Wednesday, January 7, 2009

Vüsal

Vüsal
Dolanmışam ay işığında,
Dönüm- döngələri, dalğın küçələri,
Sevə- sevə xumar gözlərini,
Vüsal çətin, könlüm naçar.

Aydın sular, şən duyğular,
Pərdə düşdü çılpaqlığına, sevgimizin,
Qorumaq üçün ötən səadətimizi.

Yağı kimi bel- budağını, dil- dodağını,
Talamağa gəlmişdim,
Fikrim azğın, hissim şıltaq.

Gür bulaqlar çən- dumanın sinəsindən,
Qaynamağa başladı,
Pəncərədən sızıb- gələn körpə nurlar,
Səadətə çevrildi,
Göz aydınlıq gətirdi.

Nə duyğular baş qaldırdı sinəmdən,
Budaqlarda cəvan salxımlar kimi,
Çağırırdım ipəklərin yoluna,
Işıq tarlasına,
Üzün yola, könlün himbir.

Qarşımızda başlanırdı,
Yaşıl, yağmurlu aran,
Bulaqların bahar dolu sevinci,
Sevgimizin amansız dalğaları.
Tehran, mart 1995


Ildırım

Güney buludlardan daşlanıb,
Nə çapırsan, yağı kimi,
Sinəsində tutqun göylərin?

Az qalır, qırılıb tökülsün,
Könlümün kövrək budaqlarından,
Salxımları, köhnə duyğu-düşüncələrin.

Aranlara şıdırğı yağan damcılar ışıqlansın deyə,
Bir daha kükrədin, bir daha şaxıdın,
Şəmatət kimi!

Sevginin sancıları tək,
Amansız söküldün.

Quduz sellər atlanacaq,
Alışıb-yanacaq çürük inamlarımız,
Qızğın ocağında sənin.

Bulaq kimi dalmışam,
Gecənin qoynunda, aydın duyğu-düşüncələrə.
Sübhə kimi göydə yanar çırağım ol,
Arxam, gücüm, dayağım ol.
Tehran, May 1995


Ozan Səsi

Ulduz kimi qaranlıqda parladın,
Dünyamıza salxım-salxım şən ulduzlar səpildi.
Yahalmadım, yanılmadım,
Sən doğruydun, boğazldakı qəhər kimi.

Sahil boyu sayrışırdı çıraqlar,
Gözlərimiz mutluluq yaşayırdı,
Vüqarlı bir ozan səsi kainata ucaldı,
Vaxt oldu ki, göz yaşlarım,
Ulduz kimi yuvarlandı.

“Qoy yaşasın bu ışıqlar” – söyləyərək gördüm ki,
Ürkək səslər dilə gəldi,
İçərimdən bir cəmaət ulduzları hayladı,
Mən bir çılğın haray oldum,
Kainata yayıldım.
Tehran, Oktyabr 1995


Şanlı Dilim

Bizdə ziyafət qurulub, bax, ucalır mahnı səsi,
Xoş görünür dövranımız, qoy yaşasın şanlı dilim.
Qünçədodaq, incəyanaq qız-gəlinin,
Xoş sözünün zinətisən,
Rəğbətisən könüllərin.
Sən günəşin yollarının sakit axan çaylarısan,
Yaylağı, oylağı, dağı durnalı-tərlanlı dilim.

Canıma bir od daraşıb, varlığıma düşdü talan,
Onda ki, bənd oldu könül,
Eşqə düşən bir mən özüm yox,
Bütün aləm sənə birdən-birə heyran qaldı.

Başı sevdalı, gəzir sahili minlər şair,
Dəli ceyran sorağı ilə,
Beli nazik, gözü çılğın, ucaboy,
Eşvəli canan sorağı ilə.

Sarılıb könlümə bir duyğu ki, yoxdur adı,
Ancaq baxıram,
Hərə bir hekməti,
Ya odlu bir eşqin nağılın nəzmə çəkir,
Açılır qarşıda qat-qat,
Nə geniş pəncərələr, günəşin sahilinə.

Nə şəmatətlərə qaldım, nə yarıldım,
Necə doğrandı bu çılğın könlüm.
Bu dəb ancaq nə gözəldir ki,
Aşıq yanmasa, qovrulmasa,
Çatmaz ışığın çeşməsinə,
Sinəsindən yarılıb, oxlara tüş gəlməsə,
Sevdasına varmaz.

Danışarkən uca dillən, qayalardan uca,
Dağdan uca, ulduzdan uca,
Hamı bilsin, nə gözəlsən,
"Eşq ocağında yanıb-qovrulan insan"-lı dilim,
"Sinə çığrışla dolu, gözləri tufanlı" dilim.
Tehran, Aprel 1996


Ürəkkeçmə

Özlüyümdən üzülmüşdüm,
Kainat qırılıb-tökülən zaman,
Qalmışdım qanlı budaqlarda,
Damarlarım kəsik-kəsik.
Tehran, Oktyabr 1996


Pay Bölüşmə

Budaqlardan başlanmışdı yazlarım,
Gəl paylaşaq bu həyatın varlığını:
Budaq mənim, çiçəklənən yazlar sənin.

Gözlərindən ilham aldı diləklərim,
Təmənnalar baş qaldırdı könlümdən,
Taleimiz, sankı, uğurlu çıxdı,
Üfüqlərdə barışdı ulduzumuz,
Gəl paylaşaq bu talei: üfüq mənim, dilək mənim,
Barışlı ulduzlar sənin.

Mən bir qəzəl, mən bir haray,
Könüllərdə səs salmağa bir həqiqət,
Qəzəl mənim, qəzəllərdə dilə gələn sevda mənim,
Sahil boyunca səsləşən sevdalı avazlar sənin.
Tehran, Sentyabr 1996


Yuxusuzluq

Yatağımda çabaladım,
Hey qıvrıldım, hey açıldım,
Gah qoşuldum rö’yaların kərvanına,
Şəhər-şəhər üfüqlərdə gəzindim,
Zaman keçdi, ulduz söndü,
Uyumadı gözlərim,
Sinəm üstdən baş qaldıran təmənnalar qoymadı.

Qaranlıqda yavaş-yavaş,
Mürgüləyən bir qalaya dönürdüm,
Pəncərəmdə gah bir ulduz, gah bir ocaq, közərirdi-sönürdü,
Uyqularım zinə sular kimi axıb gəlirdi,
Rö’yalarım göllənirdi,
Uyğularda2 bəslədiyim o sevdalar, silkələnib, töküldü,
Rö’yalarım baş tutmadı,
Ildırımlar, gurultular,
Üfüqlərdən baş qaldıran o qövğalar qoymadı.

Qalam düşdü düşmənlərə,
Ucalıqdan divarlarım ağnadı,
Rö’yaların mürgüləyən quzuları-qoyunları,
Boz çöllərə dağıldı,
Başım üstdən qaraltılar sovuşdu,
Zaman keçdi, ulduz söndü,
Uyumadı gözlərim,
İçərimdən cığırışan müəmmalar qoymadı.
Tehran, Yanvar 1977

No comments:

 
Site Meter Site Meter