Tuesday, January 6, 2009

Dirsə Xan Oğlu Buğac

Dirsə Xan Oğlu Buğac
Bir zaman durdu yerinden ulu Qam Ğan oğlu,
Cümlə afaqı tutan şöhrəti, aslan oğlu.
Al otaqlarını dörd bir yana saldırmışdı,
Ala sayvanları ulduzlara qaldırmışdı.
Öz adamlarına söylər, necə söylər görəlim:
"Çağırıb bəyləri bir şanlı ziyafət verəlim.
Qonaq olsun ağ otaqlarda kim oğlan yaşadıb,
Oğuzun şə'ni ucalsın deyə aslan yaşadıb.
Odaları qızıl olsun o ki bir qız yaşadıb,
Bizə dövranlar içində qalacaq iz yaşadıb.
Arxasızlar üçün isə qara evlər xoşdur,
Bunların yoxdur ocağı, əli daim boşdur.
Düşsə kim tanrı gözündən, biz onu xoşlamarıq,
Arxasızlar ilə birlikdə şölən başlamarıq.".
Bu ziyafətlərə toplaşdı oğuz xanları,
Qorusun tanrı görüm şanlı bu dövranları.
Dirsə Xan Bəy də oğul- qız sarıdan sonsuzdu,
Qocanın yeddi dəyirmanı yaman unsuzdu.
Baxdı ki, şanlı ziyafətdə onun hörməti yox,
Ulu xanlar ilə durmağa qoşa, qaməti yox.
Qalxıb üz tutdu obalarına sarsılmışkən,
Yaramaz taleinin qayğısına qalmışkən.
Üz tutar sevgili xatununa qarğış tökərək,
"Nə üçün arxasız oldum, bu həyata nə gərək?
Bəri gəl, xan qızı, ey başdakı bəxtim, bəri gəl,
Ey mənim səltənətim, evdəki təxtim, bəri gəl.
Nədir ey xan qızı, söylə, bu uğursuz tale,
Hamıda parlaq ikən, bizdəki nursuz tale?
Xan qızı, başını kəssəm, yerə töksəm qanını,
Toxtamaz dərdim əgər indicə alsam canını.
Nədən axır bizə Tanrı bir oğulcuq verməz,
Bir çiçək əllərimiz ömr bağından dərməz?".
Acı bu sözləri xatun eşidib sarsıldı,
Dedi: "zənn etmə ki, xaliq bizi sonsuz qıldı.
Dirsə Xan, bu acı qarğışları gəl söyləməgil,
Bu yaman sözlər ilən bağrımı qan eyləməgil.
Bu işin hekməti heç sənlə mənə bağlı deyil,
Tək sənin qəlbin o nisgil sarıdan dağlı deyil.
Topla yar- yoldaşını, şanlı ziyafət başla,
Qoca dərviş ilə xan- bəylərini alqışla.
Acı gördükdə doyur, çılpağı görsən geydir,
Yaxşı ad insana altınla gümüşdən yeydir.
Atdan ayğır, dəvədən buğra, qoyundan qoç ver,
Arpadan- buğdadan insanlara bir pay biç ver.
Bəlkə bir ağzı dualı bizə hacət dilədi,
Bir oğul vermək ilən Tanrı bizi şad elədi.".

* * *

Dirsə Xan topladı bir məclisə yoldaşlarını,
İç oğuz bəyləri ilə dış oğuz başlarını.
Hamı əl qaldırıban Tanrıya, hacət dilədi,
Ağ buludlar yerə bol- bol bərəkətlər çilədi.
Sevgidən bir daha aləmdə uğur başlandı,
Aslanın yavrusu tək bir oğul alqışlandı.
Hər onurğalı, qabırğalı zamanda gəlişir,
Yeni dövran gələrək, köhnə zaman devrilişir.
Oğlan on beş yaşa çatdıqda gəlişmişdi boyu,
Nəsldən- nəslə qoçaqlar ilə bağlıydı soyu.

* * *

Onda ki, parlaq idi dövlət ilən tuğrası,
Bir buğa ilə xanın var idi bir buğrası.
Hər yaz ilə payız olduqda şölən başlardı,
Toplaşıb el, bu mərasimləri alqışlardı.
Bəylərin xatiri hər qüssə- kədərdən boşdu,
Gürəşərkən buğa buğra ilə dövran xoşdu.
Onda ki, meydana xan ilə rəiyyət vardı,
İri meydanda üç oğlan aşıq oynarlardı.
"Vaxt olubdur, daha zəncirlərini aç"- dedilər,
O üç oğlana "amandır, buradan qaç"- dedilər.
İki oğlan qaçaraq mə'rəkədən qurtuldu,
Dirsə Xan oğluna bu mə'rəkə meydan oldu.
Oğlan ilə buğa meydan boyu qoşmaqdaydı,
Zirvələrdən həyəcan dalğası aşmaqdaydı.
Ildırımlar kimi yumruqları çaxmaqda cəsur,
İyid oğlan buğanın canını yaxmaqda cəsur.
Oğlanın yumruğu qalmışdı buğa boynunda,
Sankı tale də inad etmiş idi oynunda.
İnadından nə buğa döndu, nə oğlan yendi,
Ona birdən- birə parlaq bu fikir səsləndi:
Hər evin şaxtada, tufanda dirəkdir dayağı,
Qoçağın şanlı döyüşlərdə ürəkdir dayağı.
Öz elindən üzü dönmüşlərə tale belədir,
Düşmənin gövdəsi çiynində ağır bir şələdir.
Döyüşərkən dayaq olmaz iyid öz düşməninə,
Yıxılan düşməni sən qoyma yük olsun çiyinə.
Buğadan ayrılıb oğlan o saat, yan durdu,
Ayaq üstündə buğa sadəcə bir an durdu.
Əl atıb qurşağına, çəkdi biçağı qından,
Boyadı meydanı çılğın buğanın qanından.
Oğuzun toplanaraq bəyləri əhsən dedilər,
"Sən Oğuzlarda cəsarətli ürəksən"- dedilər.
"Dirsə Xan, ver buna bəylik, başının ərdəmi var,
Bu iyid yaxşı bilir ki, hər işin çəm- xəmi var.
Sən buna təxt ilə altın baş otaq ver, ulu Bəy,
Hər zaman heybəsi altınla gümüşdən dolu bəy.
Qatarından dəvə ver, yükləti olsun qoçağın,
Dövlət ilə adı aləmdə qurulsun qoçağın.
Soylu atlar ilə qaftan ilə qalxan buna ver,
Təxt ilə şövkət ilə şan ilə dövran buna ver.".
Saz alıb, başladı Qorqud Dədə boy boylamağa,
İyidin sə'ninə dəstan deyə soy soylamağa.
"Mən fərasətli bu oğlana Buğac ad verirəm,
Taleində bu qoçağın uca dövlət görürəm.
Buna ad mən verirəm, ömrünü versin Tanrı,
Onu var- dövlətə ad- sanə yetirsin Tanrı.".
Aldı təxt ilə qılıc, fəxr ilə oğlan yeridi,
Saymaz oldu atanın bəslədiyi qırx iyidi.

* * *

Obalarda yayılarkən günəşin qafiləsi,
Fələyin zülmət içindən açılarkən giləsi,
Dağda dan yelləri salxım kimi əsməkdə ikən,
Uyqu yollarını bu qafilə kəsməkdə ikən,
Oğuzun qarşı yatan köksü gözəl dağında,
Ağlar ilən qaraların seçilən çağında,
Saqqalı bozca çayır quşları ötməkdə ikən,
Uyqunun səltənəti dəhrdə bitməkdə ikən,
Fələyin göydə dəyirmanı dönən çağlarda,
Qız- gəlinlər səhər olcaq bəzənən çağlarda,
Şeh çökərkən oğuzun şanlı yaşıl bağlarına,
Gün vurarkən qocaman, köksü gözəl dağlarına,
Qırx iyid oğlanı sarsıtmağa qəsd eylədilər,
Ata yanında oğuldan kötü söz söylədilər:
"Ova çıxmış oğulun köksü gözəl dağlarda,
Başqa dövran diləmiş böylə gözəl çağlarda.
Dağda ov ovladı, quş quşladı sən var ikən o,
Satdı amalını üstündəki ilqar ikən o.
Al şərabın itisindən anasıylan içmiş,
Başı sevda ilə dolduqda özündən keçmiş.
Çəkib almışdır o hər yerdə gözəl gördüysə,
Harda bir nazlı gəlin saçlarını hördüysə.
Aşacaqdır bu xəbər qarşı yatan dağlardan,
Dərələrdən, bərələrdən, yaşıl oylaqlardan.
Keçəcəkdir bu xəbər aydın axan çaylardan,
Xan Bayındır duyacaqdır ucalan haylardan.
Qalxıban öz başına topla qoçaqlarını sən,
Bir də oylağa götür yoldaş ilən yarını sən.
Ovlayarkən sən o ceyranları oğlanına qıy,
O sənə qıymamış ikən sən onun canına qıy.".
Ata oğluyla ova çıxmağa əzm eylədilər,
Ağ otaqları qurub, oylağı bəzm eylədilər.
Cəvan oğlan qovar ikən dəli ceyranları,
Könül istərdi durub seyr edə dövranları.
Qırx iyid ovçunu aldatmağa qəsd eylədilər,
Ovda ikən varıban oğlana söz söylədilər:
"Atan istər səni ov ovlayar ikən görsün,
Dəli ceyranlarını qovlayar ikən görsün.
Çağırın – söylədi – ceyranları qovsun buyana,
Ovçuların yürüşü xoş görünür hər baxana.
Görüm öz oğlumun afaqə haray salmağını,
Ox atışlarını, düşmənlə qılıc çalmağını.
Baxıban oğlumun at qoşduruşundan sevinim,
Dayanıb ox vurar ikən duruşundan sevinim.".
Qırx iyid qoşdu bu yol Dirsı Xanın söhbətinə,
"Haydı, bir çarə düşün, kəndini salma çətinə.
Oğulun bir atanın ziddinə tuğyanı nədir?
İşlərin böylə ikən qəflətin ünvanı nədir?
Sənin oğlun necə gör başladı üsyanları,
Qoşar ikən necə qovlar bura ceyranları.
Oxu ceyrana vurarkən sənə qəsd eyləyəcək,
– Yaraşandır mənə bu ölkəyə bəylik – deyəcək.
– Vaxt olubdur, tökürəm indicə qanın – deyəcək,
Dəli ceyrandan ötən ox sənə birdən dəyəcək.
Vaxt olubdur, daha bu işlərə dözmək yaramaz,
Kəndini yaxmaq üçün odları közmək yaramaz.".
Ata bu sözləri duyduqda yaman sarsıldı,
Qan damarında coşub, bağrı yaman qarsıldı.
Qalxıban at belinə bir ələ yay almışdı,
Başda nə bilgi, nə dövranda vəfa qalmışdı.
Dartaraq yayını ox düzlədi ceyranı vura,
Aman allah, bu nə dəbdir, ata oğlanı vura?
Qara tale atanı oğluna düşmən qıldı,
Qoşar ikən Buğacın köksünə ox sancıldı.
Yıxılarkın yerə aslandı atın boynundan,
Alca qan fışqırıban axdı cəvan qoynundan.
Axar ikən damarında qanı axmaz oldu,
Uyuyan gözləri oylaqlara baxmaz oldu.
Sinəsi qan verər ikən necə söylər görəlim:
"Üzülür, haydı cəmaət, bütün əllərdən əlim.
Bu yaşıl oylağa mən vurmağa ceyran, gəldim,
Bilməmişdən yıxacadır məni dövran, gəldim.
Qarda- tufanda dayanmaq qayaların dəbidir,
Qayğı duymaq ataların- anaların dəbidir.
Söyləyin, haydı nə olmuşdu günahı Buğacın,
Tutacaqdır sizi əfqan ilə ahı Buğacın.
Səni, tale, nə bilim kim danışıb, kim yordu,
Buğacın könlünə bu oxları dövran vurdu.
Nə biləydim, ata ceyran deyə oğlan istər,
Yerdə qalmaz tökülən qan, o da dövran istər.
Günəş idim, qatı zülmətlər içində yatıram,
Aylı- ulduzlu bu dünya durar ikən batıram.".

* * *

Dinləyin, bilgi Buğacın anasından verəlim,
Necə öz sevgili oğlanını gözlər, görəlim.
Gün doğarkən yatağından ana erkən durmuş,
– Oğlumun ilk ovudur – söyləyə bayram qurmuş.
Atlıların izi yollarda görünməkdə idi,
Ovçular cümlə ocaqlarına dönməkdə idi.
Ata gəldisə, oğul sağla solunda yox idi,
Obaların daha bir kimsə yolunda yox idi.
Ananın taqəti ulduz kimi axmaqda idi,
– Hanı oğlum – deyə dörd bir yana baxmaqda idi.
Gözü qan yaş tökə söylər, necə söylər, görəlim,
Ananın nisgilinin şərhinə indisə gəlim:
"Bir oğulcuq quduz aslanə yedirtdinsə, danış,
Səndə var din ilə iman ilə ayinsə, danış.
Yavrumu daşqın axan suyla axıtdın, bildir,
Oğlumun canına qıymış neçə satqın, bildir.
Bir oğul qarşı yatan dağdan uçurtdun, söylə,
Bağrım olmuş bu kədərdən daha dolğun, söylə.
Bir oğul dini azıq kafirə verdin, dilə gəl,
İnci- dürdanəmi yollarda itirdin, dilə gəl.
Sən gedərkən iki idin, nə üçün bir döndün?
Bir alışqan günəş idin, nə qədər tez söndün.
Verməmişkən sinəmi oxlara meydan içrə,
Düşməmişkən öz atımdan yerə al qan içrə,
Kafir ilən vuruşub, qol- bud olub düşməzdən,
Bir qızıl gül kimi tufanda solub düşməzdən,
Qara başım sənə qurban, mənə bir söz söylə,
Qıyma bağrım gecə- gündüz oda yansın böylə.".
Dirsə Xanın dili bir kəlmə cəvab söyləmədi,
Ananın dərdə düşən könlünü şad eyləmədi.

* * *

Öz yerindən ana bu haləti görcək durdu,
Qırx iyid qız götürüb, dağlara at göşdurdu.
Ananın qayğısı sellər kimi birdən daşdı,
Dərələrdən qoşaraq zirvələrə dırmaşdı.
Buğacın cisminə dan yelləri əsməkdə idi,
Ana oğlanına çatmağa tələsməkdə idi.
Baxdı ki, sevgili oğlanı yatıb qan içrə,
Cümlə afaqı tutan bir qara dövran içrə.
Qarğa- quzğunları itlər ona qondurmazdı,
Uyuyan gözlərə bir kimsə zərər vurmazdı.
Ana oğlanına söylər, necə söylər, görəlim,
Bu gözəl xatirənin vəsfinə indisə gəlim:
"Aç oğul, uyquya düşmüş o çəkik gözlərini,
Bircə- bircə mənə gəl söylə könül sözlərini.
Tut gözəl cismdəki canını getməkdə isə,
Bu cəvan çağda ömür dövləti bitməkdə isə.
Yaralı cismdə var isə canın, söylə mənə,
Yoxsa var isə damarında qanın, söylə mənə.
Qazılıq dağdan axarkən suyun, axmaz olsun,
Kötü tale baxar ikən sənə, baxmaz olsun.
Hansı qaflan ilə aslan bu şirin canə qıyıb?
Hansı düşmən, atası var ikən, oğlanə qıyıb.
Otların bitməz olaydı, bitər ikən dağda,
Tərlanın ötməz olaydı, ötər ikən dağda.
Qazılıq dağda qoşarkən, daşa dönsün geyikin,
Əbədiyyət boyu abidə görünsün geyikin.
Dil- ağızdan mənə gəl bir küçücük söz söylə,
Qara başım sənə qurban, nə isə düz söylə.".

* * *

Uyqular içrə yatarkən, qulağı səs duydu,
Yad deyildi, bu tanış bir səs idi, doğruydu.
Taqəti canda yox ikən anasıyla qonuşar,
Ananın səbri bu nisgilləri duyduqda daşar.
"Bəri gəl, birçəyi ağ, cismdəki canım ana,
Hər yaman gündə mənim şövkət ilən şanım ana.
Qazılıq dağdakı otları- suları qınama,
Yol kəsən kafir içində qoçuları qınama.
Suçu yoxdur qazılıq dağda qoşarkən, geyikin,
Dırmaşıb boz qayalıqları aşarkən, geyikin.
Böylə qarğışları aslan ilə qaflanə demə,
Bu yaman sözləri tərlan ilə ceyranə demə.
Suç nə aslanda, nə qaflanda, nə Qazlıq dağda,
Mənə yalnızca atam qıydı bu kövrək çağda.
Bir uğursuz oğul idim, məni tale şığadı,
Gəlib üç yol qocaman Xizr yaramı sığadı.
Dedi – sarsılma, sənə bu yaradan yoxdur ölüm,
Doğru insanlığa çatmağa sınaqdır bu zülüm.
Can dəvasın – dedi – hər kimsə təbiətdən alar,
Yaraların ana süd, dağ çiçəyindən sağalar.".

Bunu duycaq bütün afaqə yayıldı qızlar,
Ay qabaqları, yanaqları sönüb- solmazlar.
İyidin qayğışına cümlə gözəllər qaldı,
Kim çiçək topladı? Kim dərdinə dərman aldı?
Qoçağın şə'nini siz dəhrdə alqışladınız,
Alqış o dərdə ki dərmanına siz başladınız.
Gətirib gizlicə oğlanı tumar eylədilər,
Bir sönən ulduzu zülmətdə yanar eylədilər.
Bəslənib, bir də qoçaqlarına yar oldu Buğac,
At çapar, əldə qılıc- neyzə tutar oldu Buğac.

* * *

Buğacın dönməyi sarsıtdı o qırx alçağı,
Qocaman bəylərinə cümləsi oldu yağı.
Vuruban Dirsə Xanın qollarını bağladılar,
Çapar ikən oğuzun düşməninə uğradılar.
Bunu duycaq ana söylər, necə söylər, görəlim,
Dinləyin, hadisənin şərhinə indisə gəlim:
"Görüyorsun nələr oldu, necə çaylar daşdı,
Sarsılarkən uca dağlar, qayalar ağnaşdı?
Nə fəlakətlərə, seyr eylə, atan tən gəldi,
Bizdə düşmən yox ikən, üstünə düşmən gəldi.
O sənə qıydısa oğlum, sən ona qıymagilən,
Heç zaman düşmən əlində atanı qoymagilən.".
Belə qurşandı qılıc, bir ələ qalxan aldı,
Fikri üsyanla dolub, gözlərini qan aldı.
Üz tutub yollara düşmənləri bir- bir aradı,
Alıcı gözlər ilən dağla aranı daradı.
Ucadan baxdı ki, yağilər oturmuşlardı,
Ələ al badə tutub, məclisi qurmuşlardı.
– Bu gələn kimsə, yəqin, düşmənimizdir, – dedilər,
– Tutuban əllərini bağlayalım. – söylədilər.
Dirsə Xan söylədi yoldaşlarına? "Haydı aman!,
Göylərin tanrısının birliyinə yoxdu guman.
Siz çözün qollarımı, mən iyid ilən danışım,
Çox düşübdür belə tufanlara qövğalı başım.".

* * *

Dirsə Xan oğluna söylər, necə söylər, görəlim,
Haydı, hekmət dolu bu sözlərə diqqət verəlim:
"Yügürük atlar əgər getdisə, məndən getdi,
Qatarımdan dəvələr getdisə, məndən getdi.
Bir minik səndə də var isə, iyid, söylə mənə,
Düzülən çöldə qatar isə, iyid, söylə mənə.
Getdi yəğmayə qoyunlar isə, məndən getdi,
Məni gözdən salıb ellər, necə rüsvay etdi.
Səndə də var isə şişlik, gəl iyid söylə mənə,
Sənə hörmət verər isə el, iyid, söylə mənə.
Başı altın ağ otaq getdisə, məndən getdi,
Od, ocağında sönüb, bilgi biləndən getdi.
Səndə də var isə altın baş otaq, söylə mənə,
Gecə dincəlməyə bir isti yataq, söylə mənə.
Alagöz qızlar əgər getdisə məndən getdi,
Səbr ilə taqət o qızları sevəndən getdi.
Səndə də var alagöz sevgili isə, de mənə,
Səni bir incə könül istədi isə, de mənə.
Nə gərəkdir savaşalım, vuruşalım, geri dön,
Niyə qalxan- qılıc ilə duruşalım, geri dön.
Öz cəvan oğluma qıymış o yazıq kimsə mənəm,
Tanrıdan üz çevirən, dini azıq kimsə mənəm.".

* * *

Qayğılanmış cəvan oğlan necə söylər, görəlim,
Dinləyin, sözlərinin şərhinə indisə gəlim:
"Bilirəm, atla qoyunla dəvə səndən getdi,
Alagöz qızlar o qızları sevəndən getdi.
Mənim isə bir atam var, qocamış, saqqalı ağ,
Vurub, alçaqlara dustaq olalı, qəlbimə dağ.
Onu alçaqlar əlində buraxası deyiləm,
Bir gün onsuz qoca aləmdə durası deyiləm.".
Səslənib, yar ilə yoldaşına him verdi Buğac,
Öz qılıncın siyirib mə'rəkəyə girdi Buğac.
Soylu atları iyidlər təpərək toplandı,
Düşmənin başına oxlar səpərək toplandı.
İşə kəskin qılıc ilə qara qalxan düşdü,
Fitnələr başladı aləmdə, yenə qan düşdü.
Qışqırıqlar ilə qaç- qovla yürüş başlandı,
Həqq ilən batil arasında vuruş başlandı.
Kiminin boynu vurulmuş, kimi dustaq olmuş,
Kimi atdan düşər ikən gözünə qan dolmuş.
Qanlı meydan ara oğlanla qucaqlaşdı ata,
Xoş onun halına kim, bir belə dövrana çata.

Dədə qorqud əlinə saz alıban boyladı boy,
Düzdü- qoşdu bu oğuznamələri, soyladı soy:
Gəlibən keçdilər onlar da qoca dünyadan,
Qonuban köçdülər onlar da qoca dünyadan.
Hamı bu yerlərə kərvan kimi qondu, köçdü,
Hamı bu yurda müsafir kimi gəldi, keçdi.
Fani insan köçər ikən yenə dünya qaldı,
Nə bu aləmdə sevənlər, nə də sevda qaldı.
Kimə qaldı bu sevinc ilə kədərli dünya,
Dolar ikən boşalan, gəldi- gedərli dünya?
Yazdım, aləm durar ikən, ulu bu söz yaşasın,
Qara dağlarınızın şövkəti sonsuz yaşasın.
O gözəl, daşqın axan çaylarınız var olsun,
Hər yaman gündə görüm tanrı sizə yar olsun.
Qırmasın kimsə qanadlarınızın uclarını,
Qorusun həqq Oğuzun dövləti ilən varını.
Dədə Qorqud bura çatdıqda nə söylər görəlim:
Bir dua ilə bu dəstanə gəlin son verəlim.
Dizinizdə təpər olsun, gücünüz qollarda,
Qoşaraq büdrəməsin atlarınız yollarda.
Yıxılıb ağnamasın qarşı yatan dağlarınız,
Qocaman zirvələri ərşə çatan dağlarınız.
Tanrı alçaqlara möhtac sizi eyləməsin,
Diliniz ömrdə "neylim, nec edim?" söyləməsin.
Cənnət olsun yeri ağ saçlı analarınızın,
Habelə saqqalı ağ, şanlı atalarınızın.
Haq sizə yar olaraq, yardımını ərdirsin,
Sizə var- dövlət ilə şan ilə şövkət versin.
Qıymasın Tanrı, sizin mizrağınız çəntilsin,
Ulu bu ölkəni düşmənlərinizdən silsin.
Sönməsin həqqin ocağı, yanar olsun çırağı,
Oğuzun bol yaşasın tarlası, bostanı, bağı.
Rəfrəfəm, şanlı bu məclisdə səadət duyuram,
Mən bu dəstanə "Xanım hey!" – deyərək son qoyuram.

Tehran, qış 1997, yaz 1998

No comments:

 
Site Meter Site Meter