşin aydınlıq qəbiləsini,
Qürbətdən qürbətə sürgün saldılar.
Baxıram bu yalqız torpaqlara mən,
Əl boyda yaşıllıq gözə görünmür,
Necə oldu, söyləyin, insan toplusu?
Necə oldu, göllərdə çimən sonalar?
Üfüqdə yol çəkən durnalar hanı?
Nə üçün susubdur dodaqlarınız?
Nə üçün şairlər yadırğadılar?
Ulduzlar boyanıb qan boyasına,
Danışmaq ən böyük günah sayılır,
Könüllər nə üçün sözdən çəkinir?
Kinələr nə qədər qorxunc görünür,
Çox dəhşət görünür görkəmləriniz,
Aləmi nifrətin tozu bürüyüb,
Kinəyə çevrilmiş məhəbbətə bax,
Amandır, qoymayın qarsalanım mən,
Ya mənə nə isə bir vird öyrədin,
Ya məni bulağa- suya çatdırın,
Tələsin, yanıram nifrət odundan,
O sərin suların təravətindən,
Üstümə bir neçə damla çiləyin,
Üz tutub öz cavan tanrılarınıza,
Bu çılğın könlümə toxtaq diləyin.
Tehran, Sentyabr 2000



Sevgi

Söyləməyin, sevgi bütün gözəlliyin daşqın axan bulağıdır,
Söyləməyin, sevgi yalnız özümüzdən keçməkdir,
Söyləməyin, sevgi bizə sərvət ilə dövlətdir,
Söyləməyin, sevgi yalnız ibadətdir, ya bir çılpaq anddır,
Söyləməyin, sevgi yalnız məlamətdir, göz yaşıdır, əzabdır,
Söyləməyin, sevgi ışıq dünyasıdır bir qaranlıq çevrədə,
İnanmıram bu yaramaz sözlərə,
İnanmıram sevgi nəsə bir alışqan ocaq olsun,
İnanmıram parlaq günəş olduğuna sevginin,
Tanrıların yenilməzdir səltənəti, qüdrəti,
İnanmıram sonsuz ola səltənəti sevginin,
Deyirdilər sevən könül qocalmaz,
Deyirdilər bu həyati başa vurmaq çox çətindir sevgisiz,
Deyirdilər yağmurları atlamaqdan başlanır,
Üfüqlərdən baş qaldıran günəşlərə qovuşmaq,
Yaşıllıqlar qucağında məskən salıb yaşamaq,
Demişdiniz, eşq odur ki,
Kainatın doğumundan bir rəvayət danışalar sevənlər,
Sevənlərin ərməğanı şaqqanaqdır, qaqqıltıdır, gülüşdür,
Badələrin pərdəsində oğrun- oğrun görüşdür,
Bütün bunlar aldanışdır, əfsanədir, ilğımdır,
Demişdiniz, sevgi ancaq çağırışdır, haraydır,
Demişdiniz, sevgi ancaq cəvan, mutlu çağlarda,
Bulaqların təravətli kölgəsində unudulmaz görüşdür,
Bəlkə də siz haqlıydınız,
Mənim isə inamlarım başqadır,
Qoyun sizə mən sevginin nə olduğun anladım:
Bir- birinin gözlərinə baxmaqdansa,
Sevgi ancaq mavi göyün altında,
Birgə durub, üfüqlərə baxmaqdır,
Sevgi ancaq zamansız bir əbədiyyət qoynunda,
Kainati seyr edərək qalmaqdır.
Tehran, Aprel 2001


İncimədim, Dilənmədim

Haqlı olmaq təhlükədir,
Orda ki, haqsızdır divan,
Şanlı olmaq faciədir, orda ki, yoxsuldur zaman,
Gözəl olmaq böyük suçdur,
Gülümsəmək cinayətdir,
Mahnı səsi uğursuzluq nişanıdır,
O yerdə ki, qarğış tutub hər yanı,
O yerdə ki, boğazlara qəhər ilişib qalıb.

Sabahların parıltısı, könüllərin çağrışı,
Buralarda suç sayılır,
Suç sayılır yaşamaq, könül vermək, özləmək,
Suç sayılır göz yaşları,
Suç sayılır sevgilini gözləmək.

Qamçı ilə varlığımı taladınız, incimədim,
Qılıncla sinəm üstə qanlı cizgi cizdiniz,
İncimədim, dilənmədim,
İndi isə düşüncələr böcək kimi üz- gözümə dırmaşır,
Kinə dolu bu könülü toxtatmağa aracım yox,
Sevincimi körpə ikən qarət edən əllər mənə uzanır,
Zaman dustaq, könül dustaq, söz dustaq.
Tehran, Avqust 2001


Bəsdir

Bəsdir, dedim, iki səfil kölgə kimi sürünmək,
Bəsdir, dedim, bu aldanış, bu yalan,
Bəsdir, dedim,
Bu yaramaz gündüzlərin gedişi,
Bu talein buralarda adı yox,
Bu əməyin bərəkəti, dadı yox.

Seyr et necə,
Bu qocaman yurd içində,
Günəşlərin son izləri,
Mavi kölgə sərgisinə çevrilir,
Mən bu gümüş duyğularda çimərkən,
Taleimi güdürəm,
Könlüm çaşqın, dizim qançır, əlim kəsik, hamı yad.

Haray salsam, mürgüləyən bu kölgələr ürkəcək,
Çağırarsam,
Yalanların salxımları silkələnib düşəcək,
Geri dönsəm,
Yorğun günəş dənizində duyğularım batacaq,
Bəsdir, dedim, bu aldanış, bu yalan,
Bəsdir, dedim, bu yaramaz gündüzlərin gedişi,
Bəsdir, dedim, ölüm kimi,
Bu yuvanın üzərində dolaşmaq,
Bəsdir, dedim, bu şəmatət, bu qınaq,
Bəsdir, inan, bu gediş.
Tehran, Avqust 2001


Bir An Da Axmaqdan Dayanmadı Çay

Bir an da axmaqdan dayamadı çay,
İçində çimərkən bol xəzinələr,
Buludlar bircə an guruldamadan,
Şaxmadan ıldırım şəlalələri.

Bircə an sönmədi yanğı günəşim,
Həyatın qaranlıq cığırlarında.

Ötüşən dalğalar misalı mən də,
Silkinib, özümdən ötüb keçirəm,
Bu incik könül heç toxtaq tanımır,
Talan bir, talanmış qəbilə birdir.

Vur- döyüş tükənib, susub atəşlər,
İçərim özümə qənim kəsilib,
Duyğular mənə gör nə divan tutur,
Gör necə doğrayır qol- budağımı,
Qılıc bir, doğranmış səadət birdir,
Duman bir, dumanlı zəmanə birdir.
Tehran, Fevral 2002

No comments:

 
Site Meter Site Meter