Tuesday, January 6, 2009

Yeni Əfsanə

Yeni Əfsanə
Yaz açıldı, könül istər, yeni əfsanə desin,
Yeni sevdayə boyansın, yeni cananə desin.
Ruzgarın anası bəslədiyi bir gözələ,
Salsın öz rəğbətini, vəsfini dürdanə desin.
Sübhə tək sevgilinin sinəsinə baş qoysun,
Qoy cavandır, hara istər, ora kaşanə desin.
Şux baxışları ilən dəhrdə sərxoş qalsın,
İki ceyran gözə bir kəlmədə meyxanə desin.
Bir könül ki iki yüz min səsi birdən dinlər,
İndi yetmiş iki millət ona divanə desin.
Zülfün öz qaydası aləmdə pərişanlıqdır,
Kim ona badi- səba, kimsə də qoy şanə desin.
Rəfrəf eşq ilə cəsarətdən əbəsdir söz edə,
Yaraşandır ki, odun rəmzini pərvanə desin.
Tehran, May 2002



Ayət

İnsaf edən olsaydı, qan aləmi tutmazdı,
Öz əhdini insanlar dövranda unutmazdı.
Sən Ildırım olsaydın, bu göylərə çaxmazdın,
Daşqın Araz olsaydın, bu yerlərə axmazdın.
Hər kəs bu ziyafətdən bir pay götürüb keçdi,
Bu şövkət ilən şanı heyrətlə görüb keçdi.
Kəndi yıxılan kimsə ah ilə fəğan etməz,
Xam arzular üstündə öz bağrını qan etməz.
Xoşdur ayaq üstündə ölmək bu sürünməkdən,
Mə`nasız olan yerdə mə`nalı görünməkdən.
Qızğın bir ocağı sən sönmüş nə üçün sandın?
Aləm odu var saydı, sən buzlara qurşandın.
Sönmüşsə əgər atəş, artıq əli yandırmaz,
Hər hansı təmənnanı insanda oyandırmaz.
Artıq dəli bu könlün toxtaqlığı başlanmış,
Dəhşətli o çığrışlar dövranda yavaşlanmış.
Qoy bu qoca dünyanın öz rəsmi dəvam etsin,
Qoy məndəki üsyanı bu faciə ram etsin.
Qoy faciələr dinsin, bizlərdə cəsarət yox,
Şərh erməyə bizlərdə bu sirri məharət yox.
Hər kim ata mindiysə, afaq ona yol verməz,
Hər kimdə kitab olsa, bu talei ön görməz.
Bir məş`əlim olsaydı, bu zülməti yaxmışdım,
Aydın su kimi cümlə afaqdə axmışdım.
Vur- tut mənə qalmışdır hissim və o sərt andım,
Bu nifrəti aləmdə hər şeydən əziz sandım.
Sən nifrətə seyr eylə, bir gör nə müqəddəsdir,
Nifrət səsi sinəmdən afaqə çatan səsdir.
Söz zərfi zamandırsa, susmaq əbədiyyətdir,
Bir mö`cüzədir xilqət, söz bir ulu ayətdir.
Bir kəlmə danışsaydın, bu faciə düşməzdi,
Su başdan aşıb, könlüm üsyanə yetişməzdi.
Saəetlər ötüb- keçdi, dincəlmədi bu gözlər,
Sinəmdə qalanmışdı həsrət dolu haq sözlər.
Qalmışdı nə bir səs bu aləmdə nə bir kimsə,
Artıq hədər olmuşdu, hər kəlmə ki verdimsə.
Mən onda ki susmuşdum, bir zəlzələ dilləndi,
Yaxşıyla yaman fərqi birdən- birə bəlləndi.
Əllər də günahkardı, dillər də günahkardı,
Torpaq da, təbiət də, yellər də günahkardı.
Sən faciədən sorma, afaq özü şahiddir,
Çatlaq bu divar ilə bu taq özü şahiddir.
Alqışlarımız birdən fəryad ara məhv oldu,
Fəryadıma alqışlar dövranda cavab oldu:
İbrahim üçün, ey od, sağlam və sərin davran,
Şövkətli bu dövranı bir sehrli ayət san.
Tehran, Janvar 2000



Dizəcdə Ədəbi Qurultay


Rəhmətlik Əli Kəmalinin təşəbbüsüylə
Dizəc qəsəbəsində keçirilən ədəbi yığnaqla bağlı xatirə

Çatdı dövran, dedilər: “şanlı qurultay olacaq,
Deyilən söz bizə bürhanilə fətvay olacaq.
Sadiq olsun deyə öz andına, öz ilqarına,
Düşdü bir qafilə şövq ilə Dizəc yollarına.
Dizəcin, kimsə inanmazdı ki, cənnətdi yolu,
Hava başdan-başa bir şanlı səadətlə dolu.
Yol üfüqlərdə buludlarla qovuşduqdanmı,
Yoxsa şən duyğularım sinədə coşduqdanmı,
Nə zamansız, necə sonsuz görünürdü bu səfər,
Sankı aləmdə nə bir qüssə var idi, nə kədər.
Axşam olcaq qocaman köylərə kərvan gəldi,
Haydı, bir məş’əl alışdır, bizə mehman gəldi.
Bir dəyirman kimi göylərdə fələk dönmüşdü,
Günəş ətləs donunu toplayaraq sönmüşdü.
Ayla, ulduzla, bu dövranilə insan haqdır,
Hər qaranlıq gecənin arxası aydınlıqdır.

Səhər olduqda qurultay deyə yollanmışdım,
Mən əzəldən ulu hekmətlərə heyranmışdım.
Başı sevdalı cavanlar mənə yoldaş oldu,
Qocaman dəhrdə bir mutlu zaman doğruldu.
"Çox qalır, başlana o şanlı qurultay," – dedilər,
"Bulmasan bir də bu saətlərə sən tay," – dedilər.
"Bu şərab ayrıdı, bu bəzmilə mehman ayrı,
Bu cəlal ayrıdı, bu şöhrət ilən şan ayrı.
Ömrdən bizlərə pay cümlə bu nar kölgəsidir,
Başda sevda duyan, insanların ən bilgəsidir.
Xoş onun halına kim, dəhrdə yar-yoldaşı var,
Əql sərmayəsi boldur, ovucunda qaşı var.".
"Kimdə qaş var isə, şimşək onu yaxmaz," – dedilər,
"Hər kəsin niyyəti xoş, ulduzu axmaz," – dedilər.
Dizəcin çevrəsi göm-göy obaların yeridir,
Uca dağları Koroğluyla Nigarın yeridir.
Ənginar ətri bu dövranı bütün məst eləmiş,
Ağ buludlar bütün afaqə təravət çiləmiş.
Könül aydınlığını sakit axan çayda görür,
Öz kiçik haqqını bu dəhrdən insan götürür.
İştiyaqım günəş afaqı yaxandan bəridir,
Ala gözlər mənə sevdalı baxandan bəridir.
Görünür indi üfüqdə sıralanmış gəmilər,
Sankı mavilərə şövq ilə gedir sevgililər.
Mutlu çağlarda çıxan qarşıma fürsətlər tək,
İllənən badələr ilən dolu bir sağər tək,
O cavan sevgili gözlər mənə dövran oldu,
Könlümün qayəsi istəkli bir insan oldu.

Aləmin fitrəti birdən-birə təğyir etdi,
Ötüşən fırtınalar xilqətə tə’sir etdi.
Boz buludlar bu ziyafətlərə mehman gəldi,
Əldə məş’əl götürüb, sinədə Ümman gəldi.
Ildırım hay qoparıb, sarsıdaraq hər yanı,
Öz qılıncıyla kəsib-doğradı bu dövranı.
Göz önündən neçə min atlı alayları qoşur,
Yayılır çöllərə səs, dəhrdə fəryad oluşur.
Göy nəsillər boyu insanlara səslənmişdir,
Səslənərkən bizə, tarix özü bəslənmişdir,
Kim bilir, fırtınadır, yoxsa ibadətdir bu,
Ya təbiətlə qoşa köhnə bir adətdir bu.
Ya min illərcə sürən bir qocaman hadisədir,
Ya da bir qəsr ki, düşmüş adı dildən dilədir.
Biz, yəqin, bu qocaman hadisələrdən bir izik,
O qədim qəsrlərin köhnə uçuqları bizik.
Bizə yağmur ilə göy qurşağı yoldaş oldu,
Fani insan bu təbiətlə könüldaş oldu.

Mən o məhfillərə çatdıqda zaman ötmüşdü,
Çoxlu fürsətlərə baxdım, tükənib, bitmişdi,
"Başlanıb, xeyli zamandır, o qurultay," – dedilər,
"Qəflət ilən bu ömürdən kim alıb pay?" – dedilər.
Söylədim: "Ey yaradanlar bizə fəxr ilə şərəf,
Uca qamətləriniz elmdə sonsuz bir səf.
Doğrudur, mən bu qurultaydan uzaq qalmışdım,
Amma bir başqa qurultayda qərar almışdım.
Cümlə afaq bu məbhəsdə bulunmuşlardı,
Öz dərin hekmətini insana sunmuşlardı.
İştirak eylədilər ağ sonalar, tərlanlar,
Bu yaşıl sahili şövq ilə gəzən ceyranlar.
Torağaylar, ucalan göylərə qartal quşlar,
Cümlə fəxr ilə şərəf zirvəsinə qonmüşlar.
Göy yamaclar, duman ilə dolu sonsuz dərələr,
Uca dağlardakı mavilərə qalxan bərələr.
Ildırımlar, bütün afaqı tutan yağmurlar,
Yayılan hər yana ətləs kimi parlaq nurlar.
Şairin, arifin ilhamı təbiətdəndir,
Cümlə irfan ilə elm ordakı vüs’ətdəndir.".
Rəfrəfin könlü ziyafətlərə mehman oldu,
Bizə bu xatirə hekmət dolu dəstan oldu.
Tehran, Sentyabr 1997

No comments:

 
Site Meter Site Meter