Wednesday, January 7, 2009

Tem və Variyasiyon

Tem və Variyasiyon
Ələsgərəm, hər elmdən halıyam,
Dedim, sən təbibsən, mən yaralıyam,
Dedi nişanlıyam, özgə malıyam,
Sındı- qol qanadım, yanıma düşdü.
- Aşıq Ələsgər

Çərşənbənin mutlu səhər çağlarında,
Yaş duyğular içərimdən dilə gələn zəmanələr içində,
Aydın bulaq kölgəsində gözlərinə tuş gəldim.

Səfil, düşdüm bir sevginin parıltılı izinə,
Könül evim bir baxışdan hər an viran olarkən.

Haçan, dedin, gələcəksən bizim yaşıl yerlərə,
Dilim tutar- turmaz dedim:
Qızıl güllər açan çağda,
Bahar bizim obalara qonaq gələn zamanda.
Ələsgərin soyundanam, söylədim mən,
Bir arifəm, bu dəhrdə hər elmdən halıyam,
Sən, ey gözəl, bir təbibsən,
Mənsə sonsuz faciələr xəstəsi,
Dəymə mənə, yaralıyam, yaralı.

Bəlkə dedim,
Mən bu sevda yollarına əbəs yerə gəlmişəm,
Bu nə işdir,
Adını da söyləməyim yasaqdır,
Bu nə işdir,
Gözlərinin yaşını da silməyə yaramazam?
Lə`nət olsun bu sükutun adına,
Siz hamınız şahid olun talein bidanına.

Yabançılar başımıza toplaşdı,
Alqış sənin ulusuna dedilər,
Dinlədilər, dinlədilər,
Bütün varlıq dinləyərkən,
Sənsə heç nə söyləmədin.
Gözlərini düşünərkən anladım ki,
Sən də əski badələrdən içibsən,
Sən də bu od pərdəsindən alışaraq keçibsən,
Sən də bütün sınaqların içindən,
Qovrulmağı seçibsən.

Başım üstən qaraltılar sovuşdu,
Birdən- birə dörd tərəfdən pıçıltılar başlandı,
Ulduzların ötəsindən çılğın səslər dilə gəldi,
Sinəm üstən təmənnalar səsləndi,
Axar sular, şırıltılar həqiqəti çağırdı:
" nişanlıdır! – söylədilər, – başqasının malıdır,
O bir könlün toxtağıdır, zülmətlərin qoynunda,
O bir ümid çiçəyidir,
Bir aşiqin bahar qoxan baxcasında,
O bir aydın şəlalədir, ömrün yaşıl çağlarında,
O bir sevinc mahnışıdır ziafətlər içində,
Qayət odur, ayət odur,
Sənsə mutsuz bir düşüncə" – dedilər.

Bircə anda sındı qolum- qanadım,
İki ölmüş göyərçin tək,
Düşdü iki yanıma.
Tehran, Sentyabr 2001


Yanqın

Dumanların sahəsində,
Bulaqların göz yaşına dayandım,
Mən gumanlar sahəsində,
Yəqinlərin çağrışını dinləmədim,
Bütün canlar axtarışdan yorulmuş,
İstəkləri tükənmiş,
Damarları soyumuş.

Kainati buraxmışkən tanrılar,
Heykəllərin baxışları uzaqlarda,
Dumanların ötəsində,
Çaşqınlığa uğramış,
Divar üstə qan damlası,
Sona çatmış faciənin anıtı,
Mənsə çılğın bir könülü toxtatmağı bacarmadan,
Yanqınların qarşısından,
And içərək keçirəm.
Tehran, Fevral 2002


Gülüş

Nə xaldan danışıram, nə dodaqdan,
Nə ceyrandan söz açıram, nə çəməndən,
Nə bulaqdan, nə yağmurdan,
Nə baxışdan bəhs edirəm,
Nə könüldən, nə istəkdən,
Bu tələsən zəmanədə,
Təkcə sənin,
Məğrur- məğrur gülməyini,
Dəftərimə yazıram.
Tehran, Aprel 2002


Ayıq Ol

Könül sənə bir məsləhət verirəm,
Gözəllərə vurulanda ayıq ol,
Taleində sənin uğur görürəm,
Axar sular durulanda ayıq ol.

Səslənirsən dəmirəmi, daşamı?
Həyat necə çatacaqdır başamı?
Yaman günün uzun sürməz yaşamı,
Haq divani qurulanda ayıq ol.

Gah sevinib, gahdan həzinləyirsən,
Nə məsləhət, nə bürhan dinləyirsən,
Bilmək olmur, nə iş düzənləyirsən,
Dərin hekmət sorulanda ayıq ol.

Rəfrəf, səni xoş zamanlar gözləyir,
Həyat boyu canyananlar gözləyir,
Həm yaxşılar, həm yamanlar gözləyir,
Əldən düşüb yorulanda ayıq ol.
Tehran, Avqust 2002


Əllərim,

Deyirdin, çiçəklər əbədi yaşar,
Bəs mənim tufanda solan əllərim?
Bu sevinc hər zaman qaynayıb- daşar,
Göz yaşlarilə dolan əllərim?

Yəqinim ucaldı, ötdü zamandan,
Bir daha sarsılmaz şaxta- borandan,
Torpağa tökülmüş mə`sum o qandan,
Öz cəsarətini bulan əllərim.

Hanı bəs o çılğın sevinclərim?
Nə üçün çulğadı məni bu qürbət?
Bu iqlim nə qədər soyuq görünür!
Yanlış fəlsəfələr azdırır məni,
Hanı bəs o parlaq yəqin ulduzum?

İndisə çatıbdır son imtihanlar,
Sınaqdan keçəcək yaxşı- yamanlar,
Mö`cüzə başlanır, ötür gumanlar,
Yüksəlir münacat qılan əllərim.
Tehran, Dekabr 2002


Lejyonlar

Qan- qan deyən lejyonlar yürüyür,
Aman Tanrım,
Nifrətlərin qan qoxuyan rənginə bax gözlərdə,
Gəmilərin sədaqəti satılmış,
Dənizlərin səlabəti tükənmiş,
Rüzgarların əsintisi yalançı.

Qalabalıq başlanır,
Lejyonlar yola çıxır amansız,
Üzübəri axıb- gələn al geyimli ordular,
Ah, bu qanlı neyzələr!
Aman Tanrım,
Qayaları söküb- tökən nifrətə bax gözlərdə!

Salxım- salxım dan yelləri əsdiyində,
Mən evimə dönəcəyəm,
Bitməyəcək bu dilək,
Sönməyəcək bu məş`əl.
Tehran, Noyabr 2002


Hansına İnanım?
Öz yalqızlığıma inanım,
Yoxsa sənin gözlərinə?
Bu gərgin sükutamı,
Yoxsa sənin sözlərinə?
Tehran, Noyabr 2002

No comments:

 
Site Meter Site Meter