Tuesday, January 6, 2009

Nafilə

Nafilə
Ucalan səslər üfüqlərdən ötən qafilədəndir,
Göydə bu fırtına könlümdə qopan vəlvələdəndir.
Qıymayın haydı şəmatət, ağaran saç, bükülən bel,
Bir uzun yol boyu çiynimdə ağır bu şələdəndir.
Eşqin ayətləri, qəlbimdəki sonsuz bu ışıqlar,
O qaranlıqdakı əzm eylədiyim nafilədəndir.
Hələ qarşımda qaranlıq dərələr, boz qayalar var,
İztirabım bu sınaqdan, bu çətin mərhələdəndir.
Mənə yəğma kimi üz tutdu, qərarım kimi getdi,
Yaralanmış, könülüm, başdan aşan qailədəndir.
Sən ki, bir dür giləsindən də əzizsən, nə bilirsən,
Tökülən torpağa göz yaşları ağlar gilədəndir.
Oyanıb dövləti, əl bir də götürməz hörüyündən,
Rəfrəfin şövkəti-şanı bu uzun silsilədəndir.
Tehran, Mart 1997



Dilə Gəlsin

Oyanış sirrini, neysanları dindir, dilə gəlsin,
Qoca bu hekməti, dövranları dindir, dilə gəlsin.
Necə zülmətləri mən bir axan ulduz kimi keçdim,
Eşq odundan alışan canları dindir, dilə gəlsin.
Necə daşdan-daşa çırpınmağımın şərhi yamandır,
Qarlı dağlardakı tufanları dindir, dilə gəlsin.
Taqətim yox danışam, qardaşa qardaş necə qıydı,
Tökülən torpağa al qanları dindir, dilə gəlsin.
Mübtəla olmasa bir kimsə, bu nisgilləri duymaz,
Qüssədən sinəsi şan-şanları dindir, dilə gəlsin.
Eşqdir səltənət, altınla gümüş kimsəyə qalmaz,
Sən Mədaindəki eyvanları dindir, dilə gəlsin.
Nə üçün Rəfrəfi şux gözlərə şeyda yaradıblar,
Göy çəmənlərdəki ceyranları dindir, dilə gəlsin.
Tehran, Mart 1997


Gün Açıldı

Gün açıldı, mutlu zəmanə doğdu, haray kimin ucalandı bu,
Gözüm aydın, uğruma gör nə çıxdı, cahanə fitnə salandı bu.
Yaraşıq desəm, yaraşıqlısan, yaradan nə xoş yaradıb səni,
Nə gələr zəvalə gözəlliyin, nə zəmanələrdə solandı bu.
Necə xoş baxandı xumar gözün, yaman ev yıxandı xumar gözün,
Baxıb od yaxandı xumar gözün, əcəba nə könlü çalandı bu.
Yar alar yarın qadalarını, canı cananın yanar aşiqə,
Baş açandı, dil düşünəndi, hər qəmə cümlə çarə qılandı bu.
Nə olar dəniz suyu dalğasız, nə də sizlərin canı sevdasız,
El içində var belə söz ki, qəsdi yamandı, dinə talandı bu.
Naz olanda çox, uzanar nağıl, gəl otur, içək bu səadətə,
Tələsik ömürdü sürüb keçir, kimə, bircə söylə, qalandı bu?
Məni bu yaman hal içində bir nəzər əhli dün görə söylədi,
Oda kim yaxılmasa bu sınaqda, guman edər ki, yalandı bu.
Başarınca beş gün ömürdə yaxşılıq eylə, rə’fət ilən dolan,
Qoca dünyanın nə bahası var? Boşalıb həmisə dolandı bu.
Tehran, Mart 1997


Səni Cəddin!

Gəzmə bu yerləri bir “Samsonet” ilən, səni cəddin,
Qoy beş-on gün yaşayaq mə’rifət ilən, səni cəddin.
Sən ki, tarix boyu eşşək sürən idin, nə gedirsən,
Gündə Berlin ilə Parisə cet ilən, səni cəddin?
Tökülür ətlərim o “mersi buku” söyləməyindən,
Dinmə, bəsdir, yaramaz bu sifət ilən, səni cəddin.
Sən ki, Parisdəki övrətlər ilən randevu qoydun,
Lala-pəltək nə danışdın Janet ilən, səni cəddin?
Bu ədalətdi ki, yoxsul quru əppək yeyə bilmir,
Bəslənir sən kimilər gündə ət ilən, səni cəddin?
Yaraşandır sənə heç, qırcanasan, rəqs edərikən,
Şəllənən bu qarın ilən, bu g... ilən, səni cəddin?
Bəsdi, fəxr eylədiyin “Maykıl Cəkson” kimilərlən,
Əndi” ilən ya da bir başqa şit ilən, səni cəddin.
Yenə məhfil qurub, öz şə’ninə tə’rif danışırsan,
Yorma baş-beynimizi bu şərit ilən, səni cəddin.
Tehran, Aprel 1997


Dünya Düşkünlərinə Müraciət

Əlvida, yollarımız başqadı, kərvan ayrı,
İndi əhd ayrıdı, and ayrıdı, dövran ayrı.
Gözəlin eşqinə bir çoxları bel bağladılar,
Sizin insan ilə mən gördüyüm insan ayrı.
İncədən-incəyə hər hekməti biz yoxlamışıq,
Siz deyən damcı ilə biz deyən Ümman ayrı.
Ayrıdır biz gətirən əldəki bu məş’əllər,
Bu cəlal ayrıdı, bu şövkətilən şan ayrı.
Mən demişdim hamımız qardaş olaq bu yolda,
Qardaş ayrı, tökülən torpağa bu qan ayrı.
İmtihanlar sizə bundan belə qorxunc olacaq,
İndi at başqa, iyid başqadı, meydan ayrı.
Sizə kim söylədi ki, Rəfrəf içənlərdəndir?
Bizdə zənnilə guman ayrıdı, bürhan ayrı.
Tehran, Dekabr 1996, Aprel 1997


Gözəl İnsan Haqqında

Bu zaman başqa, bu ulduzla bu mizan ayrı,
İndi əhd ayrıdı, and ayrıdı, dövran ayrı.
Şövkət olsun deyə aləmdə gözəllər yaranıb,
Hər gözəl bir yana, mən gördüyüm insan ayrı.
İncədən-incəyə hər hekməti mən yoxlamışam,
Məhv olan damcı ilə kükrəyən Ümman ayrı.
Hər gülün, hər budağın vurğun olan bir quşu var,
Amma dağdan ucalan göylərə tərlan ayrı.
Kimə bu dəhrdə dövlət, kimə ad-san verilib,
Könlü vurğun, başı sevdalı bir insan ayrı.
Görən eyb etdi, bu nə bəzm ilə nə işrətdir,
Bu şərab ayrıdı, bəzm ayrıdı, mehman ayrı.
Dünyəvi sevgilərin şərhi deyil bu dəftər,
Bizə eşq ayrıdı, can ayrıdı, canan ayrı.
Tehran, Dekabr 1996, Aprel 1997


İlqar

Hamı dinləsin, mən fəryad olacağıma söz verdim,
Ucalan haraylardan doğrulacağıma söz verdim.
Yenə çırpınır bir tərlan kimi ayələr könlümdə,
Bu səsi bütün afaqə salacağıma söz verdim.
Özü hökm edir hər mə’nayə yadırğamaz tarixlər,
Mən o çırpınan tarix tək qalacağıma söz verdim.
Sözü sazımın dillərdə, məni gözləyin bu yerdə,
Mən o mahnıları bir də çalacağıma söz verdim.
O zaman ki, düşdüm ulduz kimi bu uzun sevdayə,
Alışıb bu atəşdən qovrulacağıma söz verdim.
Açılan səhər tək zülmətlər içində doğmuşdum mən,
Gecələrdən afaqə yol bulacağıma söz verdim.
Umaram ki, insan öz şə’ninə layiq bir yer tutsun,
Bu muradı dövranlardan alacağıma söz verdim.
Tehran, May 1997


And

Dilə gəlmişəm, dillərdə qalacağıma söz verdim,
Bu səsi bütün afaqə salacağıma söz verdim.
Məni gözlə dövranlarda, pozulan deyil bu ilqar,
Sənə hər zaman yar-yoldaş olacağıma söz verdim.
Aya, ulduza, əflakə, suya, torpağa and içdim,
Bir ömür bu anda sadiq qalacağıma söz verdim.
Mən əgər alışsam da, qoy alışım, yaman bu dərdə,
Ala gözlərinlə çarə qılacağıma söz verdim.
O zaman ki, düşdüm ulduz kimi bu uzun sevdayə,
Alışıb bu atəşdən qovrulacağıma söz verdim.
Ələ saz alıb gəldim, qoy səsimiz, dedim, birləşsin,
Yenə şanlı məclislərdə çalacağıma söz verdim.
O zaman ki, mən də Rəfrəf kimi duyğulardan yazdım,
Açılan çiçəkdən ilham alacağıma söz verdim.
Tehran, May 1997


Çapar

Gəldi bir çılğın capar, “dövranda var bəlva,” – deyə,
Dur münacat eylə, bitsin bəlkə bu qövğa,” – deyə.
Cümlə bu məxluq insandan didərgin düşdülər,
Kimse lovğalandı “Rüstəm”, kimsə “Ərtunqa” – deyə.
Hey çağırsam da, mənə bir nəfsdən gəlməz cəvab,
Qalmışam çaşqın, bu tufanlarda “va nəfsa,” – deyə.
Bir fal açdım, belkə bu sevdalı könlüm toxtasın,
Gəldi bir şahid, “dəiddünya və əhmilha” – deyə.
Eşqdən mən çırpınarkən güldü bir arif mənə,
“Cümlə çırpınmaqda aləm, sankı bir dalğa,” – deyə.
Kimse zənn etməzdi, Fir’övnün tükənsin şövkəti,
Oldu bir əfsanə, “inni rəbbükəl ə’la” – deyə.
Əldə bir divan tutub Rəfrəf bu dövranə gəlir,
“Al, budur sən gözləyən məktub ilə tuğra,” – deyə.
Tehran, İyun 1997



Bu Nə Qəflət, Bu Nə Rö’ya?

Gəldi bir qasid “Bu nə qəflət, bu nə rö’ya?” – deyə,
“Al, budur sən gözləyən məktub ilə tuğra,” – deyə.
Eşqə hər kim düşdü, cananı dilindən düşmədi,
Mən də məcnun tək qocaldım dəhrdə “Leyla,” – deyə.
Səpdiyim bəzr ilə rövnəq buldu hər gün eşqimiz,
Bəslədim, afaqı tutsun şanlı bu tarla deyə.
Sən sevinc ilə gülərkən silmədim göz yaşını,
“Dür kimin qoy parlasın gözlərdəki damla,” – deyə.
Kaş qalaydım başın üstə mutlu saətlər boyu,
Sən yataydın, mən o şeyda gözlərə layla deyə.
İndi parlaq bir günəşdən bu zaman aydınlaşır,
Səslədim, tutsun bütün dünyanı bu dalğa deyə.
Gəldi bir istəkli insan “üzmə, Rərfəf, canını,
Mutlu bir dövran olubdur, al ələ səhba,” – deyə.
Tehran, İyun 1997



Eybəcər Həyat

Ey bütün tarix boyu hər macərası eybəcər,
Cümlə ə’malı gödənsiz, hər ədası eybəcər.
Ey kəlamı cümlə təzvir ilə əfkarı riya,
Başdakı imanı, ağzında duası eybəcər.
Ey licimsiz davranışları bütün yontulmamış,
Fikrinin əlvan bu dünyada boyası eybəcər.
Ey bütün dünyada var-dövlətlə şöhrət toplamış,
İşdə həm yoxsulları, həm əğniyası eybəcər.
Ey üzə dünya batıb, məhv olsa, toz qondurmayan,
Dərdi başqa, dərdə düşmüşkən dəvası eybəcər.
Əski çağlardan tutub, şöhrətli bu dövranədək,
Elm ilə biganə ikən iddiası eybəcər.
Ey bütün beş duyğusuylan bir əlamət duymayan,
Söz deyərkən gön kimin qalın qafası eybəcər.
Ey bütün sən’ət sənin, yox başqa millətdə zəka,
Xalqı aldatmaqda huşilə zəkası eybəcər.
Məncə bu irfanilə, şe’rilə musiqi yetər,
Ey bütün ahəngi yöndəmsiz, sədası eybəcər.
Böylə məclislərdə yoxdur Rəfrəfin sərmayəsi,
Təb’i yoxsuldur, bütün cızma-qarası eybəcər.
Tehran, İyul 1997


İndidir (1)

Taleim yüksəldi, fürsət xoşdur, əyyam indidir,
Badə ver saqi, çatıbdır dövlətim, cam indidir.
Gəldi saət, çıxdı ulduz, sakit ol şıltaq könül,
Keçdi hicran, bu qaranlıq əhdə fərcam indidir.
Varlığım, hər şux baxarkən gözlərin, talan olub,
Bir də düşməz böylə xoş dövran ələ, kam indidir.
Bulmuşam mən eşqin iqlimində sonsuz səltənət,
Neilərəm dünyanı artıq, Misr ilə Şam indidir.
Uçmuşam afaqə sevdanın qanadlarilə mən,
Kəkliyim, tərlan quşum, laçınla durnam indidir.
Sevginin misralarından başlanır sonsuz həyat,
Söylə gəlsin hər nə var sinəndə, ilham indidir,
Qol verib, qurşaq tutub, sevdalı canlar rəqs edir,
Sən də Rəfrəf, sazı dilləndir ki, bayram indidir.
Tehran, Avqust 1997


İndidir (2)

Gün çıxıbdır şərqin eyvanında, dövran indidir,
Aləmin yaşıl, cəvan bağında cövlan indidir,
Kimdə bu şöhrət, bu qiymət, kimdə rövnəq böylə var?
Sən danış-gül şanlı məclislərdə, mərcan indidir.
Hər sənin qəsd etdiyin can ixtiyarından keçir,
Oxla bu sevdayə düşmüş sinəni, qan indidir.
Qarsalandım mən bu atəşlərdə sənsiz bir ömür,
Səslə yağmurları bu səhrayə, neysan indidir.
İllər-aylar ötdü, bir dərd oldu bu həsrət mənə,
Kam alım qoy dil-dodağından ki, dərman indidir.
Eşq kərvanım nəhayət mənzilə çatmaqdadır,
Bir də şeyda gözler ilən gül ki, talan indidir.
Üz tutubdur bir ümid ilən sənin dərgahına,
Gəl cəvan bu Rəfrəfi qaytarma, ehsan indidir.
Tehran, Avqust 1997


Damarımdakı Al Qanım, Oyan

Ulduzum parla, damarımdakı al qanım, oyan,
Bir zamanlar alışan, sevgi ilən, canım, oyan.
Bax, bu aləm bəzənibdir başa-baş hüsnilə,
Əskidən ay kimi surətlərə heyranım, oyan.
Sən də bir ulduz alışdır bu qaranlıq yolda,
Ey bu dövranı ışıqlandıracaq danım, oyan.
Ey təlatümlü zamanlardan əsən duyğularım,
Çırpınan dağlara bir zəhmli tufanım, oyan.
Xilqətin bir dəyişilməz dəbidir məhv eləmək,
Yaraşan xilqətə qeyrətli bir insanım, oyan.
İndi məclis sovuşub, mey tükənib, cam sınıb,
Ey zamansız bu ziyafətdəki mehmanım, oyan.
Xalqlar şövkətini Rəfrəfin alqışladılar,
Parlayan, bir qara zülmətdəki, dövranım, oyan.
Tehran, İyun 1997

Bayağı Musiqi Məclisindən Sonra

Bu qurbətdə sizin hər virdiniz doğru, yalan bir mən,
Tanışlar-özgələr yanında hər sirri əyan bir mən.
Nədən yox məndə bu şövkətlərə alqış deyən bir dil,
Cəmaət cümlə işrətdə, kədərdən bağrı qan bir mən.
Əzəldən şairin könlündə bir ayət çıraq olmuş,
Işıq dünyasına çatmış bütün sizlər, duman bir mən.
Nə hacət var, dilim söz söyləsin ilqar olan yerdə?
Öz əhdindən fələk dönmüş, söz üstündə duran bir mən.
Böyük bir nisgilin mə’nası Azərbaycan olmuş,
Sizin bir dərdiniz yox, cümlə oxlarə nişan bir mən.
Uğursuz bir təsadüfdən bu aləm cümlə var olmuş,
Bütün var-dövlətin vermiş bu sövdadə talan bir mən.
Ötər zülmət, doğar əyyam içindən başqa bir dövran,
Bitər bu mə’rəkə, şövkətlə-şanilə qalan bir mən.
Tehran, Yanvar 1998

No comments:

 
Site Meter Site Meter