Tuesday, January 6, 2009

Başlanış

Başlanış
Qabağımda yağı kimin durub, sözünə talan ilə başladın,
Sən özün ki, yaxşı idin, nədən bu işi yaman ilə başladın?
Sənə ölkə-ölkə qəbilələr boyun əydi, gözlədi hökmünü,
Ulu padişah idin, öz rəiyyətinə divan ilə başladın.
Belin incə bir qəzəl idi, sevgili qamətin uca bir haray,
Biləsən, başımda nə fitnələr o sevimli can ilə başladın.
Səni şaxtalar boyu “Şanlı bir günəşim doğur,” – deyə gözlədim,
Səhərimdə bir açılan səadət idin, tufan ilə başladın.
“Həvəsin nədir belə çırpınır, hələ çatmamış sınağın.” – dedin,
O cəvan çağımda bu dərsi nə çətin imtihan ilə başladın.
Yazıram bu söz yaşasın zəmanələrin boyunca günəş kimin,
Sən o parlayan yəqin idin, amma nədən guman ilə başladın.
Sən özün də, eşqə düşən gözəl, sanıram bu dərdə düçarsan,
Bu nə intiqam idi, söylə, mən alışıb-yanan ilə başladın.
Ala gözlərin qadaları qoy düşə bəlkə canına Rəfrəfin,
Sən olub-keçənləri bir düşün, necə gör ki, qan ilə başladın.
Tehran, May 1996


Öyüd

İş bitər, sən bir daş atsan da, qoçağım, atmasan da,
Min günahə gündə batsan da, qoçağım, batmasan da.
Cəhd qıl, yoldaş qazan, düşmən ocaq başında bol var,
İnsan ol, dünyanı tutsan da, qoçağım, tutmasan da.
Ömr bir çılğın çapardır, mənzil aşmaqdan yorulmaz,
Gün doğar, qəflətdə yatsan da, qoçağım, yatmasan da.
Hər kəsin ancaq bir arşın bezdi varlıqdan nəsibi,
Ətləsə mitqalı qatsan da, qoçağım, qatmasan da.
Dür sədəfdən, incə mə’na incə sözdən başlanandır,
Dürrü beş Dinara satsan da, qoçağım, satmasan da.
Bəslənib, əyyam içindən başlanır bir şanlı dövran,
Köç zəmanı gəldi, çatsan da, qoçağım, çatmasan da.
Tehran, İyun 1996


Mahnı

Mən eşqə düşərkən bu yaman halı görürdüm,
Bu talei, bu ulduzu, bu falı görürdüm.
Mən canıma odlar yaxa canan diləmişdim,
Şux gözlərini hər dönə sevdalı görürdüm.
Mən sərv boyundan, uca mə’naları qandım,
Bu məktəbə gircək əlifi-dalı görürdüm.
Nə sevgi olaydı, nə də mən dustaq olaydım,
Mən mutlu ikən qoldakı qandalı görürdüm.
Sən sanma, hər aşiq olanın var bu mətaı,
Ətləs deyə mən taqədə mitqalı görürdüm.
Sən yaxşı idin, amma yaman işləri tutdun,
Könlündəki hər arzunu, amalı görürdüm.
Uydum ki, bu nə sevgi, bu nə dastan imiş,
Mən zahiri xoş, batini qövğalı görürdüm.
Tehran, İyul 1996


Sevginin Törənləri

Gəl özün sarı yaralarımı, ala gözlərin qadalarıdır,
Nə zəmandı bir sözü dinləməz bu könül ki, qüssə düçarıdır.
Çıxar ikən uğruma sən, dedim, sona çatdı bu yaman ayrılıq,
Bu yanağı, bu dodağı-dili, bu qucaqdakı qoşa narıdır.
Yar alar yarın qadalarını, canı cananın yanar aşiqə,
Nə gözəl bu əsli yazan yazıb, bütün ellərin bu qərarıdır.
Daha bu nəsihəti gəl burax, işimiz səlaha uyan deyil,
Bütün el bilir, nə zəmandı, sevgili gözlərin mənə sarıdır.
Sıxılıb qucağıma söylədin, hara çatmışıq, bu ışıq nədir?
Dedim, indi başlanacaq törən, gözəlim, bu sevgi diyarıdır.
Namaz üstə al yanağın gəlib, göz önündə durdu günah kimin,
Bütün iqtidası könüllərin yaraşıqlı xilqətə sarıdır.
Dönüb il, yaz oldu, güneylərə baş alıb, cəvan sonalar gəlir,
Göy üzündə ilhamı Rəfrəfin sanasan ki, durna qatarıdır.
Tehran, İyul 1996


Adı Neylərəm?

Alışıb, alovlara yanmışam, ala gözlərə vurulalı mən,
Çıxar ikən uğruma al yanaqlarının qadasın alalı mən.
Yaşadım səadəti kölgələr boyu bu ışıqlar içindəkən,
Açılınca mutlu günəş, yaşıl obalar qiyamət olalı, mən.
Bu nə qayğıdır daraşır mənə, bu nə duyğudur məni çaşdırır,
Sənə cananım deyə könlümü o sevimli cana salalı mən?
Mənə siz yaman bu halımda, bu çətin imtihanda hayan durun,
Talanıb dilim, tükənib sözüm, didilib elimdən olalı mən.
Əlim əllərində, gözüm gözündə bu ömrü gəl vuralım başa,
Daha neylərəm adı, sanı, şöhrəti, şanı, cahı, cəlalı mən?
Qayaları atlayaraq qaranlıq içində bu yolu gəlmişəm,
Duru bir bulaq kimi çağlaram, buralarda şöhrət alalı mən.
Dönüb il, yaz oldu, zəmanənin yenə mutlu günləri başlanır,
Ürəyim sevinc ilə çırpınır, saz əlimdə mahnı çalalı mən.
Tehran, Avqust 1996


Ulduz Axandan Bəridir

Könlümün vəlvələsi ulduz axandan bəridir,
Qor töküb, eşq bu dünyanı yaxandan bəridir.
Məndə çılğın bu haraylar, bu amansız fəryad,
Ildırımlar o qaranlıqda çaxandan bəridir.
Qıvrılan sinədə sonsuz bu kədər, bu üsyan,
Axşam olcaq dəli könlüm darıxandan bəridir.
Dalğalar tək bu dumanlarda amansız yürüşüm,
Ala gözlər mənə sevdalı baxandan bəridir.
Bu səfillik, qoy o tərsa balası bilsin ki,
Yüz evi bircə işarətlə yıxandan bəridir.
İndi Rəfrəf sinəsindən belə ki, qan axıdır,
Son umudlar boşa bu yolda çıxandan bəridir.
Tehran, Avqust 1996


Dağı Yarsam, Yaraşandır

Ildırımlar mən üfüqlərdə qoparsam, yaraşandır,
“Gözüm aydın,” – deyə mavilərə varsam, yaraşandır.
O zamanlar ki, durub nazilə seyranə çıxırsan,
Mən çiçəkdən dolu bir mutlu diyarsam, yaraşandır.
Ey şirin duyğu, bu varlıq nə yamandır mənə sənsiz,
Sənə çatsın deyə könlüm dağı yarsam, yaraşandır.
Dalğalar dincəlib artıq, nədi çılğın bu baxışlar?
Talanıbdır imanım, odda yanarsam, yaraşandır.
Barışıb ulduzumuz, ayrılığın ömrü gödəkdir,
Sən mənə sevgili, mən də sənə yarsam, yaraşandır.
Qoy cəvan bəxtim ucalsın, üzü gülsün bu həyatın,
Səni bir nazlı gəlin tək mən aparsam, yaraşandır.
Yoxsulam, yeddi vilayətdə mənim yoxdu məkanım,
Amma söz incisi varım, nə əyarsam, yaraşandır.
Tehran, Sentyabr 1996



Hanı bəs İlqarınız?

Dağdan axmışdı qaranlıq seli, dövran sovuşurdu,
Son şəfəqlər sürünərkən obalardan sovuşurdu.
Qaçhaqaç başladı, bir qorxu bütün canlara düşdü,
Fürsətim bitdi, səsim çatmadı, canan sovuşurdu.
Fələk öz hökmünü vermişdi, pozulmazdı bu tale,
Ulduz axmış, yazı bitmişdi, dəyirman sovuşurdu.
İzdiham içrə Süleyman ilə Daranı görürdüm,
Ona qalmışdı nə heşmət, nə də ad-san sovuşurdu.
“Gözüm aydın!” – deyə mən mutlu sabahlar çağırırdım,
Sakit olmuşdu boranlar, dəli tufan sovuşurdu.
O qaranlıqda bulaqlar, dedim, olsun mənə ilham,
Sona çatmaqda ədavətlər idi, qan sovuşurdu.
“Hanı bəs ilqarınız?” – söyləyə mən hay qoparırdım,
Əldə məş’əl, qara bir əsrdən insan sovuşurdu.
Tehran, Oktyabr 1996


Aşığın Şə’ninə

Əldə saz ellərdə gəzdin, sən yazları payladın,
Bu yaşıl sahil boyunca avazları payladın.
Şanlı söz məclislərində bol hekmətlər söylədin,
Sən yaşatdın mahnıları, şən sazları payladın.
Gah maraldan, gah da ceyrandan bir dəstan söylədin,
Eşqi, göz yaşlarını, mutlu qızları payladın.
Zülm əlindən mən qaçırdım, heydən düşmüş dizlərim,
Çılpaq ikən mən boranda, sən yazları payladın.
Ağ çıçəklər sən gətirdin yaylaqlardan bir qucaq,
Şaxtalar, buzlar sovuşdu, növruzları payladın.
Ildırımlar çalxalandı, yağmurları atladıq,
Sən qaranlıq yollarında ulduzlrı payladın.
Sən alışdırdın çıraqlar, bağ-bostanlar bəslədin,
Əsrlərdən əsrə sönməz-solmazları payladın.
Tehran, Noyabr 1996



Faciə

Sanma ki, bundan belə dəhrdə saman ola,
Ya çağıran səslərə səs verən insan ola.
Qoy, dedim, ellər səadətlə ömür-gün sürə,
Mən nə biləydim ki, aləm başa-baş qan ola.
Gözlərim Ümman olub, bitmədi bu ayrılıq,
Yüz belə gözlər o şux gözlərə qurban ola.
Kim bu yaman talei yazdı ki, insanların,
Şövkəti-şanı düşüb əllərə, talan ola.
Gəlmiş idim bir murad almağa bu mülkdən,
Mən nə biləydim, yanıb, xak ilə yeksan ola.
Kimsə inanmazdı, bu yerlərə qövğa düşə,
Fitnələr aləmdə baş qaldıra, tufan ola.
Başlanacaqdır yenə dəhrdə bir izdiham,
Siz çəkilin, yol verin, bəlkə o mehman ola.
Niyyəti xeyr olmasa, mənzilə çatmaz iyid,
İstər o bir cahil, istərsə də Loqman ola.
Rəfrəfi bu qüssələr qoyma yıxıb məhv edə,
Sözləri qoy toplanıb, bir ulu divan ola.
Tehran, Noyabr 1996


Atdım-atdım

Odlu dövranlardan aşdım, qovrularkən atdım-atdım,
Gözlərim nisgilli yaş ilə dolarkən atdım-atdım.
Gənc yaşlarım sovuşdu, yaşlar üstə yaş qalandı,
İmtihanlarında eşqin məhv olarkən atdım-atdım.
Nə bir ulduz, nə cıraq qalmışdı zülmət yollarında,
Şübhələr imanımı çaşqın salarkən atdım-atdım.
Bir zəmanlar səs-soraq seyrəldi, yar-yoldaş çəkildi,
Qüssədən yalqız könül şan-şan olarkən atdım-atdım.
Çənli dünyalar, nağıllar yurdu burdan başlanırdı,
Şux baxışlar başqa rö’yayə dalarkən atdım-atdım.
Anladım ki, qayəsi ancaq gözəllikmiş həyatın,
Dərdəcər vaxtımda sevdayə qalarkən atdım-atdım.
Afiyət Rəfrəfdən üz döndərsə, sarsılmaz ümidi,
Çarə tədbir ilə bu dərdə qılarkən atdım-atdım.
Tehran, Noyabr 1996


Yüz Ölçüb, Biçənlərdənəm

“Qoy insan ucalsın, var olsun,” – deyə,
Bütün varlığımdan keçənlərdənəm,
Bu aləmdə mizan qurulsun deyə,
Hər işdə yüz ölçüb, biçənlərdənəm.
Mənim sirrim artıq əyandır, əyan,
Bütün el bilir, bunda yoxdur guman,
Məni qayğılardır, bu halə salan,
Götür badə süz, ver, içənlərdənəm.

Özüm çılpağam, yazdığım söz kimi,
Dumanlarda yol göstərən iz kimi.
Üfüqlərdə parlaq bir ulduz kimi,
Axarkən özümdən keçənlərdənəm.

Amandir – dedin – eşqə bel bağlama,
Gələr afiyət bir də bu dövrana.
Haçan gəldi şux gözlərin imana?
Özüm arifəm, söz seçənlərdənəm.

Budur yollanır sevgi kərvanları,
Yaşıl yurda çağrırlar insanları,
Var olsun görüm böylə dövranları,
O kərvanlar ilən köçənlərdənəm.
Tehran, Noyabr 1996


Yəqin Ulduzları

Pay götürdüm gözlərindən, qoy bütün varlıq talansın,
Dövlətim var, qoy bu heşmət cümlə afaqə dayansın.
Yollar aydındır, ürəklər nurlu, məqsəd bəlli başlı,
İstərəm, baxtım gülüb, tale cırağım bir də yansın.
Mən cəvan könlümdə yazlar bəslədim, dövran yaşatdım,
Bəlkə bu yaşıllığa dağlar, aranlar da boyansın.
Eşq olan yerdə gözəldir ağrı duymaq, qayğı çəkmək,
Mən inandım, cümlə insan kaş bu mə’nayə inansın.
Zülmətin qoynunda gör parlaq yəqin ulduzlarım var,
Badənin aydın cırağı qoy cəvan əllərdə yansın.
Gəldi bir dövran, söz üstündən sinəmdə söz qalandı,
Mən həqiqət yazdım ancaq, kim nə mə’na qansa qansın.
Böylə bir söz var ki, Rəfrəf indi bizlərdən dönübdür,
Qoy təriqət dəblərin, şairdi, beş gün dansa, dansın.
Tehran, Dekabr 1996


Hekmətdən Sual Olmaz

Sən ulduzdan yaranmışdın, bəşərdə bu cəlal olmaz,
Bütün aləm sönüb məhv olsa, bu mülkə zəval olmaz.
Nəhayət, taleim doğdu, sən üz qoydun bu sevdayə,
Hər üz təl’ətdə, hər lö’bət gözəllikdə misal olmaz.
Özün bir od gətir, çoxdan bu məşriqlər günəşsizdir,
Uğursuz bir axan ulduzla bu zülmətdə fal olmaz.
Üfüqlərdən çatan səslər o sonsuz mahnılardandır,
Bu aləm var olandan böylə bir şirin xəyal olmaz.
Bir atdım yol nədir sevdalı insanlar olan yerdə,
Bitər fürsət, qalar nisgil, keçər dövran, məcal olmaz.
Yazan xoş yazdı bu təqdiri, mən düşdüm bu qövğayə,
Könül bir hökmə üz qoyduqda hekmətdən sual olmaz.
Bu tufanlarda daim eşq ocaqları yanar olsun,
Yaman bu yolda, yoldaş heç kəsə, dövlətlə mal olmaz.
Tehran, Yanvar 1997


Səlam Almadı, Keçdi

Söylədim mutlu zamanlarda səlam, almadı, keçdi,
Sundum eşqin bulağından dolu cam, almadı, keçdi.
Nə bilim, xatirə ya çağrış ya bir haray idi,
Sanki, bir dalğa dənizlərdə qəvam almadı, keçdi.
Dedim: “al könlümü, bu ölkə sənin, yurd sənindir”,
Ulu bir xaqan idi, Misr ilə Şam almadı, keçdi.
Məsləkim eşq idi, məş’əllərim ulduz kimi parlaq,
Söylədim: “al, qoy ucalsın bu inam”, almadı, keçdi.
Son ümidin üzülən vaxtı gumanım cana gəldi,
Dedim: “al”, söylədi “bitsin bu məram”, almadı, keçdi.
Qollarım bağlı, dizim qançır, ayağım yalın idi,
Gəldi dəhşətli bu bazarə, qulam almadı, keçdi.
Şairin vəsli mahal oldu, yaman nisgili qaldı,
Dəhrdən bir-iki xoş saəti vam almadı, keçdi.
Tehran, Mart 1997

No comments:

 
Site Meter Site Meter